HƏQİQƏT KARVANINA QOŞULMAQ

HƏQİQƏT KARVANINA QOŞULMAQ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

 “Ey iman edənlər! Sizə həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Rəsulunun çağrısına uyun və bilin ki, Allah kişi ilə qəlbinin arasına girər. Yenə bilin ki, Onun hüzurunda toplanacaqsınız”. (əl-Ənfal, 24)

 Aləmlərin Rəbbi olan Allaha (c.c) həmd-sənalar, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

Əbədiyyət yolçuluğunun səyyahı olaraq yaradılmış insan övladının bu uzun və məşəqqətli səyahətə hazırlıq səviyyəsi dünya və axirət arasında seçim cənginə çıxan kimliyinin meyl edəcəyi istiqamətdən böyük asılılıq təşkil etməkdədir. Rəbbimizin, həqiqət karvanının tam azuqəli yolçusu olmaq ümidi daşıyanları: “And olsun ki, Allahın Rəsulunda sizlər üçün, Allahı və axirəti arzu edənlər, Allahı çox anan kimsələr üçün gözəl bir örnək vardır” (əl-Əhzab, 21) ayəsi ilə Rəsulullahın mübarək yaşantısı ilə sıx bağlantı qurmalarına təşviq etməsi axirət yolçularına ərməğan edilən ən böyük İlahi lütfdür. Abdulqadir Gilani həzrətləri iman əhlini axirət yolçuluğunun dəhşət saçan çətinliklərindən qorumağa qabil olan sifətləri belə açıqlayır:

 “(İnsan övladını həqiqi qulluğa təşviq edən və sahib olanlara əbədiyyət yolçuluğunda hər cürə çətinliklərə sipər olacaq) Təsəvvüf səkkiz təməl üzərində qurulmuşdur: Birincisi comərdlikdir. Hz. İbrahimin (ə.s) sifətidir. İkincisi rizadır. Bu, Hz. İshaqın (ə.s) sifətidir. Üçüncüsü səbirdir. Bu, Hz. Əyyubun (ə.s) sifətidir. Dördüncüsü işarətdir. Bu, (yəni Allahın hər hadisədəki muradını bilmə keyfiyyəti) Hz. Zəkəriyyənin (ə.s) sifətidir. Beşincisi qurbiyyətdir (yəni yaxınlıq). Bu, Hz. Yəhyanın (ə.s) sifətidir. Altıncısı təsəvvüfdür (məna yolçuluğu). Bu, Hz. Musanın (ə.s) sifətidir. Yeddincisi eşqdir. Bu, Hz. İsanın (ə.s) sifətidir. Səkkizincisi isə fakirlik, yəni qulluğu bilmə sənətidir ki, bu da Hz. Muhammədin (s.ə.s) sifətidir”.

 Demək, hər bir sifətin həqiqətini anlamadan, onu yaşamadan və yaşatmadan insan övladının imdadına yetişəcək əbədi yolçuluq əzuqəsini ərsəyə gətirmək mümkün deyil. Məhz bu istiqamətdə, əbədiyyət yolçusunun hər zaman yardımına yetişəcək müstəsna bir qulluq əzminə sahib mənəvi kimliyin inşası dərdi ilə alışıb yanan İbrahim Düsuki həzrətləri həqiqət yolçularına belə səslənməkdədir: “Ey övladlarım! Bu qədər aldanma, aldatma, oyun, əyləncə, cəhalət, həva, iftira, xəsislik, sözündə durmamaq, unutmaq, qəflət, xəta, günah, yalan, kinlilik haradandır? O qədər nəsihət dinləmənizə rəğmən, yenə də ibrət alıb düzəlmirsiniz. Sanki ölülər kimi olmusunuz. Kitaba və şəriətə tabe olan kimsə əgər əmr və yasaqlara vaqif isə anlayışı da həqiqi olur. O, bu həqiqi anlayışı ilə bütün müşkülləri həll edər və qapalı mənalara işıq saçar. Amma onun anlayışı sadəcə söz əzbərləmək və bəzi zatların məqamını öyrənməkdən ibarət olarsa, bu, həqiqi anlayış sayılmaz. Əksinə, həqiqi anlayışa və faydalı elmləri öyrənməyə pərdə olar. Bütün işi sadəcə söz düzəltməkdən ibarət olan kimsə anlayan, əməl edən və irfan lisanı ilə danışan kimsə kimi deyildir. Müşahidə məqamına yetişən bir çox insan vardır ki, şəxsindən o məqamın anladılması istənildiyində, anlada bilməz. Çünki o, ancaq yaşanmaqla dadılacaq bir nemətdir. Yəni istəyim odur ki, bütün övladlarım söz düzən deyil, ilahi həqiqətləri dadan və yaşayan kimsələr olsunlar. Elmləri sinələrdən və sətirlərdən deyil, Rəbbani qaynaqlardan alanlardan olsunlar. Bilin ki, Allah dostları yalnız daddıqları mənaları söyləyərlər. Onların qəlbləri Allahın (c.c) lütf və ehsanı ilə doludur. O qəlblərdən abi-həyat damlaları axar. Bu səbəbdən də Allah dostlarının elmləri bütün elmlərin qaynağı olan ilahi qaynaqdan gəlir. Söz düzənə və söyləyənə gəlincə, o sadəcə başqasından hekayə edər. Allah dostlarının yaşadığı zövqdən bir nöqtə və ya bir zərrə belə istifadə edə bilməz. Bu elə bir kimsədir ki, aldanma dünyasının qabığı ilə kifayətləndi; halbuki biz elə insanlar gördük ki, mişar ilə bədənlərini parçalasalar belə, yaşamadıqları məqamları əsla anlatmazdılar. Allah (c.c) cümləmizi bu nəsihətləri əməllərinə nəqş edənlərdən etsin (Amin). Kim bu yolda xainlik edərsə, həlak olar. Kim də sözlərimizdən ibrət almazsa, (həqiqət) karvanımızda yürüyə bilməz, bizi haqqı ilə qavraya bilməz. Biz övladlarımızdan ancaq kamil haqq yolçusu və gözəl əxlaqlı olanları sevərik. Belə olan övladlarımıza sirr də verərik. Ey övladlarım! Allahı sevirsinizsə, yolumuzu pisləməyin, bu həqiqətlərlə oynamayın, hiyləgərlik etməyin, haqq ilə batili qarışdırmayın! İxlaslı olun ki, qurtula biləsiniz. Sizi sevdikcə və digər insanlardan sizi seçdikcə siz də bizi üzməyin, yolumuza uyğunsuz söz atmayın. Tərbiyə və nəsihət məsələsində haqqınızı ödədiyimiz kimi siz də onları dinləyərək və öyüd alaraq bizim haqqımızı yerinə yetirin. Mən sizə ancaq Rəbbimizin əmr etdiklərini əmr edirəm. Bunlar mənim deyil, Allahın əmrləridir. Əgər əhdinizi pozsanız, bilin ki, bu pozduğunuz əhd Allahın əhdidir. Bu yolda məqsədiniz bizdən (mənəvi mərtəbələrə yetişmə haqqında) icazət kağızı almaqdırsa, bizim sizə ehtiyacımız yoxdur. İstədiyiniz yerə gedə bilərsiniz!..”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz