KİTAB ŞƏKLİNDƏ ENƏN İLK VƏHY: TÖVRAT

KİTAB ŞƏKLİNDƏ ENƏN İLK VƏHY: TÖVRAT

Tövrat Allahdan gələn dörd ilahi kitabdan ilkidir.

 İbranicə Torah sözünün ərəbcələşmiş şəkli olan Tövrat; qanun, ittifaq, birlik, razılaşma, müqavilə, andlaşma kimi mənalara gəlir. İslam ənənəsində Hz. Musaya (ə.s) nazil olan kitabın adı olaraq bilinir. Yəhudi ənənəsində isə bu gün Əhdi-ətiq deyilən kitabların ümumi adıdır.

Qurani-Kərimin yeddi ayrı surəsinin 16 ayəsində Tövrat sözü işlədilmişdir. Bu kitabın əslinin Allah tərəfindən nazil edildiyinə inanmaq hər müsəlmana fərzdir. Bunu inkar etmək isə küfrdür. Çünki Quranda və müxtəlif hədislərdə Tövratın Allah kitabı olduğu qəti və açıq şəkildə izah edilmişdir: “Tövratı biz endirdik. Onda hidayət və nur vardır. Özlərini Allaha təslim etmiş peyğəmbərlər onunla yəhudilərə hökm edərdilər. Allahın kitabını qorumaları onlardan istəndiyi üçün Rəblərinə təslim olmuş zahidlər və alimlər də (onunla hökm edərdilər) ona (haqq olduğuna) şahid idilər”.(əl-Maidə5/44)

Bu gün əldə bir-birinə uyğun gəlməyən məşhur üç Tövrat var: biri ibranicə (ivrit), biri yunanca, digəri də samiricədir. Bunlardan başqa daha çox qarışıq olan tövratlar da mövcuddur.

Tövrat beş hissədən ibarətdir:

Təkvin (yaratma): Yaradılış dastanından, insanların ilk günahından, Nuh tufanından, Hz. İbrahim, İshaq, Yaqub, Yusuf və Bəni-İsrailin həyatlarından bəhs edir..

 Xuruc (çıxış): Hz. Musadan və Bəni-İsrailin Misirdən çıxışından, Allahın Tur dağında Musaya qanunlarını bildirməsindən bəhs edir.

Ləvililər: Bu kitabda ayin və mərasimə aid üsullar, qurban, kahinlər, təmizlik qanunları və bayramların tənzimi izah edilir.

 Saylar (ədədlər): Hz. Musanın vəfatından sonra İsrail millətinin Tur dağından qalxıb Ərdən (və ya Ərdəm) ölkəsinə, Kənan diyarına (Fələstinə) girmələrindən bəhs edir.

Təsniyə: Hz. Musanın ölümündən və onun zamanında olmayan ənənələrdən bəhs edir.  

Din tarixçiləri 39 kitabdan meydana gələn Tövratı, ümumiyyətlə, üç hissəyə ayırırlar: 1- Tövrat (qanun kitabı), 2- Nəbiim (nəbilər kitabı), 3- Ketubim (yazılar kitabı).

Yəhudiliyə görə, Tövratın ilk beş kitabı Allah (Yəhova) tərəfindən Hz. Musaya (Moşe) bildirilmiş kəlamdır. Beşinci kitabdan sonra gələn Yeşu da eyni kitabdan sayılmış və beləcə, altı kitabdan meydana gətirilmişdir. Bu iki ayrı izahatdan birində Tanrının adı Elohim (ruhlar), digərində isə Yəhova (mövcud olan) deyə işlədilir. Digər bir ifadə ilə bu iki mətnə elohist və yahvist mətn deyilir. Bu iki ayrı mətndə bir çox ziddiyyətlər müəyyən edilmişdir.

Yəhudilər və protestantlar tövratın ibranicə olan nüsxəsini, Roma və Şərq kilsələri yunanca nüsxəsini, samirilər isə samiricə olan nüsxəni qəbul edirlər.

Yazılı olan bölmə Turi-sinada (Har-sinay) Tanrı Yahvə tərəfindən Hz. Musaya (Moşe) endirilən beş kitab və əlavələrini ehtiva edir. Şifahi olan bölmə isə Hz. Musaya ətf edilən və ondan nəql edilənlərlə Tövratı tamamlayan şərhləri ehtiva edir. Günümüzdəki yəhudilər Tövrat əvəzinə Tanah kəlməsini işlədirlər. Təqribən e.ə. 1200-1100 illəri arasında tamamlanan və ibranicə yazılmış olan Tanahın içərisində arami dilində bir neçə bölmə də mövcuddur.

Yəhudi əqidəsinə görə, harada olmasından aslı olmayaraq, Tövrat oxunarkən başın mütləq örtülməsi şərtdir. Açıq başla məbədə girilməz, Tövrat da oxunmaz. Bundan əlavə, qaydalara görə dəstəmaz almaq və pak olmaq lazımdır. Tövrat hərbi keçidlərdə (Ha Tsaada) əsgərlərin mühafizəsi altında oxunur. Tövrat oxunduqdan sonra bir taxta qoyularaq küçəyə çıxarılır və mərasimlə dolaşdırılır. Bu mərasimə Tövrat bayramı deyilir. Mərasim bütün dünyada eyni şəkildə həyata keçirilir. Çiyinlərdə və qucaqda Tövratı gəzdirmək savab sayılır. Həm mülki şəxslər, həm də əsgərlər and içəndə Tövrata and içirlər. Tövrat haqqında mübahisə və tənqidə qətiyyən icazə verilməz. Məktəb çağındakı hər şagirdin bir Tövratı vardır və siniflərdə də ancaq yaylıqlı olmaq şərti ilə Tövrat oxunur.

Allahdan haqq olaraq nazil olan Tövrat kitabının hökmləri möminlər üçün bağlayıcı deyildir. Çünki həm zamanla müxtəlif təhrif və dəyişikliklərə məruz qalmış, həm də son ilahi kitab olan Quranla onun hökmləri qaldırılmışdır. Rəvayət edilən hədisə görə, bir gün Ömər bin Xəttab (r.a) əlində Tövratdan bir parça ilə Rəsulullahın yanına gələrək dedi: “Ya Rəsulallah! Bu, Tövratın bir hissəsidir.” Hz. Peyğəmbər (s.ə.s) ona bir cavab vermədi. O da oxumağa başladı.

Hz. Ömər (r.a) oxuyanda Peyğəmbərimizin üzünün rəngi dəyişdi. Bunu görən Əbu Bəkr (r.a) dedi: “Rəsulullahın (s.ə.s) üzünü görmürsən, başı bəlalı adam?!”

Ömər (r.a) Rəsulullaha (s.a.s) baxdı və dedi: “Allahın və Rəsulunun qəzəbindən Allaha sığınıram. Biz Rəbb olaraq Allahdan, din olaraq İslam dinindən və peyğəmbər olaraq Muhamməddən (s.ə.s) razıyıq”.

Peyğəmbərimiz (s.ə.s) belə buyurdu: “Muhammədə həyat verən Allaha and olsun ki, sizə Musa görünsə və siz məni buraxıb ona tabe olsanız, haqq yoldan sapmış olarsınız. Əgər Musa (ə.s) mənim dövrümdə  yaşasa və peyğəmbərliyimi bilsə,  o, mütləq mənə tabe olardı”. (Əhməd b. Hənbəl, III, 387; İbn Əbi Şeybə, əl-Musannəf, VI, 228; ed-Darimi, Sünən I, 22, (449))

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz