Monqolustan səfəri

Monqolustan səfəri

Keçən ay TİKA-nın Monqolustanda “Əbru sənəti vasitəsilə əlillərin rehabilitasiyası” adı altında  təşkil etdiyi kursda müəllim kimi iştirak etdim.

 Beləcə, oraları da görmüş oldum və heç bir zaman unutmayacağım xatirələrlə geri qayıtdım.

Ərazisi daha çox dağlıq sahələrdən və yaylaqlardan ibarət olan Monqolustan dəniz səviyyəsindən təxminən 1580 metr yüksəklikdə yerləşir. Rusiya və Çin ilə həmsərhəddir. Əhalisinin çox hissəsi monqol, qalan az bir hissəsi də qazaxlar, tuvalılar, uyğurlar, özbəklər və s. azlıqlardır. Əhalinin 30 %-i köçəri həyat yaşamaqdadır. Paytaxt Ulan-Batordan 40-50 km kənara çıxsanız, yol boyunca dağların yamaclarına səpələnmiş çadırları görə bilərsiniz. Hətta şəhərin mərkəzində də çadırları görmək təsadüfi hal deyil.

 Belə demək olar ki, çadır turizmi əcnəbi turistlərin də  diqqətini çəkməkdədir. Yaylaqlarda xüsusi çadırlarda turistlərə xidmət göstərilir.

3 milyon əhalisi olan bu ölkədə rəsmi statistikaya görə 65 milyon mal-qara mövcuddur. At ilxıları, qoyun-keçi sürüsü, iri və xırda buynuzlu mal-qara sanki yaşıl otlaqların naxışı kimi yaylaqlara bəzək vurur. Heyvanın bol olması səbəbi ilə, təbii ki, dəri məhsullarına və yun məmulatlarının olduqca çox sayda çeşidlərinə rast gəlmək olur. Keçi tükündən əldə olunan kəşmir növü dünyaca məşhur parçalardan biridir. Qiyməti bir az bahalı olsa da, ipək kimi zərif və yumşaqdır. Dəvə tükündən və qoyun yunundan əldə olunan keçə məhsulları da diqqətəlayiqdir.

Söz canlılardan açılmışkən, orada gördüyüm bir mənzərə mənə, həqiqətən, ağır gəlmiş, pis təsir etmişdi. Belə ki, türkiyəli qardaşlarımızla bərabər heyvan kəsim yerinə getmişdik. Mənə əbru sənətində istifadə etmək üçün öd lazım idi. Buna görə də, öd toplamağa getmişdim.  Bərabər getdiyimiz yoldaşlar isə qurbanlıq bir heyvana baxmaq istəyirdilər. Kəsimxanaya daxil olanda onların heyvanları necə kəsdiklərinə diqqət yetirdim. Gördüm ki, heyvanların boynunun arxa hissəsindən ucu şiş olan bıçağı sancıb heyvanı boğazlamadan öldürürlər. Daha sonra dərisini soyurlar. Heyvan boğazlanmadığı üçün qanı çölə axmır. Onsuz da qibləyə tutmaq kimi bir adətləri də yoxdur. Dəvələri isə başına zərbə vuraraq öldürürlər. Heyvanların acı içində necə də hay-küy saldığını orada gördüm. Bir müsəlman olaraq heyvanlara qarşı duyduğum həssasiyyət və mərhəmət səbəbi ilə kövrəldim.

İqlimin sərt olması ilə əlaqədar çox az miqdarda meyvə-tərəvəz tapılır. Meyvələr daha çox Çindən gətirilir. Torpaqlarının çox hissəsi əkinə əlverişsizdir. Yeraltı mədənlərdən çıxardıqları daş kömür sayəsində milli gəlir əldə edirlər. 

Köhnə Sovet dövrünün bir çox əlamətlərini o cəmiyyətdə görmək olar. İnsanları mədəni, müasir görünüşdədir. Oxuma və yazma da yüksək səviyyədədir. Şəhərdə Sovetdən qalma trolleybuslar işləyir. Sovet rejiminin bütün ölkələrdə dərin iz saldığı alkoqol aludəçiliyi orada da özünü göstərir. Yaşayış binalarının ortasında yerləşən parklarda və bina önlərində bu cür insanları rahatlıqla görmək olar. Özləri bunu belə etiraf etdilər:  “Bizim öz milli içkimiz olan “qımız” (çiy at südü) var idi, onu içərdik. Ancaq Sovet rejimi bizi spirtli içkiyə öyrəşdirdi”.

 Monqolların öz ənənəvi geyimləri olsa da, hər zaman belə geyinmirlər. Bəzi əlamətdar günlərdə milli geyimlərini geyinirlər.

 Xanımların geyimlərində Avropa və Çinin təsirini  görmək olar. Amma çox maraqlısı budur ki, ictimai yerdə əl-ələ tutuşan, avropasayağı “mədəniyyət”ə bürünən gənclik hələlik orada peyda olmayıb. Bu da onların ənənələrini qoruyub saxlaması ilə əlaqəlidir.

Ana müqəddəs sayıldığı üçün bu cəmiyyətdə qadın hörmətəlayiq yer tutur. Qadınlar cəmiyyətdə aparıcı rol oynayırlar. Qız uşaqlarını çox sevirlər. Cəmiyyətdəki qızların sayca çoxluğu bunu deməyə əsas verir.

İnanc cəhətdən Tibet buddizmi və şamanizmə inanırlar. Buddist məbədləri geniş məkanlarda və yüksək yerlərdə yerləşir. Buddist rahiblər özlərinə görə bir sistem qurublar, yaxşı şəraitdə yaşayırlar. Qədimdə tərki-dünya olan, inziva həyatı yaşayan rahiblər indi evlənir, lüks maşınlar və bir sıra dünyəvi işlərə böyük meyl göstərirlər.  Ateizm səbəbi ilə dinsiz olanlar da çoxdur (30%). Müsəlmanlar sayca olduqca azlıq təşkil etməkdədirlər (təxminən 3%). Xristianlığın təbliği isə yüksək səviyyədə davam edir. Ulan-Batorda cəmi iki yerdə cümə namazı qılınır. İkisi də Türkiyənin din xidmətləri müşavirliyinin təşkil etdiyi yerlərdir.  Ərəblərin tikdirdiyi məscid isə oradakı cavabdeh şəxslərin məsuliyyətsizliyi nəticəsində yarımçıq qalıb.

Qədim türklər və qazaxlar İslam dininə qulluq edirdilər. Onlar da Sovetin təsiri ilə dinlərini unudublar. Mərasimə gələn din adamlarının oxuduqları qədər din anlayışları var. Hal-hazırda Türkiyədən ora gedən din xadimlərinin səyi  nəticəsində yenidən dinlərini öyrənməyə başlayıblar.

(ardı gələn sayımızda)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz