Vəqfçilik tarixi
İslam dini, adı üstündə, salamatlıq, əmin-amanlıq, sülh və yardımlaşma dinidir. İslam dinində kainata və digər canlılara baxış: “Yaradılanı yaradandan ötrü sevmək” düsturu əsasında formalaşmışdır.
Qonşusu ac ikən tox yatmamaq, ən sevdiyindən sədəqə vermək, müsəlman qardaşının ehtiyacını heç bir mənfəət güdmədən qarşılamaq, bir vücud kimi bütün müsəlmanların dərd və sevincinə ortaq olmaq dinimizin ən əsas sütunlarından bəziləridir.
İslam terminologiyasında yuxarıda sadaladığımız və buna bənzər xüsusiyyətlərin müəssisələşmiş formasına “vəqf” deyilir. Vəqf – insanların özlərinə məxsus olan mal-mülklərini heç bir mənfəət güdmədən, Allah rizası üçün, insanların xeyrinə bağışlamasıdır. Vəqf fədakarlığın, comərdliyin, yardımlaşmanın və paylaşmanın təzahürüdür. Vəqf məfhumu dilimizdə və mədəniyyətimizdə xeyriyyəçilik adı ilə ifadə edilmişdir.
Tarixə nəzər saldıqda vəqf mədəniyyətinin İbrahim əleyhissalama qədər uzandığını görürük. Rəvayət edildiyinə görə, Həzrət Cəbrayıl insan surətində İbrahim peyğəmbərin yanına gəlir. Sürülərinin qiymətini soruşur. İbrahim peyğəmbər də, üç zikr qarşılığında hamısını verə biləcəyini deyir. Mələyin Allahı üç dəfə zikr etməsindən sonra bütün sürülərini ona bağışlayır. Həzrət Cəbrayılın özünün mələk olduğunu ifadə edərək kimliyini açıq etməsindən və sürünü almamasından sonra İbrahim (ə.s) bütün sürünü satır və geniş bir ərazi alaraq onu müsəlmanların istifadəsinə verir. Məhz bu yer ilk vəqf torpağı olaraq qəbul edilir. Dünya mədəniyyətlərinin heyranlıqla izlədiyi vəqfçilik məfhumu Hz. Peyğəmbər (s.ə.s) dövründə yüksək səviyyədə yaşadılmışdır. Hicrətin üçüncü ilində Uca Allah: “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir” (Ali İmran, 92) ayəsi ilə xeyriyyəçiliyin önəmini və mahiyyətini ortaya qoymuşdur. Bu ayənin təzahürü səhabələrin həyatında öz əksini tapmış və bir çox sahədə olduğu kimi, xeyriyyəçilik məsələsində də bizlərə nümunə olmuşdur. Məsələn, Hz. Ömər peyğəmbərimizə (s.ə.s): “Ey Allahın Elçisi! Mənim xurma bağım var. Xeyriyyə məqsədi ilə ondan necə istifadə edə bilərəm?” – deyə sual verir. O da (s.ə.s): “İstəyirsən, bu xurmalıq mülkünü Allah üçün vəqf et. Artıq alınıb-satılmaz, bağışlanmaz və heç kim ona varis ola bilməz. Onun məhsulu yalnız infaq edilə bilər”, - buyurdu. Bunun müqabilində Hz. Ömər də həmin bağı Allah üçün vəqf etdi. Görkəmli səhabələrdən olan Cabir ibn Abdullahın: “Mən elə bir mühacir və yaxud ənsar tanımıram ki, o, malının bir hissəsini Allah üçün vəqf etmiş olmasın” ifadəsi də o dövrdəki vəqfçilik mədəniyyətinin nə qədər yayıldığını göstərir. Zeyd ibn Sabitin: “Biz vəqfdən daha xeyirli sədəqə tanımırıq. O, insana həm həyatda ikən, həm də vəfat etdikdən sonra xeyir qazandırır” ifadələri də vəqfin önəminə işarə edir. Vəqf məntiqi vəfatdan sonra savabların davam etməsi məntiqinə əsaslanır. Necə ki, Peyğəmbər (s.ə.s) insan vəfat etdikdən sonra üç əməlinin savabının davam etdiyini xəbər verir, məhz bunlardan biri də sədəqeyi-cariyə, yəni savabı davam edən xeyirxah işlərdir. İslam alimləri savabı tükənməyən sədəqə deyiləndə vəqfin nəzərdə tutulduğunu bildirmişlər.
Tarix boyunca güclənən yardımlaşma müəssisəsi olan vəqf mədəniyyəti Osmanlı imperiyasında ən yüksək səviyyədə yaşanmış və bu bölgədə hələ də yüksək səviyyədə yaşadılmaqdadır. Bütün məxluqata yönəlik yardımlaşma ənənəsi bu dövrdə iki yüz minə yaxın vəqflə təmsil edilmişdir. Tarixi məlumatlara görə, Türk-İslam dünyasında vəqf ənənəsi Uyğur türkləri ilə başlamışdır. Səlcuqlu dövlətinin hər qırx kilometr məsafədən tikdirdiyi karvansaralar da vəqfçilik anlayışının nəticəsidir. Bu karvansaralarda nəinki müsəlman, hətta qeyri-müsəlman tacirlər də istirahət edirdilər. Türk-İslam dövlətlərinin bu ortaq ənənəsi Azərbaycan torpaqlarında da müxtəlif tədris mərkəzləri, karvansaralar, bulaq, su kanalları, körpü və s. şəkildə lazımı şəkildə təmsil edilmiş və yaşadılmışdır.
Məsələnin əslinə nüfuz etdikdə görünən odur ki, dünya və kainatda istifadə etdiyimiz su, hava, günəş, dəniz, çaylar, minlərlə növdə ağac, bitkilər, heyvanlar və digər nemətlərAllahın bizim istifadəmizə verdiyi vəqfidir. Elə isə Allahın bizə vəqf etdiklərindən biz də Allah üçün vəqf etməliyik. Dinin bizə aşılamaq istədiyi mədəniyyət məhz budur.
Hz. Peyğəmbərin (s.ə.s) bu hədisini vəqf şüuru ilə düşünək və həyatımıza onunla yön verək: “Yer üzündəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin”. (Tirmizi, Birr, 16)
ŞƏRHLƏR