HƏDƏFİMİZ NƏ OLMALIDIR?

HƏDƏFİMİZ NƏ OLMALIDIR?

   Əksər hallarda insan oğlunun hədəfi  ilə qədərin ona cızdığı yol üst-üstə düşmür.

 Bu da təbii olaraq insanda  ümidsizlik və bədbinlik halları yaradır. Əlbəttə, dünyada hər bir insanın öz qayəsi, müəyyən etdiyi hədəfi olmalıdır. Bu qayəyə çatmaq üçün də əlindən gəldiyi qədər çalışmalıdır. Ancaq insan nə etməlidir ki, qarşısına qoyduğu bu hədəfə çata bilmədiyi zaman ruhdan düşməsin?

İşin sirri əslində çox sadədir: Niyyət! Bəli, gerçəkçi və səmimi niyyət! İnsan qarşısına qoyduğu məqsəddə mütləq hansısa bir niyyəti güdür. Fikrimizə bir misalla açıqlıq gətirək: Həkim olmaq istəyən bir şagirdə nə üçün həkim olmaq istədiyini soruşsaq, böyük bir ehtimalla onun cavabı cəmiyyət içində hörmət və imkan sahibi biri olmaq olacaqdır. Çünki bu gün hər bir valideyn və ya şagird universitet seçərkən mütləq bu iki şeyə diqqət yetirir. Bəlkə də, həmin şagird sırf pullu iş olsun deyə seçdiyi tibb fakültəsində oxumağı, əslində, heç istəmir. Bəlkə də, daxilində kimyagər və ya bioloq olmaq istəyir... Amma əsas niyyət daha çox var-dövlət sahibi olmaq olduğuna görə, bu fakültəni seçməkdən başqa çarə tapmır. Bu səfər həmin şagird tələb olunan nəticəni əldə edə bilməyərək tibbə qəbul olunmadıqda,  əsas niyyət olan nüfuz sahibi və zəngin olma xəyalı da suya düşür. Bunun nəticəsində həm abituriyentdə, həm də onun valideynlərində böyük bir peşmançılıq və məyusluq görülür.

  Ancaq bizim əsl hədəfimiz (niyyətimiz) Allah rizası olarsa, o zaman hər şey fərqli şəkildə nəticələnəcəkdir. Niyyətimiz Allahın rizasını həkimlikdə əldə emək, ya da zənginlik yoluyla qazanmaqdırsa, o zaman hədəfimiz Allahın “Şafi” və ya “Ğəni” sifətlərinin təcəllisinə məzhər olmaq olacaqdır. Belə olan təqdirdə insan oğlu Allah-Təalanın: “Mən insanları və cinləri ancaq mənə ibadət etsinlər deyə yaratdım” ayəsində qəsd olunan mənanı da icra etmiş olacaqdır. Bu niyyətdə olan bir tələbənin oxuduğu, istirahət etdiyi  bütün vaxt da təbii olaraq ibadətlə keçmiş sayılacaqdır.  Çünki onun əsl hədəfi Allahın rizasını qazanmaqdır. Bunu da mütləq qeyd etməliyik ki, Allahın rizasını yalnız bir və ya bir neçə peşədə axtarmaq da doğru olmaz. Kimisi həkim, kimisi müəllim, kimisi tacir və s. olaraq Allaha qulluq edəcəkdir. Yetər ki, ixtisaslaşdığı peşədə niyyəti saf və təmiz olsun. Necə deyərlər, yaradılana mərhəmət və şəfqəti yaradandan ötrü ortaya qoya bilmək şüuruna malik olsun.

            Bütün bunlara görədir ki, əgər niyyətimiz Allahın rizasını qazanmaqdırsa və bunu həkim olaraq əldə etmək istəyiriksə, o zaman həkim olmaq üçün cəhd etmək lazımdır. Ancaq bütün səy və cəhdimizə baxmayaraq tibbə qəbul ola bilməsək, dünyanın sonu imiş kimi bir bədbinlik yaşanmamalıdır. Çünki hədəf Allahın rizası olduğuna görə, bu yolda sərf olunan vaxt və əziyyət onsuz da savab olaraq yazılmış, əməl dəftərimizə qeyd olunmuşdur. Bunun idrakında olan bir şəxs bu halda xəyal qırıqlığı yaşamaz. Düşünər ki, bəlkə də, Allahın rizasını həkimlikdə yox, məsələn, müəllimlikdə qazanacağam?! Bu səfər şagirdlərinə həm elm öyrədərək, həm də onlara elm əxlaqını verərək Allahın rizasına nail olmağı umacaqdır.

            Bir insan qarşısına hədəf qoyaraq dünya həyatında nəyəsə nail olmaq istəyirsə, həmin işdə Allahın rizası varmı, yoxmu deyə yaxşıca düşünməlidir. Belə olan təqdirdə insan öz həyatını daha düzgün ölçülərlə şəkilləndirəcək və planlarını “Allah mərkəzli” quracaqdır. Bu düşüncədə olan insan qarşısına qoyduğu hansısa məqsədə çatmadıqda Allah-Təalanın: Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz”, (əl-Bəqərə, 216) ayəsinə uyğun olaraq düşünməlidir. Belə ki, həmin işdə onun üçün xeyir olub-olmadığını özü bilə bilməz. Əksinə, dünya gözü ilə xeyir zənn etdiyi həmin iş həqiqətdə ona xeyir gətirəcək olan işə bir maneə də ola bilər.

 Nəticə etibarı ilə, belə bir iman şüuruna malik olan insan hər zaman həyatla barışıq halda yaşayacaq, heç bir zaman həyatdan küsməyəcəkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz