BİR AYƏ
رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ
“İki məşriqin və iki məğribin Rəbbi Odur!”
(ər-Rəhman surəsi, 55/17)
Allah-Təalanın insanlara bəxş etdiyi saysız-hesabsız nemətlərin bir qisminin sadalandığı “Rəhman” surəsindəki bu ayədə məhz Uca Allahın bizlərə verdiyi müəyyən nemətlərə işarə edilir. Ərəb dilində “məşriq” günəşin doğduğu, “məğrib” isə batdığı yerə deyilir. Ancaq yuxarıdakı ayeyi-kərimədə Allah-Təala Özünün iki məşriq və iki məğribin Rəbbi olduğunu bildirmişdir. Yəni bizə iki məşriq və iki məğrib neməti bəxş etmişdir. Bunların nə olduğu haqqında təfsirçilər müxtəlif fikirlər səsləndirmişlər. Rəvayət təfsirinə nəzər saldığımız zaman görürük ki, Mücahid (r.a), Qatadə (r.a) və İbn Zeydə (r.a) görə bu ifadələrdən məqsəd, günəşin yay və qış fəsillərindəki doğduğu və batdığı yerlərdir. Çünki bu iki fəsildə günəşin doğduğu və batdığı yerlər bir-birindən çox fərqlidir. Bu ifadələrin hansı mənaya gəldiyi ilə bağlı digər görüşlər isə belədir:
- Günəşin və ayın doğduğu və batdığı yerlər,
- Günəşin və digər planetlərin doğduğu və batdığı yerlər,
- Günəş kimi maddi, ağıl kimi mənəvi işıq mənbələrinin doğduğu və batdığı yerlər,
- İnsanların və cinlərin nəzərində şərq və qərb.
Türk əsilli təfsirçi Elmalılı Hamdi Yazıra görə isə burada qidalar kimi insanı həyatda saxlayan və xəstəliklər kimi insanı öldürən vasitələrin sahibinin də Allah olduğuna diqqət çəkilmişdir. Fəxrəddin Raziyə görə isə burada nəzərdə tutulan günəşin və ayın doğub batdığı yerlərdir. Çünki “Rəhman” surəsinin 5-ci ayəsində Uca Allah: “Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edir)”, - buyurmuşdur. Bu ayədə də məhz o iki göy cisminin doğub batdığı yerə işarə edilmiş və bu iki nemət xatırladılmışdır.
Qeyd edilən görüşlərdən hansı doğru olursa olsun, buradakı əsil məna Uca Allahın var olan və olmayan bütün nemətlərin sahibi və idarəçisi olduğunu bəyan etməkdir. Görülür ki, bu ayələr həm nemətləri, həm də Allah-Təalanın qüdrətini xatırladır. Nemətin zikr olunması ona qarşı şükür etməyimiz gərəkdiyinə; Allahın qüdrətinin zikr olunması da bu nemətlərə qarşı nankorluq etməməyimiz gərəkdiyinə, əks təqdirdə cəzasının böyük olacağına işarə edir. Buna görə də ondan sonrakı ayədə “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” buyurularaq nemətə qarşı edilən nankorluğa diqqət çəkilmişdir. Şükür etmək isə hər cür nemətin sahibinin Allah olduğunu və nemətin ancaq Ondan gəldiyini dərk etmək, bunu qəlb və dil ilə ifadə etmək, həmçinin ehtiyac sahibi kimsələr üçün bu nemətdən infaq etməkdir. Uca Allah bizi nemətin şükrünü edib layiqincə infaq edən qullarından eyləsin!
ŞƏRHLƏR