ALLAHA GÜVƏNİB YALNIZ ONA TƏVƏKKÜL ETMƏK
Hər bir dövrdə olduğu kimi, bu gün də Allaha güvənib təvəkkül etmək mövzusu ən aktual məsələlərdəndir. Təvəkkül -hər bir işdə Allaha güvənmək, bütün işlərimizi Allaha həvalə etmək deməkdir. Bir növ Allahı hər bir xeyirli iş üçün vəkil tutmaqdır. Bu baxımdan təvəkkül bütün səbəb və vasitələrə sarıldıqdan sonra işlərin nəticəsini Allaha həvalə etməkdir.
Bu gün biz təvəkkülü də bəzən doğru anlamırıq. Kimisi təvəkkülü heç bir səbəbə, vasitəyə üz tutmadan işləri sırf Allaha həvalə etməkdə görür, kimisi də səbəblərə, vasitələrə həddindən artıq əhəmiyyət verib Allaha təvəkkülü unutmaqdadır.
Bəs necə təvəkkül etməliyik?
1-Yaxşını, pisi, xeyir və şəri, hər şeyi Allah-Təalanın yaratdığına inanacağıq. Hər şeyin yaradıcısı Allah-Təaladır. Bir ayeyi-kərimədə buyurulduğu kimi: “Sizi də, işlərinizi də yaradan Allahdır”. (əs-Saffat 96)
2- İşlərin yerinə yetirilməsi üçün heç bir səbəb lazım deyil deyilərsə, Allah-Təalanın qoyduğu səbəb və vasitələri inkar etmiş olarıq;bir uşağın dünyaya gəlməsi üçün ata-anaya ehtiyacı olduğu kimi;xəstənin şəfa tapması üçün həkimə və dərmana müraciət etməsi kimi.
3- Səbəblər lazımdır, səbəbsiz olmaz deyəriksə, sadəcə səbəblərə güvənmiş olarıq ki, bu zaman tövhid nöqsan olar. Bir körpənin dünyaya gəlməsini sırf ata-anaya da bağlaya bilmərik. O qədər ailələr var ki, övlad sahibi deyillər. Eyni zamanda Allah-Təalaata-anasız da uşaq yarada bilir. Həzrət Adəm ilə Həzrət Həvvanı ata-anasız, Həzrət İsanı isə atasız yaratmışdır. Sadəcə səbəblərə güvənməyəcəyik, səbəbləri yaradanın da Allah-Təala olduğunu biləcəyik.
Həzrət İbrahim (ə.s) mancanaqla tonqala atılarkən: “ Hasbiyəllah və niməl vəkil”- Mənə Allahım yetər, O, nə gözəl vəkil, nə yaxşı yardımçıdır,- demişdi. Tonqala atılarkən Hz.Cəbrayıl (ə.s) gəlib:“Ey İbrahim! Hər hansı bir istəyin varmı?”- deyə soruşduqda, “Var, fəqət səndən deyil”,-deyərək sözünün əri olduğunu göstərdi.Bunun üçün ayeyi-kərimədə: “(Sözünün əri olan) əhdinə vəfa göstərən İbrahim” (ən-Nəcm, 37) deyilərək öyüldü.
Təvəkkül qəlb işidir, imandan meydana gəlir. Allah-Təalanın lütf və ehsanının çox olduğuna iman etməklə hasil olur. Bu hal qəlbin vəkilə etimad etməsi, güvənməsi, ona inanması və onunla rahatlıq tapmasıdır. Belə bir insan səbəb və vasitələrə sarıldıqdan sonra dünya malına könül bağlamaz, dünya işlərinin pozulmasına görə üzülməz. Öz ruzisindən əndişə duymaz.Xəstəlik halında da Ona təvəkkül edib şəfa diləyər. Mömin insan Allah-Təalaya könüldən bağlanıb doğru bir şəkildə təvəkkül etməli; “Allah bizə yetər. O, nə gözəl vəkildir” ayəsini dərindən anlayıb, ruzi bölgüsünə inanmalı, vaxtı gəldiyində mənə də yetişər deməyi bacarmalıdır.
Yer üzündəki hər bir canlının ruzisi əzəldən təyin olunmuşdur.
Günümüzdə ən aktual məsələlərdən biri də, insanların yemək-içmək və məişət əndişəsidir. Çox vaxt halal-harama diqqət yetirilmir, mənəvi duyğular itirilir, sadəcə para-pul düşünülür. Buna görə də ailə üzvlərinin bir çoxu işlədiyi, pul qazandığı halda, yenə də məişət sıxıntısı çəkən insanlar var. Nə üçün? Çünki yalan danışılır, hiylə edilir, insan haqları qorunmur, işçi və sahibkar hüquqlarına riayət olunmur. Bundan əlavə israfa yol verilir, artıq və lüzumsuz məsrəflər edilir. Kreditlə və faizlə alıb-satmaq halları çoxalır. Sonra da deyirik ki, bəs dolanışığımız, güzəranımız yaxşı deyil. Allah bizlərə yardım etsin! Hələ bunlara baxmayaraq Allah bizlərə öz nemətlərini göndərirsə, buna da şükür!
Hədisi-şəriflərdə buyurulur:
“Allah-Təala özünə sığınıb güvənənin işinə yetişər,heç ummadığı yerdən ona ruzi bəxş edər”. (Beyhəqi)
“İnsan öz ehtiyaclarınıAllah-Təalaya həvalə edərsə, ehtiyaclarını (təmin edəcək səbəbləri) Allah-Təala göndərər”.(Hakim)
Allah-Təala yaratdığı hər bir məxluqun son nəfəsinə qədər nə yeyib-içəcəyini təyin etmişdir. Alimlərdən birinə: “Görürük daha çox elmlə, ibadətlə məşğulsunuz, bəs nə yeyib-içirsiniz?”- dedilər. O da dişlərini göstərərək: “Dəyirmanı düzəldən onun suyunu da göndərər”,- cavabını verdi. Çünki ruziləri Allah-Təalanın göndərdiyinə inancı və etimadı böyük idi. Allah-Təala buyurur:
“ Yer üzündəki hər bir canlının ruzisini Allah, əlbəttə, göndərir”. (Hud, 6)
ŞƏRHLƏR