VERDİKLƏRİNƏ ŞÜKÜR

VERDİKLƏRİNƏ ŞÜKÜR

Hər nemətin Allahdan gəldiyini bilərək Onun verdikləri müqabilində qulun həmd etməsi sayılan şükür əslində geniş mənalar ifadə edir. Şükrün yolu əvvəlcə Rəbbimizin bizə vermiş olduğu nemətləri görməkdən keçir. Ona görə də sözə nemətlərdən başlamaq yerində olar. Uca Rəbbimiz Qurani-Kərimdə “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz”, - buyuraraq (İbrahim, 33) bizi təchiz etdiyi nemətlərin çoxluğuna diqqət çəkir. Dünyaya insan olaraq gəlmək Yaradanın bizə bir lütfü olduğu kimi saysız-hesabsız nemətlərin əhatəsində yaşamağımız da Onun ayrı bir ikramıdır. İnsanı insan edən, kamillik zirvəsinə yüksəldən bu nemətləri görüb dərk etməsi və Rəbbini tanımasıdır. Bizə verilən nemətləri kateqoriyalara ayırmalı olsaq, maddi və mənəvi nemətlər başlığı altında cəmləşdirə bilərik.

Toxuna bildiyimiz, qidalandığımız, faydalandığımız bir çox maddi nemətlər içərisində həyat sürürük. İçdiyimiz sudan yediyimiz çörəyə, tənəffüs etdiyimiz təmiz havaya, əynimizə geyindiyimiz müxtəlif paltarlara, başımızı soxduğumuz evimizə qədər hər şey Onun bizə lütf etdiyi maddi varlıqlardır. Bəzən fərqində olmasaq da həqiqətən bir-birindən dəyərli nemətlərlə təchiz olunmuşuq. Bunun üçün əslində özümüzü dünyanın ən bəxtəvər insanı saya bilərik. Sadəcə hər gün içdiyimiz, təmizlik üçün istifadə etdiyimiz, lakin gözümüzdə bir o qədər dəyərə sahib olmayan su neməti üzərində düşünməli olsaq, doğulduğumuz andan son nəfəsimizi verənə qədər başımızı səcdədən qaldırmamaq müqabilində belə əvəzini ödəyə bilməyəcəyimizi dərk edərik. Bəzən suyu o qədər dəyərsiz görürük ki, hansısa bir malın ucuz olduğunu ifadə etmək üçün “su qiymətinə” sözündən istifadə edirik. Bəs yaxşı, bizə görə  bu qədərucuz olan su neməti nə qədər əhəmiyyətlidir? İdrakla oxunacağı təqdirdə Mülk surəsinin sonuncu ayəsi içində üzdüyü nemətlərin fərqində olmadanqəflət yuxusuna dalan insanı sözün həqiqi mənasında diksindirərək yuxudan ayıldıcı xarakter daşıyır: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!” Həqiqətən, görəsən, bir gün səhər oyanıb bütün dünyada suyun quruduğunu öyrənsək halımız necə olar? Günəşi, ayı, ulduzları, ağacları, meyvələri, rəngləri ilə bu dünya başdan-ayağa nemətlərlə bizə əmanət edilmişdir.

Bir də gözlə görmədiyimiz, əlimizlə toxuna bilmədiyimiz nemətlər var. Yaşadığımız sevinc hissini nə ilə dəyişə bilərik? Qəlbimizə dolan sevgi, məhəbbət, mənəvi rahatlıq dediyimiz itminan duyğusunu, doğma vətən torpağına ayaq basmağın həzzini, mavi səmada dalğalanan bayrağın könlümüzə verdiyi qürur hissini nə əvəz edə bilər? Elə isə vücudumuzda və ətrafımızda olan hər şeyin Rəbbimizdən gələn nemət olduğunu dərk etməli, şükründə qüsura yer verməməliyik. Allah Rəsulu əshabına şükrü tövsiyə etmiş, hətta bu xüsusda Allahdan yardım istəməyi məsləhət görmüşdür. Muaz bin Cəbəl radiyallahu anhdan rəvayət edildiyinə görə Rəsulullah səllallahu əleyhi və səlləm onun əlindən tutub belə buyurmuşdur:

“Ey Muaz! Allaha and olsun ki, səni çox sevirəm. Ey Muaz!Sənə hər namazdan sonra “Allahım, səni anmaq, sənə şükür etmək və sənə gözəl qulluq etməkdə mənə yardım et!” - duasını əsla tərk etməməyi tövsiyə edirəm”, - demişdi. (Əbu Davud, Vitr 26; Nəsai, Səhv 60)

Nemətin şükrü sadəcə dil ilə deyil, əməllə də yerinə yetirilməlidir. Sahib olduğumuz sağlam vücudu Onun yolunda ibadətə həsr etməli, lütf-kərəmi ilə qazandıqlarımızı yoxsullarla bölüşərək rizasını ummalı, yaşadığımız imanı hidayətə möhtaclara əks etdirməyə çalışmalı, öyrəndiklərimizi bu imkandan məhrum olanlarla paylaşmağın sevinci içində olmalıyıq. Doğulduğumuz ana vətən torpağının qədrini bilməli, yolunda nə lazımdırsa fəda etməyi vicdan borcu saymalıyıq. Bu gün müstəqilliyimizi borclu olduğumuz şəhidlərimizi də ayrı bir nemət olaraq görməliyik. Onlar millətimizin haqq səsini dünyaya eşitdirmək üçün, üçrəngli bayrağı vətən səmasında dalğalandırmaq üçün şirin canlarından keçərək özlərini bu yolda qurban etdilər. Qanlı Yanvar gecəsi küçələrə axışaraq azadlıq nemətini əlimizdən almaq istəyənlərə “dayan” dedilər. Dünyaya göz açan körpələrimiz azad böyüsün deyə, imperializm buxovlarından qurtulaq deyə əllərindən gələni etdilər. Torpağın bir qarışını belə düşmənə verməmək üçün Qarabağ uğrunda gedən döyüşlərdə şücaətlə vuruşaraq üzümüzü ağartdılar. Yeni nəsillərə göstərəcəyimiz örnəklər oldular. Bəli, onlar da bizə bəxş edilmiş bir nemətdirlər. Bu nemətin də şükrü onları sevmək, izlərini təqib etmək, yollarından ayrılmamaq, vətənə, millətə layiqincə xidmət göstərməkdir. Unutmayaq ki, şükrün kamalı dillə ifa edilənin əməllə vəhdət təşkil etməsindədir. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz