Bəs söz vermişdik...
“Qalu-Bəla” deyəndə bir çox müsəlman bunun nə demək olduğunu bilir. Rəbbimiz Adəm oğullarının bellərindən gələcək nəsilləri yığaraq “Mən sizin Rəbbiniz deyiləmmi?” dedi və onlar da “Bəli, belədir” deyərək özləri özlərinə şahid oldular. Allah bizi bizə şahid tutdu ki, biz Allahı Rəbb olaraq tanımışıq... Allah insan oğluna ağıl verdi, vəhy endirdi və “andını xatırla” deyərək onu dünya imtahanı ilə baş-başa buraxdı. Bu “ağıl” deyilən nemət elə bir vasitədir ki, vəhy ona bələdçilik eləməsə insanı çox təhlükəli uçurumların kənarına sürükləyə bilər. Onlardan biri də elə “Qalu-Bəla” məsələsidir. Yeni “ağılçı” bəzi fikir adamlarının təsirində olan bəzi müsəlman qardaşlarımızdan belə bir söz eşidirik: “Mən Qalu-Bəla hadisəsini xatırlamıram...” Bəs biz nəyi xatırlayırıq ki?
Hamımız Həzrət Adəmdən pöhrələnən insanlıq ağacının bir budağının bir yarpağı olduğumuza görə, əslində, heç olmasa ulu babamızdan bu yana olub-bitənləri xatırlamalı deyilikmi? (əgər xatırlamaq təkcə bizim yaddaşımızdan ibarətdirsə).
Bir vaxtlar atamız Adəm ona qoyulan qadağanı pozduqdan sonra peşman olmuş və demişdi: “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana düşənlərdən olarıq!” (əl-Əraf, 23) Bir çox işlərimizi kor-koranə “ata-babamızdan belə görmüşük” deyərək yerinə yetirən bizlər ulu ata-babamızı, görəsən, niyə xatırlamırıq?
Bir vaxtlar Rəbbinə və ilahi vəhyə asi olan oğlunu da gəmiyə almaq istəyən Həzrət Nuha onun oğlunun pis hərəkəti xatırladılanda demişdi: “Ey Rəbbim! Haqqında məlumatım olmayan bir şeyi səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana düşənlərdən olaram!” (Hud, 47) Milli məsələlərdən söhbət açılanda bəzən özümüzü Nuhun filan oğlunun nəslindənik, digərlərini də filan oğlunun nəslindəndir, deyə ayırarıq. Bəs ulu babamızın bu yalvarışını, “Rəbbimizin məğfirətinə nail olmasaq həlak olacağıq” nidasını niyə xatırlamırıq?
Bəs hanı, adını bir çoxumuz övladlarımıza sevərək verdiyimiz böyük peyğəmbər Həzrət İbrahimin qanımıza, canımıza, ruhumuza işləyən təslimiyyəti? Halbuki Rəbbimiz onu bizə Qurani-Kərimində belə xəbər verir: “Rəbbi İbrahimə: “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” – deyə cavab vermişdi”. (əl-Bəqərə, 131) Nə oda atılanda, nə diyar-diyar gəzib çölləri aşanda, nə oğul-uşağını kimsəsiz, susuz çöllərdə (Məkkədə) tərk edəndə, nə də oğlunu bıçağın altına yatırıb röyasını gerçəkləşdirəndə bu təslimiyyətindən bir zərrə olsun firar etmədi. Biz onu beləmi xatırlayırıq?
Bir zamanlar insan oğlunun müalicə sahəsinin zirvəsində olduğuna inandığımız Həzrət Loğman (ə.s) oğluna vəsiyyətində deyirdi: “Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) qarşılaşacağın çətinliklərə səbir göstər. Həqiqətən, bu (dediklərim) böyük(əzmkarlıq tələb edən) əməllərdəndir!” (Loğman, 17) Biz öz oğul-uşağımıza belə deyə bilirikmi? Ya da atalarımızın bizə belə dediyini xatırlayırıqmı?
Bəs söz vermişdik “ləilahə illallah” deyəndə, Ondan başqa ilah tanımayacaq və Onun rəsulu vasitəsilə göndərdiklərini həyatımzın tək məramı kimi mənimsəyəcəkdik? Bizim adımıza (çünki O (s.ə.s) hal-hazırda sağ olsaydı yəqin ki, hər birimiz gedib eyni şərtlərlə bunun eynisini ürəkdən, səmimiyyətlə edərdik...) mədinəlilər getdilər onun yanına: Aqabəyə, beyət etməyə... (Bütün möminlər adına) Söz verdilər: “Allaha heç bir şəkildə şərik qoşmayacağıq, oğurluq etməyəcəyik, zinaya yaxın durmayacağıq, qız uşaqlarını diri-diri torpağa basdırmayacağıq, heç kimə iftira atmayacağıq, Allah və rəsuluna həmişə itaət edəcəyik... Uşaqlarımızı, ailələrimizi, yurdumuzu qoruduğumuz kimi sahib çıxıb qoruyacağıq səni və sənin gətirdiklərini...”. Onlar verdikləri sözü tutdular və ənsar oldular, sevimli əshab oldular... “Allah onlardan razı qaldı, onlar da Allahdan razı ...”(ət-Tövbə 100) ayəsi ilə şərəfləndilər... Bəs biz? “La ilahə illallah” deyən hər kəs adına verilən bu sözü, kəsilən bu şərti xatırlayırıqmı? Yoxsa bunu da “Qalu-Bəla” kimi, “mən orada yox idim, xatırlamıram” deyərək qulaqardınamı vururuq?
Axı söz vermişdik, Qurana yapışacağımıza, Allahın ipindən ayrılmayacağımıza... Gövdəsi kəsilən qoca bir ağacın budaqları kimi ətrafa səpələnmiş bu halımız bizə nəyi xatırladır görəsən?
Hüneyn döyüşündə dağılışan müsəlmanları yığmaq üçün haray çəkən Həzrət Abbasın: “Ey Aqabədə beyət edənlər! Ey Rizvan ağacı altında beyət edənlər...” deyə səslənişi görəsən hansımızın qulağında çınlayır?
“Qalu-Bəla”nı xatırlamıram deyən insan, görəsən o günü xatırlasa dəyişərdimi? Halbuki şeytan nəinki o günü xatırlamaq, Allahın mübarək xitabına məzhər olduğu halda, dərgahında onun açıq nəzərinə şahid olduğu halda asi olmuş, təkəbbür göstərmiş və qovulanlardan, həlak olanlardan – ziyana düşənlərdən olmuşdu...
Qurani-Kərim: “Ey iman gətirənlər! İslamı bütövlükdə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o, sizə açıq-aydın düşməndir” (əl-Bəqərə, 208) buyurmaqdadır. Bəs indi bunu da xatırlamırıq?
ŞƏRHLƏR