“İNSAN” OL,“İNSANLAR”LA OL!
Allah bəşərövladını insan olaraq yaradaraq ona böyük bir lütf bəxş etmişdir. Bu lütfünün isbatı olaraq da ona ağıl vermiş və bütün məxluqatı xidmətinə vermişdir. Bu mənada Qurani-Kərimdə “Biz insanı ən gözəl biçimdə xəlq etdik”(ət-Tin 4)buyurulmuşdur. Odur ki, hər bir insanın insanlıq borcudur ki, Uca Xaliqinin tələblərinə uyğun şəkildə “insan” olsun. Əks təqdirdə Quran ifadəsi ilə “Rəzillərin rəzili” (ət-Tin 5) olar. Yəni Allahın nəzərində, ən mükəmməl şəkildə xəlq etdiyi varlığın heç bir dəyəri olmaz. İnsan “insan” olduğu üçün dəyərlidir.
İnsanlıq xüsusiyyətlərinin yerinə zənginlik və gücün hökm sürdüyü dövrdə yaşayırıq. Qlobal quldarlıq hər şeyimizi öz əsarətinə aldığı kimi, dini həssaslığımızı da istismar etmək üçün hər cür vasitələrə və tələlərə əl atır. İnsanlığı qoruyub mühafizə etmək üçün bu tələlərdən qurtulmaq, öz milli-dini əsaslarımıza sahib çıxmaq lazımdır. Vaxtaşırı (mənəvi) güzgüyə baxaraq özümüzə baxmalı və dini tərəzidə çəkilməliyik. Tərəzinin bir gözünə Quran və Sünnənin hökmlərini qoymalı, digər gözünə də özümüzü yerləşdirməliyik. Mövlanə Cəlaləddin Rumi həzrətlərinin bu ifadəsi necə də duyğularımızın tərcümanıdır; “Bir kimsə inciyəcək, yaxud da utanacaq deyə güzgü və tərəzi doğrunu söyləməkdən çəkinərmi?! Ayna da, tərəzi də yüksək məhək daşıdır. Xatirim üçün doğrunu gizlə, artıq göstər, əskik göstər!-deyərək yalvarsan onlar sənə cavab verərlər ki, heç kəsi özünə güldürmə, ayna və tərəzi qarşısında hiyləgərlik etmək mümkünmü? Bizim doğruluğumuz olmasaydı, Allah bizim vasitəmizlə gerçəklərin tanınmasını istəyərdimi?” Deməli, insan olduğumuzu xatırlamaq və insanlığımızı ölçmək üçün mütləq bu vasitələrə müraciət etməliyik. Güzgüyə baxdıqda Həzrət Əbu Bəkrin sədaqətini və gözəlliyini də görə bilərik, Əbu Cəhlin hiyləgərliyini və nadanlığını da. Rəvayət olunduğuna görə bir gün Hz. Peyğəmbər (s.ə.s) bir məclisdə oturarkən Əbu Cəhl gəldi və diqqətli şəkildə Onun üzünə baxdıqdan sonra belə dedi: “Ey Muhamməd! Sən nə qədər çirkin sifətli, diksindirici bir insansan”. Peyğəmbərimiz (s.ə.s) bu ifadələrə heç qəzəblənmədi və ona: “Doğru deyirsən,ey Əbu Cəhl!”- deyə cavab verdi. Peyğəmbərimizin (s.ə.s) ətrafındakılar heç bir şey anlamadılar. Bir müddət sonra eyni məkana Hz. Əbu Bəkr gəldi və Peyğəmbərimizə (s.ə.s) “Anam-atam sənə fəda olsun,ya Rəsulallah! Sən nə qədər gözəl üzlü, xoş görkəmli və şirin dillisən. Mən səndən başqa bu qədər gözəlbir insan görməmişəm”,- dedi. Hz. Peyğəmbər (s.ə.s) ona da: “Doğru dedin,ya Əba Bəkr”,- deyərək cavab verdi. Bu mənzərə qarşısında çaşıb qalan əshabələri Hz. Peyğəmbərimizə belə sual ünvanladılar: “Biri sizə çirkin dedi və Siz onu təsdiqlədiniz. Eyni şəkildə digəri də sizə gözəl olduğunuzu dedi, onu da təsdiqlədiniz. Bu necə olar axı? Bizə izah edə bilərsinizmi?” Həzrət Peyğəmbər (s.ə.s)onlara belə cavab verdi: “Mən güzgüyəm. Kim mənə baxarsa öz surətini görər. Əbu Cəhl öz çirkinliyini, Əbu Bəkr isə özündəki nuru və gözəlliyi məndə gördü”. Odur ki, bizim tərəzimiz Quran ayələri, güzgümüz də Peyğəmbər kəlamlarıdır. Xoş halına o kimsələrin ki, onlar hədis güzgüsünə baxdıqda orada səmimiyyəti və əsl insanı görə bilirlər.
İnsanlığımızı bizə xatırladacaq bir xüsus da ətrafımızdır. Psixoloqların da isbat etdiyi kimi, insan ətraf mühitindən təsirlənən varlıqdır. Bu mənada Qurani-Kərimdəki “Sadiq və salehlərlə bərabər olun”(ət-Tövbə 119) əmrinin mənası daha da yaxşı başa düşülür. Dürüst, saleh insanlarla bərabər olan insan əsl insan olma yolunda addımlayan kimsədir. Çünki onlardan təsirlənəcək, onların müsbət halından pay götürəcək.Gül bağçasından gələn insandan gül ətri gəldiyi kimi, leşxanadan gələn insandan da leş iyi gələr. Leşlərin olduğu yerdə arını axtarmaq nə qədər əbəs isə, güllükdə də siçovul axtarmaq bir o qədər əbəsdir. Bu mənada Allahın xoşnud olduğu məkanlar gül bağçası, xoş görmədiyi məkanlar da leşxanalardır. İnsan olmaq üçün güllərdən bal toplayan arı olmaq lazımdır. Yoxsa mayböcəyi kimi ancaq qığ yumalayar və qığların arasında olarıq. Hər kimə Allah və Rəsulunun nəsihətlərinin gözəl qoxusu fayda verməzsə, deməli, o, pis qoxulara alışmış bədbəxtdir.
Bataqlığa qərq olmağa doğru gedən dünyada “ən gözəl biçimdə yaradılmış insan” olduğumuzu unutmamalıyıq. Bataqlıqda ətirli gül olmaq və olmağa çalışmaq əsl məqsədimizdir. Bataqlığa razı olanların və onun qoxusunu mənimsəyənlərin axırı “əsfələ safilin (rəzillərin rəzili)” olmaq olduğu kimi, bataqlıqda insanlara xoş ümidlər saçanların axırı da əbədi qurtuluşdur. İnsanlığını unutmadan insan olmağa çalışanlara müjdələr olsun!...
ŞƏRHLƏR