Halal və Haram Nəmər

Halal və Haram Nəmər

Nifrət, nifrət, yenə də nifrət... Bir həftəyə yaxındır ərli-arvadlı evdə od püskürürdülər. MüdirləriNiyaz müəllim kafedranın bütün müəllimlərinə bir-bir demişdi ki, ayın on ikisi altmış beş yaşını “Günəşli Şəhər” şadlıq sarayının banket zalında keçirəcək, hamınız dəvətlisiz. Təbii ki, müəllimlər üzünə: ”O nə sözdü, Niyaz müəllim, elə şey olar, sizin şad gününüzə gəlməyək?” – desələr də, ürəklərində dalınca döşəmişdilər: “Ay insafsız, altmış yaşını restoranda keçirdin, gəldik pulunu saldıq, iki-üç min də qabağa düşdün. Çox məcburdu, altmış beşi də keçirəsən?” Öz aralarında isə artıq yer pulu məsələsini müzakirə etməyə başlamışdılar: Görən, otuz manatdan aşağı olar, yoxsa yuxarı? Axırda, biri şadlıq sarayına zəng edib, öyrənmişdi ki, menyudan asılı olaraq yerin biri iyirmi beş-otuz beş manat arasında dəyişir. “Aydındır, deməli, aşağısı əlli manat salmaq lazımdır,” – müəllimlərdən biri köks ötürüb demişdi.

            Ər və arvadın qan ağlamağının səbəbi kişininiki ay əvvəl Neftçilər xəstəxanasında ürəyindən əməliyyat olunmasıydı.Cərraha, müalicəylə bağlı lazım olan dörd min manatı tapmaq üçün borca girmişdilər və bunu kafedra müdiri yaxşı bilirdi. Yubiley mərasimindən bir gün əvvəlarvad biləndə ki, ərinin ad gününə iki nəfərə yüz manat yox, iki yüz manat pul salmaq fikri var,təzyiqi qalxdı. “Ay kişi, axı nə məcburdu ki, iki yüz salasan, yer maksimum otuz beş manatdısa, əlli manat bəs edər. Aperasiyadan təzə çıxmış adamsan, yəni, ikimizə yüz manat salsan, Niyaz başa düşər”.  Kişi isə başını yelləyə-yelləyə dedi ki, haramı olsun, amma iki nəfərə yüz salmaqayıb olar.Arvad əl çəkmədi ki, onda heç olmasa, iki yüz yox, yüz əlli manat sal. Kişi şəhadət barmağını gicgahına apardı, yəni, başın xarab olub?

            Kafedranın qadın müəllimləri saç ustalarının yanına gedib saçlarını istədikləri formaya saldılar, makiyajlandılar, kişilərsə kostyum-qalstukda, mazlanmış ayaqqabılarda öz maşınlarıyla, bəziləri taksiylə şadlıq sarayının banket zalına təşrif buyurdular. Məclisə gələnlər arasında ən maraqlı-əcaib tipaj səbəbkarın kürəkəniydi. Rayondan gəlmiş, Bakıda tikinti şirkətlərinin birində mühasib işləyən gənc kürəkən arvadıyla kirayə otaqda qalırdı. Taksiylə gəlməmək üçün icarədən Leksus CİP-i götürüb arvadıyla qol-qola zala daxil olmuşdu.

            Kafedranın ştatdakı on müəlliminin hamısı bir-bir səhnəyə çıxıb mikrofonu əlinə alıb tost dedi: “Əzizimiz Niyaz müəllim, sizin sağlığınıza”, “Ağsaqqalımız, böyük qardaşımız sağ olsun”, “Kafedramızın müdrik müəllimi”.Rəqs elədilər, yarımqaranlıq, yanıb-sönən işıqlı zalda diskotekaya qədər, – doyunca yedilər-içdilər. Başıdumanlı kişilər bir həftəydi yeddi arxa dönənini söydükləri kafedra müdirlərinin o üzündən, bu üzündən öpürdülər.

            Axırda masaya tort gəldi, üstündə də yanan 65 şəkilli şamlar. Niyaz müəllim ovurdlarını havayla doldurub üfürərək yanan şamları söndürdü. Kafedra işçiləri yenə Niyaz müəllimi alqışladılar və gecə on ikinin yarısı gələnlər konvertə adlarını yazıb, əksəriyyəti də içinə  yüz manatla bir yerdə qutuya atıb evlərinə getdilər.

            Evə qayıdan kimi Niyaz müəllim əsas mərasimə keçdi, diplomatını açıb konvertləri masanın üstünə səpələdi, arvadına isə çay dəmləməyitapşırdı. Konvertlərin üstündəki ad-soyadları oxuyub, onları ayrıca dəftərə yazır, açıb içindəki yüzlükləri, əllilikləri çıxardıb “Yaxşı”, “Afərin” deyir,hər adın qabağında 100 AZN yazırdı. Konvertlərin birinin üstündə “HətəmovNiyaz,kafedraya olmuş böyük bir paz”sözlərinigörəndə diksindi, yerindən qalxdı, sonra oturub tez konverti açdı. İçindəki pulu götürdü, yüz manatın rəngli kseroksuydu, kağızı elə həmin pul formasında da kəsmişdilər, amma Qız qalası şəkli olan tərəfi kseroks olunmamışdı, ağ idi, çap hərfləriylə “Haramın olsun, kafedra əməkdaşları” yazılmışdı. Konvertdən bir iyirmilik, bir də onluq manatın kseroksunu çıxardı, hər ikisinin bir üzündə “Halalın olsun, kafedra əməkdaşları” yazılmışdı. Bircə konvertdən çıxardıb masanın üstünə qoyduğu iki iyirmi, bir on qəpiklik əsl pullar idi. Vecinə də deyildi, hesabladıqları yer pulunu xeyli keçmişdi. Güldü, qəpikləri götürüb cibinə atdı. Sonra əlini cibinə salıb çıxardığı qəpiklərimasanın üstünə atan kafedra müdiri gülə-gülə mətbəxə tərəf səsləndi: “Ay arvad, bir dəyqə bura gəl!...”

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz