HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Həzrət Mövlana q.s -8-
Mövlana həzrətləri buyurur:
“Könül namazı qılmayan, namaz əhli olmayan adamı qəzəb, şəhvət və ehtiras küləyi sovurar.
Şəhvətə kölə olan kəs isə Allahın nəzərində alınıb-satılan kölələrdən daha qiymətsizdir”.
Könül namazı tədili-ərkan və xüşu ilə, qəlbi Allaha bağlayaraq qılınan məqbul namazdır. Nəfsani arzularının köləsi olduğu üçün “könül namazı” qılma şərəfindən məhrum qalanlar bu dünyada zövqi-səfa içində səltənət sürsələr də, məhşərin dilənçiləri olacaqlar.
Bunun müqabilində Allah üçün nəfsinin boyunduruğundan xilas olub əzm və səbatla namazlarına davam edə bilənlər bu dünyada ehtiyac və zillət içində kölə kimi yaşasalar da, əslində axirət sultanları olacaqlar.
Bu hadisə sözügedən məsələni necə də gözəl izah edir:
Rəsulullah r bir gün Mədineyi-Münəvvərədəki bazarlardan birinə getmişdi. Bazarda qaradərili bir köləni açıq artırma ilə satışa çıxarmışdılar. İslamla şərəflənmiş həmin kölə:
- Məni alacaq adama bir şərtim var, - deyirdi. Alıcılardan biri:
- Nədir o şərt? – deyə soruşdu. Kölə:
- Fərz namazlarımı Rəsulullahın arxasında qılmağıma mane olmayacaqsan, - cavabını verdi. Həmin adam bu şərti qəbul edərək köləni aldı.
Allah Rəsulu r həmişə fərz namazlarda həmin köləni arxasında görürdü. Bir gün onu görə bilmədi. Sahibindən soruşdu:
- Xidmətçin hanı?
- Ey Allahın Rəsulu, qaraqızdırmaya tutuldu.
Rəsuli-Əkrəm r əshabına:
- Qalxın, onu ziyarətə gedək, - buyurdu.
Köləni ziyarət edib şəfa diləmək üçün yanına getdilər. Hz. Peyğəmbər bir neçə gün sonra yenə kölənin halını soruşdu. Sahibi:
- Ey Allahın Rəsulu, ölümü yaxındır, - cavabını verdi. Hz. Peyğəmbər r kölənin yanına getdi. Həmin əsnada kölə vəfat etdi. Kəfənlənmə və dəfn hazırlıqlarını Rəsulullah r öz üzərinə götürdü və onu dəfn etdi.
Əshabi-kiram bunu çox qəribsədi. Mühacirlər:
“Biz vətənimizi, mallarımızı, ailələrimizi tərk edib buraya gəldik, heç birimiz Rəsulullahın bu köləyə göstərdiyi iltifata nail ola bilmədik”, - dedilər. Ənsar:
“Biz də Allah Rəsulunu qonaq etdik, ona yardım etdik, mallarımızla dəstəklədik, amma həbəşli bir köləni bizdən üstün tutdu”, - dedilər. Bunun üzərinə bu ayeyi-kərimə nazil oldu:
“…Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır…” (əl-Hucurat, 13 / Vahidi, s. 411-412)
Zahirən kölə olan bu mömini Allah və Rəsulunun nəzdində bu qədər qiymətli qılan, şübhəsiz ki, onun qəlbindəki təqva duyğusu, xüsusilə də namaza düşkünlüyüdür. O, özü üçün dünyəvi heç nə istəməmiş, yalnız fərz namazları Allah Rəsulunun arxasında camaatla qılma imkanından məhrum qalmamaq şərti irəli sürmüşdü. Yəni onu ilahi və nəbəvi iltifata məzhər edən xüsus Allah Rəsulu ilə bərabər olma eşqi və namazı camaatla qılma arzusu idi.
Şübhəsiz ki, namaza olan bu həssaslıq və məhəbbət qəlbdəki Allah sevgisinin bir təzahürüdür. Allahı sevən Onun əmrinə də sevərək boyun əyər. Biz də səbirlə, bezmədən Allahın sevdiyi əməlləri yerinə yetirməyə çalışaq ki, Allah da bizi sevsin. Çünki Allah bizi sevdiyi zaman sevdiyi əməllərin sevgisini də qəlblərimizə bəxş edər, onları tərifsiz ləzzət halında əda etməyə nail edər.
Yeri gəlmişkən, burada bir xatirəmi də nəql etmək istəyirəm:
Bir gün qaradərili bir gənc yanıma gəlib:
- Mənə dua edin, - dedi.
- Oğlum, nə arzu edirsən, hansı probleminin həllini istəyirsən? – dedim.
Çünki adətən gənclər ya imtahanda müvəffəqiyyət, ya iş-güc sahibi ola bilmək, yaxud da evlənmək kimi xüsuslarda, yəni hansısa dünyəvi məsələ ilə bağlı dua istəyirdilər. O qaradərili gəncin tələbi isə çox mənalı idi:
“Dua edin, Allah mənə namazı çox sevdirsin!”.
Həqiqətən, namazı sevmək hər möminin bir nömrəli hədəfi və idealı olmalıdır. Çünki bu sevgi Allah sevgisinin bir əlamətidir. O gəncin bu səmimi tələbi sanki hədisdə keçən Həzrət Davudun duasından ilham almış kimi idi. Hədisi-şərifdə buyurulur:
“Davud Peyğəmbər belə dua edərdi:
“Allahım, Səndən Səni sevməyi, Səni sevən adamı sevməyi, Sənin sevginə çatdıracaq əməli istəyirəm. Allahım, Sənin sevgini mənə özümdən, ailəmdən və soyuq sudan (yəni dünyanın ən cazibədar ləzzətlərindən) daha sevimli et!”. (Tirmizi, Dəavat 72)
Onun bu istəyi həmçinin Hz. İbrahim u-ın ibadət qayğısını yada salır. Rəbbinə belə dua etmişdi:
“Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!”. (İbrahim, 40)
Deməli, özünün və nəslinin təqva üzrə namaz qılanlardan olması peyğəmbərlərin belə gündəmində olan hadisədir. Allahdan qafil qalmamaq, əksinə, səcdələrlə Ona yaxınlaşa bilmək, bunun üçün də qəlbimizi namaz sevgisi ilə doldurması üçün Rəbbimizə yalvarmaq necə də böyük iman təzahürüdür.
Rəsulullah r “namaz gözümün nurudur” buyurmuşdur. Övladlarımızın da “göz nuru” olmasını istəmək Allah-Təalanın biz möminlərə Qurani bir təlqinidir. Elə isə övladlarımıza namazın əhəmiyyətini öyrətməli və onlara gözəl bir namaz tərbiyəsi verməliyik ki, onlar da bizim üçün göz aydınlığı, üz ağı, sədəqeyi-cariyə olsunlar.
Qadın səhabələrin də dərdi bu idi. Övladları Allah Rəsulunu uzun müddət görməyəndə, namazlarını Peyğəmbərimizin arxasında camaatla əda etmədikdə dərhal onlara xəbərdarlıq edər, bir an əvvəl səhvlərini düzəltmələrini istəyərdilər.
Biz də vaxt itirmədən, günü bu gündən övladlarımızı namaza və məscidə alışdıraq ki, sabah qəbrimizdə tənha qaldığımız zaman sədəqeyi-cariyədən məhrum qalmayaq.
Unutmayaq ki, Rəsulullah r hesab günü ibadətlərdən soruşulacaq ilk sualın “namaz” haqqında olacağını, əgər qul namazlarını Allahın istədiyi şəkildə əda etmişsə, qurtuluşa çatacağını, əks təqdirdə ziyana uğrayacağını xəbər vermişdir.
Ümmətinə hədsiz dərəcədə şəfqətli və mərhəmətli olan Peyğəmbərimiz r son nəfəsini verərkən də üç dəfə “Namaz xüsusunda Allahdan qorxun!”, - buyurmuşdu. Ardınca bəzi tövsiyələrini etdikdən sonra “namaz, namaz…” deyərək əziz ruhunu təslim etmişdir.
Mövlana həzrətləri buyurur:
“Sünnəni, camaatı tərk edən kəs yırtıcı əjdahalarla dolu bir yerdə öz qanını tökməkdən başqa nə edər?!
Sünnə yoldur, camaat / topluluq isə yol yoldaşı kimidir. İnsan yolsuz və yoldaşsız qalarsa, çox sıxılar, darda qalar”.
Allah-Təalanın rəhməti camaatın üstündədir.
Hədisi-şərifdə:
“Camaatda rəhmət, ayrılıqda əzab var”, - buyurulmuşdur. (Münavi, III, 470)
Başqa bir hədisi-şərifdə də Hz. Peyğəmbər r belə buyurmuşdur:
“Şeytan insanın qurdudur. Eynilə sürüdən ayrılan qoyunu parçalayan qurd kimi. Əsla qruplara ayrılmayın. Camaatdan, topluluqdan və məscidlərdən ayrılmayın!”. (Əhməd, II, 400; V, 335; Hakim, I, 73/59)
İslam fərdiyyətçiliyi, eqoizmi, cəmiyyətdən uzaqlaşıb öz qabığına çəkilərək yaşanan həyat tərzini qadağan edir, bunun müqabilində qayğıkeşliyi, din qardaşları ilə bərabərliyi, qaynayıb-qarışmağı, yardımlaşmağı və ictimailəşməni əmr edir. Şübhəsiz ki, bunun ən gözəl vasitələrindən biri də Allahın evi, İslamın şüarı və müsəlmanların birlik, bərabərlik və tövhidinin simvolu olan məscidlərdə namazların camaatla qılınmasıdır.
Məscidlərə gedərək namazı camaatla qılmaq Hz. Peyğəmbərin vacibə yaxın müəkkəd sünnələrindən biridir. Bəzi məzhəblərsə bunu fərzi-kifayə, hətta fərzi-ayn dərəcəsində qəbul edirlər.
Hədisi-şərifdə buyurulur:
“Bir adamın məscidlərə getməyi vərdiş halına gətirdiyini görsəniz, onun imanlı olduğuna şahidlik edin. Çünki Allah-Təala belə buyurmuşdur:
“Allahın məscidlərini yalnız Allaha iman edənlər abadlaşdırar…” (ət-Tövbə, 18 / İbn Macə, Məsacid, 19)
Deməli, iman əlaməti olan “məscidin abadlaşdırılması”nın bir mənası da məscidi camaatla canlandırmaqdır. Çünki ümməti-Muhamməd üçün bütün yer üzü məscid qılınmışdır. Əsas məsələ məscidin içini doldurmaqdır. Əgər bir məscid camaatdan məhrum qalıbsa, çox keçmədən həzin viranəyə çevrilər. Onu yenidən əhya etməksə möminlərin borcudur.
Rəsulullah r, əshabi-kiram və digər İslam böyükləri camaata davam etmək xüsusunda böyük həssaslıq göstərərək bizə də nümunə olmuşlar. Necə ki, səhabələrdən olan Abdullah bin Məsud t belə deyir:
“Sabah Allaha müsəlman olaraq qovuşmaq istəyən kəs namazlarını azan oxunan yerdə qılmağa davam etsin. Şübhəsiz ki, Allah sizin Peyğəmbərinizə hidayət yollarını açıqlamış və əmr etmişdir. Namazları camaatla qılmaq da hidayət yollarındandır.
Əgər camaatı tərk edib namazı evində qılan bu adam kimi etsəniz, Peyğəmbərinizin sünnəsini tərk etmiş olarsınız. Peyğəmbərinizin sünnəsini tərk etsəniz, yoldan çıxarsınız.
Hər kim gözəl dəstəmaz alar, sonra bu məscidlərdən bir məscidə getmək üçün yola çıxarsa, Allah-Təala atdığı hər addım üçün bir savab yazar, onu bir dərəcə yüksəldər və bir günahını silər.
Vallahi, mən nifaqı aşkar olan münafiqdən başqa namazdan geri qalanımız olduğunu görmədim. Allaha and olsun ki, bir adam xəstələnsə iki nəfərin qoluna girərək onların arasında namaza gətirilər və onların köməyi ilə səfdə durardı”. (Müslim, Məsacid 257)
Fədalə bin Übeyd t da əshabi-suffənin yaşadıqları çətinliklərə, böyük məhrumiyyətlərə baxmayaraq namazı camaatla qılmaq xüsusunda sərgilədikləri əzm, səbir və cəhdin bir misalını belə nəql edir:
“Rəsulullah əshabına namaz qıldırarkən onlardan bəzisi aclığın səbəb olduğu taqətsizlik üzündən ayaq üstə dura bilməyib yerə yıxılardı. Bunlar Suffə əshabı idi. Uzaqdan gələn bədəvilər onların halına heyrət edərdilər. Allah Rəsulu namazı qılıb qurtarandan sonra aclıqdan bayılanların yanına gedər və onlara təsəlli verərək:
“Allah-Təalanın qatında sizin üçün nələr hazırlandığını bilsəydiniz, daha da yoxsul və möhtac olmağı istəyərdiniz”, - buyurardı”. (Tirmizi, Zöhd 39/2368)
Döyüş anında belə namazın tərk edilməməsi, camaat halında növbə ilə qılınması Allah tərəfindən Qurani-Kərimdə təfsilatlı şəkildə bildirilir. Bu ilahi əmr camaatla namazın müsəlmanlar üçün vazkeçilməz qulluq məsuliyyəti olmasının mənalı ifadəsidir.
Digər tərəfdən, Rəsulullah r gözləri görməyən səhabəyə belə namazı məsciddə camaatla qılmasını tövsiyə etmişdir.
Bütün bu misallar əshabi-kiramın nə qədər ağır şərtlərlə qarşılaşsa da, camaatla namaza əsla səhlənkar yanaşmadıqlarını göstərir.
Ən böyük nümunəvi şəxsiyyət olan Hz. Peyğəmbər də azan oxunan kimi Allahın hüzuruna çıxacağı üçün sanki həyata ara verər, ətrafındakıları tanımaz hala düşərdi. Namazı ilk vaxtında qılar, sonra həmin ibadət ab-havasında digər işlərini görərdi.
Biz də Hz. Peyğəmbərin sünnəsinə tabe olaraq gündəlik işlərimizi, plan-proqramlarımızı namaza görə tənzimləyə bilsək, azan oxunan kimi hər şeydən uzaqlaşıb Rəbbimizin hüzuruna can ata bilsək, inşallah Onun riza və məhəbbətinə nail olarıq. Namaza qarşı bu qədər həssas olmağımız həyatımıza da bambaşqa feyz və rəhmət olaraq əks edər.
Unutmamalıyıq ki, namaz insanı yalnız pis və günah işlərdən uzaqlaşdırar, yəni dinin və ağılın pis adlandırdığı şeylərdən uzaqlaşdırar. Mömin namaz səbəbi ilə heç bir xeyirli işdən uzaqlaşmaz. Əksinə, işinə fasilə verib namazını tədili-ərkan və xüşu ilə qılandan sonra qaldığı yerdən davam edən möminin işləri daha da xeyirli və bərəkətli olar.
Məsələn, azanı eşidən kimi maşınını saxlayan, avtobusdan düşən, getdiyi yolu yarıda kəsib namazını ilk vaxtında və camaatla qılan möminin yolunun daha açıq, səfərinin daha hüzurlu olacağı şübhəsizdir. İşinə fasilə verib namazdan sonra davam edən möminin işi avand olar. Dərs oxuyan tələbə azanı eşidib kitabı bağlayarsa, namazını qılandan sonra yenidən qaldığı yerdən davam edərsə, zehninin daha iti, könlünün nurla dolduğunu müşahidə edər.
Bu həssaslığa sahib olan möminlər bir çox ilahi lütfə məzhər olmuşlar. Biz də gündəlik həyatın axışı içində Allah rizasını istəyərək bu həssaslığı göstərə bilsək, ixlasımız nisbətində bir çox ilahi ehsana məzhər olarıq.
Allah-Təala ibadət həyatında bu həssaslığı sərgiləyən qullarını sevir və onları belə mədh edir:
“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar”. (ən-Nur, 37)
Deməli, Allah-Təala heç bir şeyin ibadətə mane olmasını istəmir. Bu maneələri aşaraq hüzuruna duran qullarından da razı olar.
Lakin bunun əksinə, “mən çox məşğulam, ora-bura qaçmaqdan vaxt tapmıram, ailə-uşaq, iş-güc imkan vermir…” kimi nəfsani bəhanələr və dünyəvi mənfəətlər uğrunda namazı, ibadəti, Allah yolunda çalışmaları tərk edənlərə də şiddətlə xəbərdarlıq edir:
“Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır”. (əl-Münafiqun, 9)
Mövlana həzrətləri buyurur:
“Bunu bil ki, Allah-Təala Peyğəmbərin əshabına da xəbərdarlıq etdi. Çünki bir qıtlıq ilində (karvan gəldiyini xəbər verən) davul səsini eşidib məsciddən çıxıb cümə namazını tərk etmişdilər.
Fikirləşirdilər ki, Başqası qabağa düşüb ucuz qiymətə almasın, biz daha qazanclı çıxaq.
Hz. Peyğəmbər namazda tək qaldı. Yanında dininə möhkəm bağlı olan bir neçə nəfərdən başqa heç kim yox idi.
Allah-Təala namazı qoyub gedənlərə “Ticarət sizi Peyğəmbərin hüzurundan necə uzaqlaşdırdı?” - deyə buyurdu.
Siz buğda almağın təlaşına düşüb Peyğəmbəri minbərdə tək qoydunuz.
Buğda almaq üçün yanlış toxum səpdiniz, etdiyiniz hərəkət düz deyil. Allah Rəsulunu dinləmədiniz, Onu məsciddə tək qoydunuz.
Halbuki Onun söhbəti əyləncədən də xeyirlidir, maldan da. Diqqət edin görün buğda uğrunda kimi qoyub getdiniz?! Gözlərinizi ovuşdurun, qəflət yuxusundan ayılın!
Ehtirasa qapılaraq Allah-Təalanın “Hər kəsin ruzisini verən mənəm, mən ruzi verənlərin ən xeyirlisiyəm”, - buyruğunu layiqincə dərk edə bilmədiniz!..”
Mövlana həzrətləri bu ifadələri ilə Cümə surəsinin 11-ci ayəsində zikr edilən hadisəni şərh edir:
Rəvayətə görə, Mədinədə qıtlıq baş verdiyi bir vaxtda Hz. Peyğəmbər cümə xütbəsi oxuyarkən oradan ərzaqla yüklənmiş karvan keçirdi. Karvanın gəldiyini sevinclə xəbər verən davul səsini eşidənlər dərhal karvana can atdılar. Rəsulullahın yanında yalnız on iki nəfər qaldı. Bu hadisədən sonra fani mənfəətlər naminə əbədi qazancdan məhrum qalmağın böyük bir xəta olduğunu bildirən bu ayə nazil oldu:
“Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!”. (əl-Cumuə, 11)
Bir çoxları bəzən ruzi təlaşı, bəzən vəzifə, bəzən sərvət, şəhvət və şöhrət kimi nəfsani ehtiraslara əsir olaraq dünyaya gəlmə məqsədimiz olan qulluq vəzifəsinə laqeyd yanaşırlar. Halbuki biz bu dünyaya sahib olmaq üçün deyil, şahid olmağa gəldik. İbadətlərimizlə, qulluq vəzifəmizlə Allahın yer üzündə şahidi olduğumuzu isbat etməyə gəldik. Bu dünya qonaq qaldığımız evdən ibarətdir. Burada ev sahibi ədası ilə dolaşmaq, dünyanın ardı-arxası kəsilməz işlərini bitirəcəkmiş kimi ehtirasa qapılıb namazdan, zikrdən və digər qulluq vəzifələrindən uzaq qalmaq böyük ziyan səbəbidir.
Əlbəttə ki, insan özünün və məsul olduğu kəslərin dolanışığını təmin etmək üçün Allahın məşru qıldığı işlərdə çalışmalıdır. Lakin bunu heç vaxt Rəbbinə qarşı qulluq vəzifəsinə laqeyd yanaşmasına bəhanə gətirməməlidir. Allahın rizasını cəlb edəcək kiçicik bir əməlin dünya və içindəkilərdən daha qiymətli olduğunu əsla unutmamalıdır. Bu həqiqətin izahı sayılan bir hadisəni əshabi-kiramdan Əbu Hüreyrə t belə nəql etmişdir:
Bir dəfə Hz. Peyğəmbər r bir yerə hərbi birlik göndərmişdi. Həmin birlik qısa zaman içində böyük qənimətlə geri qayıtdı. Həzrət Əbu Bəkr t:
“Ya Rəsulallah, biz bu birlikdən daha tez qayıdan və bu birlikdən daha çox qənimət gətirən birlik görmədik”, - dedi.
Rəsulullah r isə belə buyurdu:
“Mən sizə bundan daha erkən qayıdan və daha böyük qənimət gətirən bir şeyi xəbər verimmi? Bir adam gözəl dəstəmaz alaraq məscidə gedər, sübh namazını qılar, ardınca da duha namazını qılarsa, bax həmin adam həm daha erkən qayıtmış, həm də daha çox qazanc əldə etmiş olar”. Beləliklə, həyata və hadisələrə iman pəncərəsindən baxmağın hikmətli misalını sərgilədi.
Həyatda və dünyada baş verənləri iman pəncərəsindən seyr edən Allah dostları da maddi itkilərə görə məyus olub mənəvi itkilərinin fərqində olmayan qəflət əhlinə heyrət etmişlər. Xatəmi Əsam həzrətlərinin bu iradı sözügedən məsələyə gözəl nümunələrdən biridir. O böyük Allah dostu buyurur:
“Bir vaxt namazını camaatla qıla bilmədiyim üçün mənə yalnız Əbu İshaq başsağlığı verdi. Halbuki övladım ölsə, on mindən artıq adam gəlib başsağlığı verərdi. Çünki insanların nəzərində dini müsibətlər dünyəvi müsibətlərdən daha yüngül görünür”. (Qəzali, Əhya, I, 136)
Bütün bu həqiqətlərə rəğmən son dərəcə mühüm sünnə olan camaatla namaza, təəssüf ki, zəmanəmizdə kifayət qədər əhəmiyyət verilmir. Halbuki biz camaatdan heç vaxt məhrum qalmamaq üçün böyük məscidlər inşa edən, bununla da kifayətlənməyib məhəllə aralarına kiçik məscidlər tikdirən və imanla fəth etdiyi diyarlara qübbələr saçan bir millətin nəvələriyik.
Bu gün həmin məscidləri camaatsızlıq səbəbindən kimsəsiz qoysaq, sabah qiyamət günü əcdadımızın üzünə necə baxarıq?! Məhşər günü Allah Rəsulunun şəfaətini istəyərkən Onun bu mühüm sünnəsinə laqeyd yanaşdığımız üçün danlansaq, halımız necə olacaq?!
Allah-Təala səcdələrimizə ona yaxınlığımıza vəsilə olacaq keyfiyyət bəxş etsin. Namazımızı merac iqlimində qılmağı nəsib etsin. Hər birimizi camaata davam edərək məscidləri mənən adablaşdıran möminlərdən etsin. Qəlblərimizi İslamın təlqin etdiyi camaat ruhu və birlik şüuru ilə dolduraraq məzlum və məyus halda olan ümməti-Muhammədin yenidən dirilişinə və qurtuluşuna vəsilə qılsın.
Amin!..
ŞƏRHLƏR