Zəiflərin Hamisi
Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Zəif və yoxsullara diqqət edin! Çünki sizə yoxsullarınız sayəsində yardım edilir və ruzi verilir”. (Əbu Davud, Cihad 69)
Hər bir cəmiyyətdə qorunmağa, köməyə və xüsusi qayğıya möhtac insanlar olur. Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimiz (s.ə.s) heç bir fərq qoymadan hər təbəqədən insanlarla görüşmüş, ehtiyac sahiblərinə yardım məsələsində xüsusi bir səy göstərmişdir.
Peyğəmbərimizin uşaqlara münasibəti
İslam fitrəti üzrə doğulan uşaqların saflığını qorumaq vəzifəsi valideynlərə həvalə edilmişdir. Hədisi-şərifdə buyurulur: “Övladlarınıza qayğı göstərin və gözəl tərbiyə verin”. (İbn Macə, Ədəb 3) Dinimizə görə xeyirli və yaxşı uşaqlara sahib olmaq cəmiyyət üçün xoşbəxtlik mənbəyi, axirət həyatı üçün isə tükənməz savaba səbəb olan vasitələrdən biridir. Hz. Peyğəmbərimiz (s.ə.s) hər bir insanın ölümündən sonra əməl dəftərinin bağlanmamasını təmin edən üç şeydən birinin “Ona dua edən xeyirli bir övlad” olduğunu bildirmişdir. (Müslim, Vəsiyyət 14; Tirmizi, Əhkam 36)
Hz. Peyğəmbərimiz (s.ə.s) həyatın hər sahəsində uşaqlara dərin sevgi bəsləmiş, əhəmiyyət vermiş, problemlərini həll edərək doğru yola istiqamətləndirmişdir. Hədisi-şərifdə: “Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etsin (lazımi şəkildə maraqlansın)” (Deyləmi, III 513) buyuran Rəsulullah (s.ə.s) bir dəfə nəvəsi Hz. Həsəni öpərkən yanında oturan Akra bin Xabis adlı bir nəfər onu görmüş: “Siz uşaqları öpürsünüzmü? Mənim 10 övladım var, amma heç birini öpmürəm” demişdi. Peyğəmbərimiz (s.ə.s): “Mərhəmət etməyənə mərhəmət edilməz”, - deyə cavab vermişdi (Buxari, Ədəb 18; Müslim, Fədail 65)
İslam dininin uşaqlara münasibəti sevgi, mərhəmət və xoş rəftar anlayışlarına əsaslanır. Çünki uşaq dünyaya tər-təmiz bir yaradılışla və günahsız olaraq gəlir. Həddi-büluğ yaşına qədər etdiyi hərəkətlərinə görə dini baxımdan məsuliyyət daşımır. Dünyaya yeni gələn körpə bu cəhətdən böyüklərin köməyinə möhtac olub müəyyən yaşa qədər valideynlərinə bağlıdır. Lazım olan qayğını gördüyü təqdirdə sağlam bir şəxsiyyət kimi formalaşa bilər.
Peyğəmbərimizin yaşlılara münasibəti
Qocalıq Allah-Təalanın fitri bir qanunudur. Ömür ağacının ən son mərhələsidir. Artıq bu mərhələdə insan güclülük yerinə acizlik, gözəllik yerinə çirkinlik, irəliləyiş yerinə geriləmə, səhhət yerinə xəstəlik kimi qaçınılmaz hallarla üz-üzə qalır.
Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Ey Allahın qulları, müalicə olunun! Şübhəsiz ki, Allah-Təala, qocalıq müstəsna, hər xəstəliyin bir şəfasını yaratmışdır”. (Əbu Davud, Tibb 1; Tirmizi, Tibb 2)
Yaşlanacağını bilən hər insan oğlu qocalmadan əvvəl saleh əməllər işləyərək ömür sərmayəsindən şüurlu bir şəkildə istifadə etməlidir. Həqiqi bir möminin əhatəsindəki yaşlılara, həm də qoca ata və anasına təhqiredici rəftar etməsi, onları “dinclik, arxayınlıq” tapsınlar deyə qocalar evinə aparıb qoyması düşünülə bilməz. Əksinə, onların rahat şəkildə ömürlərini davam etdirə bilmələri üçün imkan daxilində gecə-gündüz qulluqlarında durmağımız lazımdır. Hədisi-şərifdə Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Beli bükülmüş qocalar, süd əmən körpələr və otlayan heyvanlar olmasaydı üzərinizə (bəla və) əzab yağardı”. (Heysəmi, X, 227)
Bu günün gənci, Allah ömür verərsə, özü də qocalacaq və etdiyi qulluğun qarşılığını mütləq görəcəkdir. Yenə hədisi-şəriflərin birində buyurulur ki: “Allah-Təala yaşlı olduğuna görə bir qocaya hörmət edən gəncə qocaldıqda qulluq edəcək kəslər lütf edər”. (Tirmizi, Birr 75)
Peyğəmbərimizin kölələrə münasibəti
Qeyd etmək lazımdır ki, köləliyi İslam icad etməmişdir. Ancaq İslam dini bəşəri dəyərlərdən uzaq olan qədim münasibətlərin əskinə, kölələrin vəziyyətini yaxşılaşdırmaq baxımından çox əhəmiyyətli yeniliklər gətirmişdir. Qurani-Kərimdə: “...Sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin” (ən-Nisa 34) buyrularaq onlara xoş rəftar olunması əmr edilmişdir.
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbərimizin (s.ə.s) bu rəhmətindən kölələr də nəsibini almışdır. Kölələrin yaşayış şəraitinə diqqət etmək, yediyindən yedirmək, geydiyindən geydirmək də Hz. Peyğəmbərimizin (s.ə.s) sünnəsindəndir. Bir hədisi-şərifdə belə buyurulur: “..Kölələrin ehtiyaclarını ödəməmək insana günah olaraq kifayətdir”. (Müslim, Zəkat 40)
Hz. Peyğəmbər (s.ə.s) kölələrin döyülməsini və ya hər hansı bir şəkildə işgəncəyə məruz qalmalarını qəti şəkildə qadağan etmişdir.
Dinimiz köləliyin zamanla ləğv edilməsinə istiqamətlənmiş tədbirlər də görmüşdür. İşlənən bəzi günahların kəffarəsi olaraq kölə azad etməyin şərt qoşulması bunlardan biridir.
Bütün işlərində olduğu kimi bu işdə də Hz. Peyğəmbər (s.ə.s) tövsiyə etdiyi xüsusları ilk əvvəl özü tətbiq edərək insanlara nümunə olmuşdur. Müxtəlif səbəblərlə kölələrin azad edilməsini təşviq edən Peyğəmbərimiz (s.ə.s) azad edilmiş kölələrlə azad insan arasındakı (cahiliyyə dövründəki) status fərqini aradan qaldırmaq məqsədi ilə özünün azad etdiyi köləsi Zeydi bibisi qızı Zeynəb binti Cahşla evləndirmişdi. (İbnul-Həcər, əl-İsabə I, 564)
ŞƏRHLƏR