ANDINI XATIRLA, İNSAN OĞLU!
Uca Yaradan Qurani-Kərimdə belə buyurur: “Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının sülbündən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyə soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab vermişdilər”. (əl-Əraf, 172) İslam insanı sadəcə bu gün göründüyü halı ilə ələ almır.
Onu zamanın gerisindən gələn ruhu ilə bir bütün olaraq dəyərləndirir. Bu ayə bizə hələ dünyaya gəlmədən əvvəl Haqq-Təalanı ruhumuzla təsdiq etdiyimizi, Onun varlığını qəbul etdiyimizi yada salır. Hələ dünya yox ikən, biz ana bətninə düşmədən, yerlə göy yaranmadan Allahın Rəbbimiz olduğunu birağızdan təsdiq etmişik əslində. Təəssüflər olsun ki, zamanla günaha dalan, üsyan bataqlığında kirlənən insan bunu xatırlamaqda çətinlik çəkir. Həyatı mədə və şəhvət məhvərində yaşayanlar hər gün ruhlarından bir az da uzaqlaşaraq ilk günkü təmizliyi, saflığı itirdikləri üçün ruhlarından gələn bu səsi eşidə bilmirlər. Ruhla insan arasına girən dünya pərdəsi ona belə bir hadisənin varlığını, Uca Yaradan qarşısında verilmiş vədi unutdurur. Öz həmcinslərinə verdiyi hər bir vəddən dönüş onu ruhlar aləmindəki vədindən bir az da uzaqlaşdırır. Allahı unudan, Ona verdiyi sözü unudan insan xəlifə olaraq yaradıldığı dünyada əsl missiyasından uzaqlaşır. Hər bir üsyanımız, işlədiyimiz hər bir günah əslində bizi əsfələ-safilinə, yəni aşağıların ən aşağısına doğru aparan bir addımdır.
Yer üzünün ilk cinayəti ilk insan olan Həzrət Adəmin oğlu Qabillə başladı. İnsan oğluilk insan qətli, qardaşa xəyanət, ata sözündən çıxma, Allaha qarşı gəlmə ilə unutdu verdiyi vədi, içdiyi andı. Qəlbə düşən bir qara nöqtə zamanla çoxalmağa başladı, günahı ilk dəfə işləməyin çətinliyi zamanla yox oldu, batinimiz kirləndi, beləliklə, insan oğlu ruhunun səsini duymaz oldu.Nəzərgahi-ilahi olan qəlbimizə düşən bir qara ləkə xərçəng kimi bütün mənliyimizi, varlığımızı bürüdü. Halbuki dünya çəmbərində istiqamətini itirən qullarına peyğəmbərlər göndərən Allah hər bir nəbisi ilə ona ruhlar aləmində verdiyi sözü xatırlatdı. Yenidən beyət etməyə çağırdı insanı. Bütün peyğəmbərlərə və Xatəmul-Ənbiya Həzrət Muhammədə beyət əslində qulun Rəbbi ilə beyətinin xatırlanmasıdır. Bəşəriyyətə göndərilən hər bir ilahi kitab, hər bir peyğəmbər bizə unutduğumuz bir şeyi xatırladır: Andını xatırla, insan oğlu! Verdiyin sözü xatırla! Məsuliyyətini xatırla, kimliyini xatırla!Müqəddəs kitabında buyurulan“Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar onu yüklənməkdən qorxub çəkindilər. Onu insan yükləndi. Həqiqətən, o, çox zalım, çox cahildir”. (əl-Əhzab, 72) ayəsini xatırla. Xartırla ki, dağların, yerin və göylərin daşıya bilmədiyi yükün altında əzilməyəsən. İnsanlıq yenidən cücərsin, insanlıq ağacı yenidən mərhəmət, şəfqət, sevgi, barış, qulluq, şərəf, ləyaqət meyvələrini versin. Küçələrdən fəryad səsi gəlməsin, ana laylasını atılan mərmi səsləri batırmasın, heyvanların bədənindən diri-diri soyulan dəriləri insana fəxarət libası olmasın. Aclarla paylaşılsın hər tikə, valideyn olmaq sadəcə uşağı dünyaya gətirməkdən ibarət qalmasın. Söyülməsin analar, döyülməsin atalar, qız uşaqları ana bətnində diri-diri toprağa gömülməkdən betər olmasın. Ticarət adına gələcəyimiz olan nəsillərə zəhər satılmasın küçə tinlərində, məxluqata şəfa saçmalı olanlar bakterioloji müharibənin cəlladına çevrilməsin.“Əhsəni-təqvim”dəngəldiyini unutma! Qalx, içindəki kini, nifrəti qov! Nəfsinin hər dediyinə boyun əyib şeytanla şəriklikdən çəkin! Yenidən cücərsin ümidlər, məhv olmasın körpələr.
Bütün əzalarımız, vücudumuzdakı hüceyrələr, ətrafımızda baş verənlər hər gün bu həqiqəti təkrar edib durur... Ruhumuz bu gerçəyi durmadan qulağımıza pıçıldayır: Andını xatırla!
Bədənini tərk etmədən ruhunun səsini eşidənlər necə də xoşbəxtdirlər.
ŞƏRHLƏR