Mahmud Sami Kirazoğlu

Mahmud Sami Kirazoğlu

Ailədə Mahmud SamiƏfəndi

Mahmud Sami Ramazanoğlu həzrətlərinin vəfatının ildönümünə…

Əfəndimiz Həzrət Mahmud Sami babam hüzuruna özəl qəbul etdikləri xaric, söhbətlərində adını yazmağı bilməyəni və elmiylə arif olanı da, uşağı da, böyüyü də eyni cümlələrlə irşad edərdi. Anladan ariflər sultanı, dinləyən də arif olmalıdır ki, lazımi nəticə hasil olsun. Təbii ki, bu, ruhani məclis, irfan və ehsan məclisidir. Mən də onun nəvəsi olaraq ailədaxili münasibətlərindən bəzi xüsuslardan söz açmaq fikrindəyəm.

Əcnəbi bir atalar sözü var: “Heç bir kral köləsinə görə kral deyil”. Səbəbi odur ki, kölə sahibinin oturub-durmasına, camaat içində etmədiyi rahat hərəkətlərinə, hətta bir çox xətasına şahid olar. Lakin babam, o müstəsna insan hər zaman Allahın hüzurunda olduğu şüurunda idi. Uşaqlıq illərimizdən onun çöldə necədirsə evdə də o cür olduğuna şahidik.

Həddən artıq təvazökar idi. Mənəvi heybət, əmanətə riayət, mərhəmət, cəsarət və mətanət, səhvi üzə vurmamaq, comərdlik, sədaqət, ibadət, zöhd, təqva, məxluqata şəfqət, sevgi, ibadət əzmi, gözəl əxlaq, ədəb, saflıq, səmimiyyət, tərtib, üsul, davranış, təqdir, mükəmməllik, xor görməmək, məhəbbət, təslimiyyət, Allah eşqi, incitməmək, inciməmək, mənəviyyat, sevgiyə səbəb olan mülayim dil, hüquqa riayət, ədalət kimi peyğəmbərə xas sifətlərə sahib idi.

Hər namaz üçün əvvəlcədən dəstəmaz alıb azanın oxunmasını gözləyərdi. Dəstəmazı intizamla alardı. Suyun çox töküldüyünü görsə, xəfif şəkildə su qabını itələyərdi. Ona xidmət edəni həyəcan basardı. Mənim də başıma az gəlməyib. “Əcəba, mən ölmədən bu dəstəmaz bitərmi?” – deyərdim. İnsanı inanılmaz bir feyz bürüyərdi.

Namazı, qiyam, qiraət, rüku, səcdə, təhiyyatı tərtib üzrə idi. Hər halı, hər hərəkəti sanki şeir kimi idi. Sanki bir işin ən gözəl şəkildə görülməsinin nümunəsi idi.

Çox az olmaq şərti ilə gündə iki dəfə yemək yeyərdi. Əsasən şorbaya üstünlük verərdi. Bəzən başqa yerdən gələn yeməyi yeməz, amma bu barədə heç nə deməzdi. Təbii ki, biz də yeməzdik. Meyvənin çürük, yaxud xarab olmaq üzrə olan yerini yeməzdi. Həmin yerdə spirtləşmə olacağından qorxardı. Səhər yeməyi hazır olanda qaşığı ilə stəkanı cingildədərək bizi çağırar, baxmaqla doymadığımız gülər üzlə qarşılayardı.

Geyimi həddən artıq təmiz və sadə idi. Ev işlərində rəhmətlik xanımına kömək edərdi. Paxla kimi bəzi qida məhsullarını diqqətlə təmizləyər, yuyulan pərdələri asardı. Mismar vurmasından tutmuş dırnaq kəsməsinə, qələm yonmasına qədər hər işi sənətkarlıqla görərdi. Peşəmin tələbi olan qələm yonmağı mən babamdan öyrəndim.

“Sizdən biri hər hansı bir iş gördükdə onu mükəmməl etməsini Allah sevər” hədisi-şərifinə əsasən hər işi mükəmməl idi. Çünki Allah gördüyü işi ən mükəmməl şəkildə tamamlayanları sevər.

Bərbərə getməzdi, saçını təraş aləti ilə evdə xanımına kəsdirərdi. Uzun səyahətlərdə Mustafa Büyükbayram abi kimi mənəvi övladlarına da bu xidmət nəsib olmuşdu.

“Aslan yatağından bəllidir” atalar sözünü tez-tez işlədərdi. İstirahətə çəkilmədən əlini öpməyə gedəndə “əvvəlcə hacı ananızın əlini öpün” buyurardı. Hər dəfə ona tərəf getsək də, əvvəlcə nənəmizin əlini öpdürərdi. Nənəmizin xəbəri olmadan otağından çıxmazdı.

Hacı anamız da Mədineyi-Münəvvərədəki evimizdə arada bir qapı da olsa nəvəsinin evinə keçərkən babamın əlini öpüb iznini almadan bizə gəlməzdi. Allah-Təala dağa görə qar yağdırır. Belə bir mürşidə belə bir xanım.

1977-ci ilin aprel ayında ümrədə idik. Kəbədə axşam namazı qılındı. Təsbihatdan sonra gözləyirdik. Yatsı namazına qədər qalacaqlar, yoxsa otelə gedəcəklər? Birdən qulağıma əyilib xanımlar tərəfə getməyimi, hacı anamızdan qalıb-qalmayacağını soruşmamı istədi. O könüllər sultanı qalıb-qalmayacağı qərarı xanımı ilə məsləhətləşərək verir. Ailə hüququna dair irfan sahiblərinə mühüm bir dərs.

Biz orta məktəbdə oxuyarkən bütün ailə həccə getmişdi. Minada anam naxoşlayır. O qədər narahatlıq keçirir ki, bir daha övladlarını görüb-görməmək barədə fikirləşir. Mübarək babam içəri girib əlini anamın başına qoyur, cibindən iki üzük çıxardır və “Qayıdanda Mahmudla qardaşına verərsən”, – buyurur. Zahirən baxanda burada heç bir qeyri-adi hal yoxdur, baba nəvələrinə hədiyyə alıb sadəcə. Amma biz anlayırıq ki, anama “Türkiyəyə sağ-salamat gedib övladlarına qovuşacaqsan”, - deyir.

Ehtiyac sahibinə, pul da daxil, hər şeyin yenisini, ən yaxşısını hazırlayıb verərdi. Qüruruna toxunmadan ayağına gedərək, yaxud göndərərək ən gözəl şəkildə təqdim edərdi. Sədəqə verən verilənə minnətdar ədasına bürünərdi. Sonralar bu hədiyyə vermə ədəb və nəzakətini ən yaxşı Mərhum Musa Topbaş Əfəndi sərgiləmişdir.

Vaxt təyin edildiyi zaman erkəndən hazırlaşardı. Heç kim onu qapıda gözləməmişdir. Mülayim dillə danışar, insanlara nəzakətlə xitab edərdi. Heç vaxt ağzından kobud və nalayiq söz çıxmamışdır. Həzrət Peyğəmbərin sünnəsi üzrə həyat sürmüşdür. Danışarkən “həddən artıq”, “ən tez”, “çox çətin” kimi mübaliğəli sözlərdən istifadə etməzdi.

Biz də daxil olmaqla ömründə bircə dəfə də olsun tamamən uzanıb yatdığını görən olmayıb. Həmişə sağ böyrü üstə uzanar, əlini başının altına qoyar, bədənini yığaraq istirahət edərdi. Heç kimə lağ etməzdi. Əza nöqsanlığı və ya əlil kəlmələrini əsla işlətməzdi. Nəzakətlə xəbərdarlıq etdiyi halda anlamayanın xətasını üzünə vurmazdı. Ondan “Mən sənə demədimmi?” kimi bir ifadə eşitməmişik.

Uzun illər onunla bazara getdim. Heç vaxt qiymət öldürməzdi. Bütün satıcılar onlarla alver etməsi üçün yarışardılar. Təcrübədən keçirmişdilər, Əfəndimiz onlardan nə isə alanda işləri avand olmuş, qazancları bərəkətlənmişdi. Ona görə də israrla yanlarına dəvət edərdilər. Əgər pomidor, meyvə və ya göyərtiyə əli dəyibsə, çürük də olsa onu “ümidləndirdiyi üçün” alardı. Çünki onunla mənəvi alış-veriş başlamışdır artıq.

Satıcıdan piştaxtanın ön tərəfindəkilərdən verməməsini istəyərdi. Möhtacların gözünün qalmış ola biləcəyini fikirləşərdi. Bazara gedəndə içi görünməyən səbətlər götürərdi. Gətirdiyi çörəyi və bu kimi qida məhsulunu böyük bir dəsmala büküb elə gətirərdi.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz