“Məsum Yalan”
Millimetrlərlə ölçülən göz bəbəklərimizlə bu ucsuz-bucaqsız kainatın gözəlliyini seyr eləməyə davam edirik. Bu müşahidəmiz nəticəsində gördüyümüzün qiymətini nə qədər dərk etdiyimizi elə müşahidə olunan ilə müşahidə vasitəmiz arasındakı müqayisəediləbilməyəcək dərin fərqdən təxmin edə bilərik. Bəzən gözümüzə düşən elə dəyərsiz şeylər olur ki, bütün dünyanı ondan ibarət zənn edərək aldana bilirik. Gözəl bir mənzərəni, ucsuz-bucaqsız çölləri seyr etməkdə ikən gözümüzün qabağını kəsən bir yarpaq kimi... Başımızı qaldırıb səmaya baxanda göy rəngin içində süzən ağ buludları görüb həzz alırıq. Əslində isə nə səma göy rəngdədir, nə də buludlar ağ... Mavi dənizə baxıb ruhumuzun dincəldiyini hiss edirik. Amma nə suyu mavidir, nə də dəniz məsum və şirin... Gecənin qaranlığında işıldayan səmaya baxıb heyran qalırıq. Halbuki nə ay gördüyümüz rəngdədir, nə də ulduzlar gördüyümüz yerdə... Allahın yoxdan var etdiyini inkar edənlər bəlkə bunu düşünmürlər, amma heç olmayanı bizə hər an var edərək göstərən Allahı görə bilmək üçün daha nə lazımdır?
Quranda və Hz. Peyğəmbərin hədislərində yalan danışmağın günah olduğu haqda saysız təkrarlar, geniş-geniş izahlar var. Yalanın nə olduğunu başa salarkən də, bunun var olmayan bir şeyi başqasına var imiş kimi dilə gətirməkdən ibarət olduğunu deyərik. Bəs özümüzə danışdığımız yalanlar necə olacaq? Bu dünya sanki gördüklərimizdən ibarət imiş kimi, məhdud ağlımızla öz zehnimizə qazıdıqlarımızın hesabı soruşulmayacaq? Bəzən bu dünyanın boş və əyləncədən ibarət bir çox şıltaqlıqlarına elə qapılırıq ki, ağlımızın “yox” dediyinə dilimiz “hə”, beynimizin “yox” dediyinə gözümüz “hə” deyir.
Bir neçə il əvvəl, qış tətili olduğu üçün evə, “rayona” getmişdim. Yeni ilin ilk günündə yaxın qohum-əqrəbanı ziyarət etmək, uzaqdan gələnləri görmək fürsəti əldə etmişdim. Bir yaxınımızın evinə getdim. Rusiyada yaşayan oğlu bu “yeni il”i keçirmək üçün ailəvi olaraq öz ata-baba evinə gəlmişdi. Bir də nə eşitsəm yaxşıdır: Anası səhər tezdən qapının ağzına bir oyuncaq qoyub. Uşaq yuxudan qalxanda deyib ki, gör “Santa Klaus” sənə nə gətirib? Necə də məsum bir yalandır, elə deyilmi? “Uşaq onsuz da böyüyəndə bunun bir nağıl olduğunu başa düşəcək, indilik sevinsin, əylənsin”, deyərək necə də özümüzü təmizə çıxartmağı bacarırıq, elə deyilmi? Özümüzü müsəlmanıq, Hz. Muhammədin dinindəyik deyə “aldatmamaq” üçün onun həyatından bir misalla gözümüzün qabağına düşən bu yarpağı götürə bilməyimiz üçün qüvvət almaq istəyirəm:
Abdullah bin Amr (r.a) adında bir səhabəsi nəql edir:
“Bir gün peyğəmbərimiz (s.ə.s) bizə gəlmişdi. Anam məni çağırmaq üçün, - “Oğlum, gəl sənə bir şey verəcəyəm”, - dedi. Peyğəmbərimiz anamdan, - “Uşağa nə vermək isəyirdin”? – deyə soruşdu. Anam da, - “Xurma vermək istəyirdim”, - deyə cavab verdi. Bundan sonra peyğəmbərimiz belə buyurdu: “Əgər nəsə verməsəydin sənə bir yalan günahı yazılardı”.
İndi fikirləşin, “sənə oyuncaq aldım” deyərək özünü sevdirmək yerinə, “Santa Klaus sənə oyuncaq alıb” deyərək adını belə düzgün tələffüz edə bilmədiyimiz, kim olduğunu anlamadığımız birinin sevgisini uşağın qəlbinə yerləşdirən, özü də yalançılardan olub günah işləyən “ana” ümmətiyəm dediyi peyğəmbərin üzünə necə baxa bilər? Böyüyəndə özünə bol-bol yalan danışıldığını başa düşən uşağın tərbiyəsi necə formalaşar?
Dinimizdə “məsum yalana icazə var” deyərək özümüzü təmizə çıxarmaq istəyərik. Dinin bu incə və zərif icazəsinin özümüzdə əks etdiyini zənn edərik.Zərifliyin və hədiyyələşməyin nə olduğunu başa düşməyə kömək eləmək məqsədilə Rəhmət Peyğəmbərindən bir misalı xatırlamaq yerinə düşərdi:
Peyğəmbərimiz (s.ə.s) bir gün bir səfərdən qayıdarkən Cabir (r.a) ilə söhbət edirdi. Söhbət əsnasında onun yeni evləndiyini və xeyli borcunun olduğunu öyrəndi. Peyğəmbərimiz onun nə qədər malının olduğunu soruşdu. O da bircə dəvəsi olduğunu dedi. Peyğəmbərimiz, -“Onu mənə sat”,- dedi. Qiymətdə razılaşıb, Mədinəyə çatana qədər onu minmək şərti ilə, Cabir dəvəsini satdı. Mədinəyə çatan kimi dəvəni peyğəmbərimizə təhvil vermək üçün onun yanına getdi. Bu zaman həmonu, həm də orada olan bütün müsəlmanları heyrətə salan bir hadisə ilə qarşılaşdı. Peyğəmbərimiz dəvənin pulunu ödəyib, dəvəni onun özünə hədiyyə elədi.
Bu hadisə orada olanları o qədər duyğulandırmışdı ki, o gecəyə “leylətül-bəir” (dəvə gecəsi) adı verilmişdi.
Bu zəriflik və bu nəzakət, qarşısındakını xəcalətə salmadan, əzmədən edilən bu yaxşılıq ancaq və ancaq bir rəhmət peyğəmbərinin vəsfi ola bilərdi. Bəs biz onun bu vəsfinin nə qədərini yansıdırıq. Bizim güzgülərimiz hara tuşlanıb, nəyə fokslanıb və nəyi əks etdirir? Bizim “məsum yalan”larımız kiməsə fayda verir? Sonra özümüzü aldadıb, özümüzə zərər verməsin?..
ŞƏRHLƏR