Vəqf mədəniyyətimizdən NÜMUNƏLƏR

Vəqf mədəniyyətimizdən NÜMUNƏLƏR

Müsəlman xalqlarda vəqf mədəniyyətinin yayılması, ehtiyacı olanlara maddi kömək göstərmək – inancdan irəli gələn xeyriyyəçilik ənənəsi ilə birbaşa bağlı olmuşdur.

 Quranda xeyir işlərin, yardımlaşmanın və imkansızlara dəstək olmağın Allah tərəfindən bəyənilən saleh əməllər olduğu haqqında bir çox ayələr var. Həmçinin Hz. Peyğəmbər (s.ə.s) də öz sünnəsində belə əməlləri təşviq etmişdir.

Müsəlman aləminin tərkib hissəsi kimi Azərbaycanda vəqf mədəniyyəti tarixi bir təcrübə ilə inkişaf etmişdir. Yalnız XX əsrin əvvəllərini əhatə edən dövrə nəzər yetirsək, görərik ki, toplumun maddi rifahının yaxşılaşdırılmasında, korporativ sosial vəzifənin həllində Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov, Ağamusa Nağıyev və başqaları qazanclarını millət yolunda xərcləmiş, gördükləri işlərlə gələcək nəsillərə nümunə olan  xeyirxah insan, xeyriyyəçi kimi tanınmışlar.

Vəqf mədəniyyətimizin ən parlaq nümunələri olan bu xeyriyyə cəmiyyətlərini əsasən iki qrupda toplamaq mümkündür: Ehtiyacı olanlara yardım üçün qurulanlar və maarif-təhsil fəaliyyətinə dəstək üçün qurulanlar. Biz bunlardan ehtiyac sahiblərinə köməklik məqsədi ilə qurulmuş iki cəmiyyət – Bakı və Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətləri barəsində, nümunə olsun deyə, qısaca bəhs edəcəyik.

Ümumiyyətlə, XIX əsrin II yarısı və XX əsrin əvvəllərində Azərbaycanda xeyriyyə cəmiyyəti qurmaq ideyasının müəllifi və bu sahədə ilkin işlər görmüş şəxs Həsən bəy Zərdabidir. Lakin Zərdabinin bu arzusu yalnız 1905-ci ildə çar hökumətinin verdiyi Oktyabr bəyannaməsindən sonra reallaşdı. H.Z.Tağıyevin Xeyriyyə cəmiyyətinin yaradılması barədə hökumət qarşısında ikinci təşəbbüsündən sonra cəmiyyətin yaranmasına icazə ala bildi. "Bakı Müsəlman Xeyriyyə cəmiyyətinin" məqsədi yoxsul və ehtiyac sahibi müsəlmanlara kömək etmək, məktəblərdə oxuyan kasıb və yetim uşaqlara maddi dəstək olmaq, taqətdən düşmüş qoca müsəlmanları himayə etmək, imkansız ailələrin uşaqlarını peşə-sənət məktəblərində oxutmaq və s. idi. Cəmiyyəti  H.Z.Tağıyev (sədr), Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov (idarə heyəti üzvü), Əhməd bəy Ağayev (katib), Əli bəy Hüseynzadə, İsmayıl bəy Səfərəliyev (idarə heyəti üzvü), Hacı Aslan Aşurov, İsa bəy Hacınski, Kamil bəy Səfərəliyev, Əbdülxalıq Axundov, Məmmədrza Vəkilov, Həsən bəy Ağayev, Nəcəfqulu Sadıqov, İsrafil Hacıyev (sədr müavini), Həsənağa Həsənov, Mirzə Əsədullayev, Əsəd bəy Səlimxanov, Ağabala Quliyev, Əsədullah Əhmədov (idarə heyəti üzvü), Hacı Həsən Ağamalıyev və Nəcəf Əmiraslanov təsis etmişdir.

Birinci Dünya müharibəsi illərində Xeyriyyə cəmiyyətinin qaçqınları və acları yedirmək, pal-paltarla təmin etmək sahəsində böyük xidməti olmuşdu. "İsmailiyyə" binasında yerləşən cəmiyyət Nargin adasında saxlanılan əsir türk əsgərlərinə də öz köməyini əsirgəməmişdi.

Bundan başqa, İsmailiyyə binasında Musa Nağıyevin 50 nərəflik qonaq evi vardı ki,  müsəlman qonaqlar burada aylarla qala bilirdi: yemək təminatı ilə yanaşı, qonaqların paltarları da yuyulurdu. Qonaqlardan bir qəpik belə alınmırdı. Həmçinin M.Nağıyevin 200 nəfərlik bir yetimxanası da vardı. Buraya kimsəsiz uşaqlar toplanır, onların bütün ehtiyacları qarşılanırdı.  

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Nağı Şeyxzamanlının xatirələrindən oxuyuruq: “Birinci cahan hərbində rusların şərq cəbhəsindəki ciddi müqaviməti nəticəsində Turk ordusu geri çəkilir. Anadolunun şərq vilayətlərinin ruslar tərəfindən işğalını fürsət bilən erməni quldur-daşnakları burada müsəlman-türk əhaliyə olmazın divan tutur, zülm və vəhşiliyə məruz qoyurdular. Bu yerlərdə törədilən vəhşiliklərin əks-sədası bütün Qafqaza yayılmışdı və qəlbləri sızladırdı. Bakı Cəmiyyəti-Xeyriyyəsi yardım üçün getmək istəsə də, rus cəbhə komandanlığı icazə vermədi. Bu vəziyyət qarşısında Hacı Zeynalabdin birbaşa Rus İmperatorundan icazə aldı və Dr.Xosrov bəyin rəhbərliyində geniş tərkibli heyət hazırlandı. Dəmir yolu idarəsindən qatarlar təmin edildi. Qatarlara ehtiyacların qarşılanması üçün ərzaq və geyimlər yükləndi və Qars başda olmaqla, şərqi Anadoluya göndərildi. Beləcə, Anadoludakı türklərə ilk türk yardımı yetişdi. Həmçinin cəmiyyəti-xeyriyyənin heyətinin fəaliyyətləri, raportları sayəsində müsəlman-türk əhaliyə qarşı erməni zülmünə də son qoyuldu. Onların raportları nəzərə alınaraq rus ordu komandanlığı yerli əhaliyə divan tutan erməni quldur-daşnaq birliklərini dağıtdı”.

Vəqf mədəniyyətimiz üçün ikinci parlaq nümunəmiz – Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti isə 1905-ci il iyun ayının 30-da Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Cəmiyyətinin iki nüsxədən ibarət olan Nizamnaməsi Yelizavetpol qubernatoru Kalaçeva təqdim olunur və qubernator elə həmin gün sərəncam imzalayır: 42 maddədən ibarət nizamnamə təsdiq olunur.

Qurulmasında əsas məqsədi kasıb, imkansız müsəlman ailələrə paltar və ərzaq yardımının verilməsi olan cəmiyyət, lazım gəldikdə pul müavinəti ilə təminatı da öz öhdəsinə götürür, eyni zamanda imkansızların xaricdə təhsil almalarına da köməklik göstərirdi.

Qarabağ və Zəngəzurda erməni-daşnakları tərəfindən soyqırıma məruz qalan türk-müsəlman əhaliyə yardım məqsədi ilə cəmiyyət tamaşalar və xeyriyyə konsertləri də təşkil edirdi. İmkansızlara və kasıblara kömək üçün buğda, un, qənd anbarları yaradılmışdı. Gəncədə, eləcə də ətraf bölgələrdə yaşayan kasıb evlərinin və ehtiyac sahibi insanların siyahısı tutularaq, onlara Ramazan, Qurban və Novruz bayramlarında yardım göstərilirdi. Gəncədə əhalinin kasıb təbəqələri üçün cəmiyyət pulsuz ərzaq mağazası da açmışdı.

Əsas maliyyə vəsaitini könüllü ianələr və üzvlük haqları təşkil edən cəmiyyətin 1916-cı ildə 80-dən çox üzvü var idi ki, onlardan 4-ü “ömürlük fəxri üzv”lər kimi  hər ay o dövrün pulu ilə 200 manat üzvlük haqqı ödəyirdilər. Cəmiyyətin 15 “fəxri üzv”ü ayda 20 manat, sadəcə üzvlər isə  aylıq 5 manat ödəyirdi.

Əcdadımızın izindən getmək arzusu ilə…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz