BİTMƏYƏN MYANMA FACİƏSİ

BİTMƏYƏN MYANMA FACİƏSİ

Myanma faciəsini obrazlı şəkildə metastaz verən xərçəng xəstəliyinə bənzətmək olar.

 Sadəcə fərq orasındadır ki, bu xəstəliyi həkimlər (yəni BMT və dünyanın aparıcı dövlətləri) müalicə etməli olduqları halda, xəstəyə (Myanmada etnik təmizlənməyə məruz qalan rohinya müsəlmanları) yaxınlaşmırlar, ya da “həkimlər” eləcə öz aralarında xəstə barəsində söhbət edirlər, amma biri nə kimyaterapiya kursu yazır, nə də əməliyyat etmək barədə düşünür.

Artıq son hesablamalara görə, Myanmanın həmin bölgəsində ölənlərin sayı 2000-i keçib, 400 mindən çox adam qonşu Banqladeşə qaçaraq qaçqın vəziyyətinə düşüb, Rohinya müsəlmanlarının yaşadığı 213 kənd yandırılıb və etnik təmizləmə siyasəti davam etdirilir.

Bu faciə 2 qlobal siyasi məsələni bizim üçün bir daha əyan etmiş oldu: Dünya təhlükəsizliyini qorumalı olan BMT-nin bir orqan kimi gücsüzlüyü və bu kimi məsələlərin həllində gərəksizliyi, nəticədə, cinayətkar rejimlərin cəzasızlıq şəraitində öz pis işlərini görməyə davam etmələri. Ən dəhşətlisi də odur ki, Çin və Rusiya kimi dövlətlər Myanma rejiminə qarşı sanksiya tətbiq etmək kimi onları kütləvi qətllərdən çəkindirən effektiv addımlar atmağa mane olur, BMT Təhlükəsizlik Şurasında səsə qoyulan bütün qətnamələrə veto qoyurlar. Faciənin digər dəhşətli aspekti isə Myanmanın indiki lideri 1991-ci ildə sülh üzrə Nobel mükafatı almış Aunq San Syu Kyinin bu hadisələrə göz yumması, dünyaya yalandan “Biz orada təhlükəsizliyə nəzarət edirik” kimi bəyanatlar verməklə dünya ictimaiyyətini aldatması, üstəlik, həyasızcasına orada baş verənlər haqda yalan məlumatların yayıldığını deməsidir.

Myanma hadisələri faktiki olaraq, “humanitar müdaxilə” prinsipinin yenidən aktual xarakter daşıdığını göstərmiş oldu. Eyni zamanda biz bu prinsip altında keçən əsrin doxsanıncı illərindən etibarən, vaxtilə haqlı və haqsız olmasından asılı olmayaraq həyata keçirilən əməliyyatları (keçmiş Yuqoslaviya ərazisində aparılan əməliyyatlardan söhbət gedir) xatırlamaya bilmərik. Məsələ burasındadır ki, məhz indiki zamanda Myanmada “humanitar müdaxilənin” edilməsi vacibdir. Söhbət heç də oradakı rejimin devrilməsindən getmir. Məsələ ilk növbədə konkret etnik qrupa məxsus olan insanların yaş qrupundan və cinsiyyətindən asılı olmayaraq öldürülməsinin və yaşadıqları ərazilərdən qovulmasının qarşısının alınmasından gedir.

Hələ ki, Rohinya müsəlmanlarının hüquqlarının qorunması məsələsində siyasi baxımdan bir-iki dövlətin daha çox fəal olduğunun şahidiyik. Eləcə də İƏT çərçivəsində məsələ ilə bağlı müvafiq qətnamələrin qəbul olunduğunu söyləyə bilərik. Amma fakt faktlığında qalır ki, problem daha ali səviyyədə həll edilməlidir, bunun üçün isə regionda ziddiyyətli maraqları olan supergüclər müəyyən konsensusa gəlməlidirlər. Əks halda, biz ancaq kağız üzərində qalan qərar və bəyanatların fonunda Rohinya faciəsinin şahidi olmağa davam edəcəyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz