Zəkəriyyə əmi

Zəkəriyyə əmi

Yaşanan hekayələr və yazılan hekayələr heç bir zaman başabaş getməyib. Bir dünya günündə bir milyard hekayə yaşanırsa, yazılan hekayə sayı yüz min belə deyildir.

Atamın dostlarından, yaşı doxsana yaxınlaşmış olan Zəkəriyyə əmi zərif, uzunsov üzü, yayda belə çıxartmadığı incə pencəyi və seyrək saqqalı ilə Mahmud Sami Ramazanoğlu əfəndinin tələbəsi olduğunu yüz metrdən bildirir. İnsan sevdiyinin rənginə, şəklinə və halına bürünür. Allahım, sən bizim içimizi-çölümüzü zalımlara, münafiqlərə, Əbu Cəhllərə bənzəməkdən qoru!

Zəkəriyyə əmini uşaqlığımdan bəri tanıyıram. Allah xeyirli, uzun ömür versin; onu tanıyandan bəri təxminən qırx il keçib. Zikrullahın və gecə namazı qılmağın bərəkəti ilə olar yəqin, cavan oğlan kimi möhkəm və gümrah görünür. 20-30 il əvvəl gördüyüm Zəkəriyyə əmi nə idisə, indi də yenə odur.

Zəkəriyyə əmi “google” kimi bir adamdır. Danışdıqları isə “youtube” kimidir. Başından keçənləri elə gözəl nəql edib danışır ki, məscid imamlarının ən az yarısı xitabətdə ondan geri qalar. Danışdıqlarında nə şişirtmə var, nə də yalan. “Yalanı heç sevmirəm; bir tülkü gördüm, quyruğu yeddi metr olardı…” deyən gopçu ovçular kimi deyil. Onunla yarım saaat söhbət etmək bir neçə kitab oxumaq kimidir. Zəkəriyyə əmi eynək taxır. Görmə ilə bağlı problemi var. Yüksək zəkaya malik insanların ortaq xüsusiyyətlərindən birinin görmə ilə bağlı problem olduğu haqda bir yazı oxuduğumu xatırlayıram. Zəkəriyyə əminin zəkasına və gözlüyünə baxanda bu təsbitin yerində olduğuna inanıram. Mübahisəyə açıq bir iddia olsa da, ən azından onun üçün doğrudur.

“Ayağın hara, başın da ora” deyirlər. Zibilliyə də, gülüstana da gedən ayaqdır. İmam Rəbbani (q.s) buyurur ki: “Qəlblərin ayaqları var, sürüşər…” Zəkəriyyə əmi ilə söhbət etsəniz, qəlbinizin Sami əfəndidən Musa əfəndiyə, Adananın mənəvi memarlarından olan Ömər Faruk Karabacakdan xidmət əhli olan mərhum bir kənd imamına qədər axıb getdiyini hiss edərsiniz. Zəkəriyyə əmi çox zərif bir insandır. Evimizə qonaq gəlmiş olan bir qohumumuzdan onu məhəllədəki məsciddə niyə görə bilmədiyini, hansı məscidə getdiyini o qədər incə bir üslubla soruşdu ki, kəpənəyin qanadına toxunsaydı, incitməzdi. Bunu soruşmaqla ibadətin ciddiyyəti mövzusunda ətrafındakılara mesaj verirdi. Təbliğ edərkən qırıb-tökməmək, qəlblərdə alçalma və özünü pis hiss etmə kimi duyğular oyatmamaq lazımdır.  Təbliğdəki həssaslığın açıq qəlb əməliyyatından fərqi yoxdur. Bu ciddiyyət tarladakı qarpızları ataraq maşına yığmağın tələb etdiyindən qat-qat artıqdır. Qarpızı ata bilmirsənsə, atılanı tuta bilmirsənsə, daha maşına yükləməyə çalışma, zərəri artırma! Təbliğ edərkən qəlb qıracaq, küsdürəcək, nifrət etdirəcəksənsə, hisslərinə hakim olmadan kobudlaşacaq və qəzəblənəcəksənsə, kənara çəkil; sənin İslama xidmətin təbliğ fəaliyyətinə qarışmamaq olar.

Zəkəriyyə əmi xəstə yatağında yatan atamı ziyarət etməyə gəlmişdi. Allah razı olsun səndən, Zəkəriyyə əmi! Demək olar ki, bütün gününü yataraq keçirən, gəlib-gedənləri tanıya bilməyən atamı “köhnə dostum, köhnəlməyən dostum” deyərək görməyə gəlmisən! Xəstə ziyarəti ilə bağlı xəbərdarlıq və nəsihətləri diqqətə almısan! Hal dili ilə: “Mənim onu görməyə gəldiyimi Mehmed kişi bəlkə bilmir, amma Allah bilir” deyirsən, elə deyilmi?! Zəkəriyyə əmini qarşıladım, atamın yanına apardım, isti-soyuq ikram etdim. Azan oxunmağa az qalmış məscidə gedəcəyini deyərək sözə başladı. Məndən Azərbaycanda nə işlə məşğul olduğumu, oraların necə yerlər olduğunu soruşdu.

Ona Azərbaycandan səkkiz il əvvəl ayrıldığımı, bir az daha uzağa – şərqə getdiyimi dedim. “Qürbətə gedənin arxasınca ağlamaq, üzülmək lazım deyil; gün gələr, geri dönər. Əsil ağlanası olanlar getdiyi yerdən bir daha geri dönə bilməyəcək olanlardır”, - deyərək acı-acı başını salladı və başına gələn bir hadisəni danışmağa başladı. 1988-ci ildə baş vermiş olan bu hadisəni “Allah-Allah…” deyərək dinlədim. Hadisəni yorum qatmadan, onun dilindən nəql edirəm:

“Əsgərlikdə tibb məntəqəsinə düşmüşdüm. Həkimin köməkçisi idim. Görərək, eşidərək iynə vurmağı, yara sarımağı və s. öyrənmişdim. Əsgərlikdən gəldikdən sonra yüzlərlə insana iynə vurdum. Qonum-qonşu: - Zəkəriyyə, gəl bu iynəni vur, gəl bu sarğıya bax, - deyə məni çağırardı. Mən öz işimlə məşğul idim; iynə, sarğı kimi işləri qarşılıqsız edərdim. 1988-ci ildə xanımımla bərabər ümrə ziyarətinə niyyət etdik. Pulu keçirib sənədləri düzəltməyə başladıq. O illərdə avtobusla gedilirdi. Çantalarımız hazır idi. Hər kəslə halallaşıb vidalaşdıq. Bir gün sonra yola çıxasıyıq. Yoldaşımda bir az qrip başağrısı var idi. Həkimə gedib dedim ki, xanıma bir dərman yaz, yol gedəsiyik, getdiyimiz yerdə də istifadə edərik. Həkim yazdı. Axşam oldu. Xanım hələ də narahat olduğunu dedi. “Bir iynə vurum, səhərə yaxşı olarsan, inşallah!” – dedim. Sən demə xanımın vurduğum bu iynəyə allergiyası var imiş. Halı pisləşdi. Xəstəxanaya belə çatdıra bilmədən, evdə, yatdığı yerdə ruhunu təslim etdi. Ümrəyə gedəcəyimiz çantalar dolu halda gözləməkdə ikən, hər kəslə halallaşmış ikən, ümrəyə gedəcəyimiz gün xanımı torpağa tapşırdım. Ey Adəm! Uzaq ölkədəsən, vətənə gəlib-gedirsən. Halbuki gedib gəlməyənlər də var, elə deyilmi?!”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz