Xeyriyyəçilik ənənəsi

Xeyriyyəçilik ənənəsi

Tarixin qədim çağlarına baş vurduqda görürük ki, yurdumuzda hələ qədimlərdən bəri möhkəm xeyriyyəçilik ənənələri mövcud olmuşdur. Bu baxımdan, XII əsrdə Azərbaycanda olmuş məşhur ərəb səyyahı ibn Bəttutənin bu torpaqlarda rastlaşdığı gözəl əxlaqi keyfiyyət olan xeyriyyəçilik barədə məlumatları diqqəti cəlb edir.

 Azərbaycan qadınının xeyirxah təbiəti və xeyriyyəçi tədbirlərin həyata keçirilməsi işi şanlı-şöhrətli örnəklərlə zəngindir. Dədə Qorqud dastanlarındakı mükəmməl qadın obrazları daim xeyirxah əməllərə: fədakarlığa, səxavətə səsləmiş, hər hansı bir ağır imtahan qarşısında eli doyurmaq, geyindirmək, ehsan vermək tədbirlərini önə çəkmişlər. “Ac görsə doyurar, çıplak görsə geyindirər, donatar” xarakteri ən uca, ali insani keyfiyyət sayılmışdır.

Belə dərin köklərə malik bu ənənə Azərbaycanda həmişə xeyirxah, gözəl bir fəaliyyət növü kimi günümüzədək yaşadılıb çatdırılmışdır. Öz dolğun çağlarını sürməkdə olan bu mədəni-ictimai mühitdə Azərbaycan qadınlarının çiyinlərinə götürdükləri vəzifələr də böyük idi. Başlıca olaraq maarifçilik yolunu seçən qadınlarımız ictimai həyata fəal şəkildə müdaxilə etməli olurdular. Bu qadınların həyat və fəaliyyətlərini izlədikcə gözlər önünə məşələ çevrilən neçə-neçə ömür gəlir.

Onların fəal yardımı ilə Bakıda tibb sağlamlıq ocaqları açılır, uşaq evləri və pansionlar fəaliyyətə başlayırdı. Xalqın ictimai-siyasi həyatında mühüm mövqe qazanan xeyriyyə cəmiyyətləri I Dünya müharibəsi illərində coşqun işə keçir; müharibənin başlaması ilə onların fəaliyyət meydanı daha da genişlənir, buraya Qafqaz cəbhəsində əsir düşən Osmanlı dövləti əsgərlərinin azad edilməsi və himayə edilməsi də daxil olur. Əlimizdə olan həmin dövr sənədləri bu tarixi faktın doğruluğunu göstərməkdədir.

Respublika Dövlət Tarix Arxivində bu məzmunda materiallarda olan sənədlər maraqlı bir hadisənin bu gün örnək olaraq diqqətə alınmasına səbəb oldu. Bunun ən maraqlı məqamı da yerli Bakı zənginləri cəmiyyətinə məxsus Duma üzvü kərbəlayi İsrafil Hacıyevin xanımı Sona xanım Hacıyevanın I Dünya müharibəsi hərbzədələrindən olan Nargin adasında saxlanan Osmanlı ordusu zabitlərinin buradan qaçırılmasında iştirakçı, bəlkə də onun təşkilatçılarından biri olmasındadır. Məhz belə fədakar insanların səyi ilə əsir zabitlər gizli şəkildə Təbriz yolu ilə Anadoluya qaçırılır və ya azad edilən bu zabitlər gələcək Azərbaycan əsgəri kadrlarını hazırlamaqdan ötrü ölkədə qalmalı olurdu. Odur ki, arxivdə saxlanan sənədlər bu məsələnin ciddiyyət və əhəmiyyətini ortaya qoyub, gələcək nəsillər üçün qoruyub saxlamaqdadır. Şəxsi qulluqçusunun 1915-ci il oktyabrın 12-də istintaqa verdiyi ifadə əsasında aydın olur ki, Sona xanım həmişə əsirlərin yeyəcək-içəcək qayğıları ilə maraqlanır, onlara mütəmadi qayğı göstərir, evində saxlayır, şəfqət nümunəsi olaraq şəxsən özü bu görüşlərdə iştirak edirdi.  Məsələ ilə bağlı Sona xanımın özündən alınan izahatda isə o bildirir ki, yardımsevər bir insan kimi Qadın xeyriyyə cəmiyyətinin üzvüdür və Bakı müsəlman xeyriyyə cəmiyyətinin sədri, habelə Bakının fəxri vətəndaşı İsmayıl bəy Səfərəliyevlə şəhər hospitallarına (lazaretlərə) baş çəkmiş və yaralı türk əsirlərinə yardım göstərmişdir. Yenə də sədr Səfərəliyevlə bərabər Nargin adası əsir düşərgəsində olmuş, türk əsirlərinə kömək göstərmiş, xəstələrin üstünə həkim aparmışdır.

Unutmamalıyıq ki, dövrümüzdə xeyriyyə işlərinin təkrar canlandırılması məqsədilə belə şəxsiyyətlərin örnək fəaliyyətləri geniş işıqlandırılmalıdır. Lakin buna baxmayaraq yaxın zamanlaradək qadın xeyriyyəçilərdən, onların humanist məramlı fəaliyyətlərindən bəhs olunmamaqda idi. Azərbaycanda son zamanlarda sahibkarlıq fəaliyyətləri güclənməkdə, kifayət qədər iş adamları meydana çıxmaqla şirkətlər, böyük holdinqlər yaranmaqdadır. Şübhə yoxdur ki, bu sahələrdən gələn gəlirlərin müəyyən qisminin xeyriyyəçilik məqsədlərinə sərf edilməsi cəmiyyətdə hər baxımdan razılıqla, ehtiramla qarşılanacaqdır; unutmayaq ki, belə tədbirlər nəticəsində ölkədə vətəndaş həmrəyliyi təmin olunur ki, bu da çox vacibdir.

Son illər xeyriyyəçilik təşəbbüslərinin artıq sistemli, bütöv bir məktəbə çevrilmə imkanı əldə olunmuşdur; bunun müasir nümunəsi artıq Azərbaycanda 13 illik fəaliyyət tarixçəsi olan Heydər Əliyev fondudur(2004). Bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, eyni zamanda sözügedən fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri və Milli Məclisin deputatı Mehriban Əliyevanın adı ilə bağlıdır.

Fond daim inkişafdadır; elmi tədqiqatların aparılmasına yardım göstərmək, Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsinin təşkili, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etmək yolunda fəaliyyətlərini günbəgün genişləndirməkdədir. Artıq Azərbaycanda qürurla: mükəmməl bir xeyriyyəçilik institutu yaradılmaqdadır deyilə bilər.

Ənənələr yaşayır, yaşadılır...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz