Allah yolunda İNFAQ

Allah yolunda İNFAQ

İnsanı maddi və mənəvi pisliklərdən təmizləyən, nəfsini tərbiyə edərək Allahın rizasını əldə etməyə səbəb olan ən önəmli ibadətlərdən biri də Allah yolunda və xeyir iş üçün çəkilən xərclərdir.

 İnsanlar yolda gördükləri dilənçilərə xırda pullarından bir az verəndə və ya köhnə paltarlarını kasıb bildikləri bir-iki nəfərə paylayanda, yaxud ac gördükləri birinin qarnını doyuranda üzərlərinə düşən məsuliyyəti artıqlaması ilə yerinə yetirdiklərinə inanırlar. Bunların hamısı, əlbəttə, Allahın razılığını qazanmaq üçün ediləndə Allah yanında savabı olan davranışlardır. Ancaq vəzifəmiz heç də bununla bitmir. Məsələn, Allah insanın ehtiyacından artıq qalan malın sədəqə  verilməsini bildirir:

“...Nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını möhtaclara paylayın!”Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə fikirləşəsiniz”. (əl-Bəqərə, 219)

Əslində, insana dünya həyatında yaşamaq üçün lazım olan ehtiyaclar çox azdır. İnsanın ehtiyacları üçün istifadə etdiyi miqdardan başqa qalan malı ehtiyacdan artıq qalır deməkdir. Mühüm olan nəyin və nə qədərinin xərcləndiyi deyil, adamın səmimi olaraq verə biləcəyi nədirsə, onu verməsidir. Burada Allah-Təala insanların ehtiyaclarından artıq qalan miqdarın nə qədər olduğunu tamamilə insanın ağlının və vicdanının öhdəsinə buraxmışdır.

İnsanlar başqalarına bir yaxşılıq edəndə bu yaxşılığın özlərinə ziyan vurmamasını istəyərlər. Məsələn, ehtiyac içində olana əşyalarından verən bir nəfər özünün xoşlamadığı, bəlkə heç istifadə etmədiyi və ya etməyəcəyi şeyləri verər.

Uca Allah adamın özünə layiq görmədiyi, köhnə bildiyi, işlətməyəcəyi qənaətinə gəldiyi mallarından daha çox, sevib bəyəndiyi əşyalarından verməsinin məqbul olduğunu bildirmişdir. İnsana sevdiyi şeylərdən sədəqə vermək ağır gələ bilər, ancaq insanın həqiqi mömin ola bilməsi üçün belə bir fədakarlığı etməsi şərtdir. Bu, Allahın bizə bildirdiyi önəmli bir sirdir. Ayədə buyurulur:

“Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!”(Ali-İmran, 92)

“Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, şükrə layiqdir!” (əl-Bəqərə, 267)

Bir müsəlman üçün heç bir şey Allahın razılığını və Onun sevgisini qazanmaqdan daha üstün deyildir.

Yoxsulluq qorxusu yaşamadan Allah yolunda mallarını xərcləyən insanlar həyatları boyunca heç ummadıqları nemətlərlə ruziləndirilərlər. Allah yolunda xərclədikləri hər şey xeyir olaraq özlərinə geri ödənər. Uca Allah buyurur:

“İnsanları doğru yola yönəltmək sənin borcun deyil. Allah kimi istəsə, onu doğru yola istiqamətləndirər. Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin xeyri ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!” (əl-Bəqərə, 272)

 “...Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənər və sizə heç bir haqsızlıq edilməz!” (əl-Ənfal, 60)

“De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” (Səbə, 39)

Ayədə bildirildiyi kimi, Uca Allah verilən sədəqələrin əvəzini artıqlaması ilə verəcəkdir. Bunlar həm dünyadakı nemətlər, həm də Allahın cənnətdə möminlər üçün hazırlamış olduğu, hamısından daha üstün olan nemətlərdir. Möminlərin əksinə, mallarını xəsisliklə saxlayan və ya zəkat və sədəqələrini vermədən artırmağa çalışanların aqibəti bir ayədə belə bildirilir:

“Allah sələmi məhv edər, sədəqələri isə artırar. Allah kafiri, günahkarı sevməz!”(əl-Bəqərə, 276)

Mallarını Allah yolunda sərf edənlər haqqında digər ayələrdə belə bildirilir:

“Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir!” (əl-Bəqərə, 261)

“Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın”. (əl-Bəqərə, 264)

Nəticə olaraq bunları deyə bilərik ki, bir müsəlman sırf Allah rizası üçün səmimi olaraq, sevə-sevə malını Onun yolunda infaq edərsə, heç bir zaman kasıblaşmaz, əksinə, malı bərəkətlənər, qarşılığını həm bu dünyada, həm də axirətdə artıqlamasıyla alar. Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi:  

 “Allah yolunda malını xərcləyən kimsəyə xərclədiyinin yeddi yüz qatı verilər”. (Tirmizi, Fədailul-Cihad, 4/1625.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz