HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi -q.s- (6)

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi -q.s- (6)

Xalid Bağdadi həzrətləri buyurur:

“…Allah-Təaladan bizim və sizin üçün istiqamətinin davamını istəyirik. İstiqamət səbəblərini əldə etmək üçün var gücünüzlə çalışın. Çünki istiqamət minlərlə kəramətdən daha faydalıdır...”[1]

Sanki könüllərdə şok təsiri yaradan kəramətlər Allah-Təalanın bəzi qullarına verdiyi müstəsna hallardır. Lakin əhlullah həzrətləri maddi aləmdə təzahür edən kəramətləri -təkəbbür və lovğalıq təlaşı ilə- özlərindən bilməkdən qorxmuşlar. Kəramətin izhar edilməsini “heyzi-rical” ifadəsi ilə mütləq gizlənməli olan məhrəm bir sirr olaraq qəbul etmişlər.

Bu etibarla kəramət müstəsna ilahi lütf olduğu halda, eyni zamanda mühüm bir ilahi imtahandır.

Nəql olunduğuna görə Bəyazid Bəstami həzrətləri bir gün Dəclə çayının qarşı sahilinə keçmək istəyir. Çayın hər iki sahili kəramət səbəbi ilə birləşib onun keçəcəyi yola çevrilir. Bəyazid Bəstami həzrətləri dərhal özünü yığışdırıb nəfsinə belə xəbərdarlıq edir:

“And olsun ki, buna aldanmaram. Qayıqçılar yarım axça müqabilində adamı qarşı sahilə keçirirlər. (Ey nəfsim, sən isə otuz ildən bəri məhşər üçün hazırladığım saleh əməllərimi istəyirsən.) Elə isə yarım axçadan ötrü, otuz illik ömrümü (bir kəramət üçün) qurban vermərəm. Mənə Kərim lazımdır, kəramət yox!”[2]

Yəni kəramət Allahın bəzi qullarına həm ikramı, həm də imtahanıdır. Allah dostlarının istədikləri zaman sərgiləyəcəyi güc nümayişi və ya qüdrət nişanəsi deyil. Belə bir fövqəladə ikrama nail olan Haqq dostları bunun tamamilə ilahi lütf olduğunu dərk edərək qəlblərini təkəbbürdən qorumaq həssaslığı göstərmişlər. Çünki bu cür hallardan nəfsə pay çıxarmaq mənəvi həlaka səbəbdir.

Həmçinin kəşf və kəramət mənəvi təkamülün yeganə ölçüsü deyil. Bir çox Haqq dostunun zahiri kəraməti yoxdur. Bir çox rəvayətdə[3] peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olduğu bildirilən Həzrət Əbu Bəkr t-ın da zahiri kəramətinə dair bir o qədər rəvayət yoxdur.

Halbuki hicrət əsnasında girdikləri Sevr mağarasında Allah Rəsulunun yeganə yoldaşı olması səbəbi ilə Həzrət Siddiqdən Allah-Təala ayeyi-kərimədə “ikinin ikincisi”[4] deyə bəhs etmişdir. Rəsulullah r də onun haqqında “üçüncüləri Allah olan ikinin ikincisi”[5] iltifatı ilə söz açmışdır. “Əbu Bəkr məndəndir, mən də ondanam...”[6] buyurmuşdur.

Şübhəsiz ki, Həzrət Əbu Bəkr t-ın ən böyük kəraməti ən çətin imtahanlar qarşısında belə sarsılmayan imanı və Rəsulullah r -ə olan misilsiz məhəbbət, sədaqət, təslimiyyət və itaətidir. Yəni “istiqamət” xüsusundakı mənəvi fəzilətləridir.

Haqq-Təala ayeyi-kərimədə buyurur:

“Sənə əmr edildiyi kimi, dürüst (istiqamət üzrə)  ol…” (Hud, 112)

Ən böyük kəramət bu ilahi əmri hər an yaşaya bilməkdir. İbadət həyatımızda, iş həyatımızda, ailə həyatımızda, ictimai həyatdakı müamilələrdə, bir sözlə, hər halda əmr olunduğumuz kimi dürüstlüyü qoruyub saxlaya bilməkdir. Quran və Sünnədə bizim üçün təyin edilmiş olan istiqaməti, yəni ölçü və sərhədləri həyatın hər bir mərhələsində həssaslıqla qoruya bilməkdir.

“İstiqamət”in mahiyyətini isə Haqq-Təala bizə belə bəyan edir:

(Rəsulum! Sən) sirati-müstəqim üzrəsən”. (Yasin, 4)

Deməli, sirati-müstəqim, yəni doğru yolda olmaq ən böyük örnək şəxsiyyətimiz olan Rəsulullah r -in yoludur.

Bizə də اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَق۪يمَ “Bizi doğru yola hidayət eylə” (əl-Fatihə, 6) niyazını namazın hər rükətində təkrar etdirmək surəti ilə Rəsulullah r -in yolunu istəməyimizi təlqin edir.

Xalid Bağdadi həzrətləri buyurur:

“Haqq dostlarının çox dəyərli sözlərindən biri belədir:

“Allaha gedən yollar Rəsulullah r -in izini addım-addım təqib edənlərdən başqasının üzünə bağlıdır”.[7]

Haqq-Təala belə buyurur:

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur”. (ən-Nisa, 80) Allah Rəsulu r öz nəfsindən danışmayıb sırf Rəbbinin əmr və qadağalarını təbliğ etdiyi üçün Allah-Təala iki itaəti birləşdirməkdə və Rəsuluna itaətin özünə itaət olduğunu bəyan etməkdədir.

Allah-Təala başqa bir ayədə də belə buyurur:

“(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın”. (Ali-İmran, 31)

Deməli, qulu Allaha məhəbbət dəryasına qovuşduracaq yeganə rəhmət və məhəbbət qaynağı Rəsuli-Əkrəm r -dir. Allaha gedən yol Onun sevimli Rəsuluna bəslənən məhəbbət və itaətdən keçir. Onun sünnəsinə tabe olmayan, yolundan getməyən heç kim Allahın rəhmət və məğfirətinə, məhəbbət və rizasına nail ola bilməz.

Həmçinin Rəbbimiz ayeyi-kərimədə buyurur:

“Onu Cəbrayıl (Ruhul-əmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində”. (əş-Şuəra, 193-195)

Deməli, Həzrət Peyğəmbərin qəlb aləmindən özümüzə pay götürmək məcburiyyətindəyik. Çünki onu qəlbən tanımadan, onun könül iqlimindən nəsiblənmədən, onun kimi yaşamağa səy göstərmədən nə Qurani-Kərimi kamil mənada idrak edə bilərik, nə imanımız kamil iman olar, nə də əxlaqımız əxlaq olar.

Haqq-Təala özünə ediləcək qulluğun ən mükəmməl və məqbul formasını Rəsulunun şəxsində sərgiləmişdir. Ona görə də ibadətdə, davranışlarımızda, əxlaqda, haqqa riayətdə Rəsulullahla bərabərliyimiz, ona yaxınlıq və bənzərliyimiz hansı səviyyədədirsə, Haqq qatındakı dəyərimiz də yalnız o səviyyədədir.

Allah-Təala Qurani-Kərimdə namaz qılmağı əmr edir, lakin necə əda ediləcəyini sünnədən öyrənməyimizi istəyir. Ona görə də Allah Rəsulu r: “Namazı məndən gördüyünüz kimi qılın”,[8] buyurmuşdur. Zəkat, oruc, həcc kimi bütün ibadətləri Allah Rəsulu r-in əda etdiyi şəkildə yerinə yetirməliyik. Nəbəvi əxlaqla əxlaqlanmaq da bu həssaslığı həyatın hər mərhələsində sərgiləməklə mümküdür.

Daim bunu fikirləşməliyik:

Bizim mərhəmətimiz Allah Rəsulunun mərhəməti ilə müqayisədə nə qədərdir? Onun təvazökarlığı, qayğıkeşliyi, xidmət və comərdlik kimi gözəl xislətləri ilə bizim halımız arasında nə qədər fərq var? Davranışlarımızda ədəb, nəzakət və zərifliyə, xüsusilə qul haqqına nə qədər riayət edə bilirik?

Fəxri-Kainat həzrətləri vəfatına yaxın ümmətinə qul haqqı xüsusunda xəbərdarlıq etmək üçün özündən nümunə göstərərək belə buyurmuşdu:

 “Əshabım, kimin kürəyinə vurmuşamsa, budur kürəyim, gəlib vursun! Kimin malından səhvən nə isə götürmüşəmsə, budur malım, gəlib götürsün!” (Əhməd, III, 400)

Başqa bir hədisində də halalaşmağa təşviq edərək belə buyurmuşdur:

“Ey insanlar, kimin boynunda qul haqqı varsa, dərhal ödəsin, dünyada rəzil-rüsvay olmaqdan qorxmasın! Bilmiş olun ki, dünyadakı rüsvayçılıq axirətdəkinin yanında çox xəfifdir”. (İbnul-Əsir, əl-Kamil, II, 319)

Vəfat etdiyi əsnada Rəsulullah r üç dəfə:

“Namaz barəsində Allahdan qorxun!” – buyurduqdan sonra:

“Əmriniz altındakı insanlar haqqında Allahdan qorxun, iki zəif haqqında Allahdan qorxun: dul qadın və yetim uşaq. Namaz xüsusunda Allahdan qorxun!” – deyə xəbərdarlıq etmişdir.

Sonra mübarək ruhu çıxana qədər pıçıltı ilə “namaz, namaz”, - deyə təkrar etmişdi. (Beyhəqi, Şuab, VII, 477)

Xülasə, bu və bu kimi bütün nəbəvi həssas ölçülər bizim həyatımızda nə qədər yer etmişsə, imanımızın səviyyəsi və ibadətlərimizin məqbul olması da o dərəcədədir.

Ona görə də həyatımızın hər anında eynilə kölgənin sahibinə sadiq qalması kimi Rəsulullah r - in bizə göstərdiyi istiqamət üzrə yaşamağa çalışmalıyıq. Belə ki, o Rəhmət Peyğəmbərinin ümməti olduğumuzu dilimizdən çox hal və davranışlarımız söyləməlidir. Halımızla onun yolu və istiqaməti üzrə olduğumuzu ifadə etməliyik.

Xalid Bağdadi həzrətləri buyurur:

“Əslində dünya müvəqqəti bir kölgə və qul ilə Mövlası arasına girən bir pərdədir. Qəlbində zərrə qədər dünya məhəbbəti olan şəxs əsl qul sayılmaz. Dünyanı qabığı və özəyi ilə birlikdə (qəlbindən) atmayan şəxs məqbul deyildir”.[9]

İnsan daxilindən keçirdiyi hissləri hamıdan gizlədə bilsə də Allah-Təaladan gizlədə bilməz. Bütün duyğularımız Allaha məlumdur. Ayeyi-kərimədə buyurulduğu kimi Allah-Təala insanla onun qəlbi arasına girər,[10] insana şah damarından daha yaxındır.[11]

Qulun da Allaha yaxın olması və Allah ilə birlikdə olmağın səadətini dadması üçün qəlbindən qəflət pərdəsini qaldırması lazımdır. Bu pərdələrin başında isə “dünya sevgisi” gəlir. İman, ibadət, müamilə və əxlaqın kamillik qazanması üçün bu bayağı məhəbbətin qəlbdən çıxarılması şərtdir.

Lakin qəlbdən atılacaq “dünya sevgisi”nin mahiyyətini də düzgün anlamaq lazımdır. Həzrət Mövlana deyir ki:

“Dünya Allahdan qafil olmaqdır. Pul-para, ailə-uşaq sahibi olmaq deyil. Səni məşğul edib Haqdan qafil qılan nə varsa, dünyan odur”.

Yəni qulu Rəbbindən qafil edən və Allah sevgisinin önünə keçən bütün məhəbbətlər bu qəbildəndir. Ona görə möminin vəzifəsi hər biri ilahi imtahan vəsiləsi olan mal-mülk, vəzifə, oğul-uşaq kimi varlıqlardan uzaqlaşmaq deyil, bu fani nemətlərlə imtahan edilərkən onlara layiq olduğu qədər dəyər verməkdir. Bu şüurla Haqqa ram ola bilən bir qəlbə heç bir dünya neməti qəflət pərdəsi çəkə bilməz. Misal verəcəyimiz bu hadisə sözügedən həqiqəti necə də gözəl ifadə edir:

Şah Nəqşbənd həzrətlərinin yetişdirdiyi böyük vəlilərdən Muhamməd Parisa həzrətləri həccə gedərkən yolüstü baş çəkdiyi Bağdad şəhərində nur üzlü gənc zərgərlə rastlaşır. Gəncin müştərilərlə alver etdiyini, vaxtını dünya işlərində keçirdiyini fikirləşərək kədərlənir. Öz-özünə: “Heyf, gözəl ibadət edəcəyi bir çağda dünya məşğuliyyətinə əsir olub”, - deyir.

Bir anlıq müraqibə etdiyi zaman isə qızıl alıb-satan  gəncin daim Allahla birlikdə olduğunu heyrətlə müşahidə edir. Yəni əzalar dünyəvi məşğuliyyətdə, lakin qəlb Rəbbini zikr halında… Bu səfər: “Maşallah, əl karda, könül yarda”, - buyuraraq gəncin halını təqdir edir.

Təsəvvüfdə “xəlvət dər əncümən” deyə ifadə edilən bu hal xalq içində Haqq ilə bərabərliyi, izdiham arasında və dünyəvi məşğələlər əsnasında belə qəlbin Allah ilə olmasını ifadə edir. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

“O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar”. (ən-Nur, 37)

Yenə Muhamməd Parisa həzrətləri Hicaza gəldiyi zaman Kəbənin örtüyündən yapışıb için-için ağlayan ağ saqqallı bir qoca ilə qarşılaşır. Əvvəlcə qocanın Allaha yalvarmasına və xarici görünüşünə baxaraq: “Kaş mən də belə ağlayaraq Allaha dua edə biləydim”, - deyir və onun halına qibtə edir. Sonra onun da qəlbinə nəzər salıb görür ki, bütün dua və ağlaması fani dünyalıq üçündür. Bunun üzərinə qəlbini hüzn bürüyür.

Bəşər tarixinə nəzər saldıqda tarixin müsbət axışlarına böyük şəxsiyyətlərin istiqamət verdiyini görmək mümkündür. Bu şəxsiyyətlər - başda peyğəmbərlər, sonra həmin peyğəmbərlərin yetişdirdiyi böyük simalar, sonra da onların izi ilə gedən Haqq dostları, elm və irfan əhli olan alimlər, maddə və məna sultanı olan padşahlardır.

Bunlardan biri olan Yavuz Səlim xan Allah yolunda keçirdiyi böyük zəfər və cənglərlə dolu ömrünün son dəmlərini yaşayarkən dostu Həsən Can yanına girir. Xəstəliyinin xeyli ağırlaşdığını görən Həsən Can hökmdarın vəfatının yaxınlaşdığını hiss edib hüznlə:

- Padşahım, artıq Allahla bərabər olmaq zamanınız gəldi hər halda, - deyir.

Yavuz heyrətlə Həsənin üzünə baxıb:

- Həsən, Həsən! Sən indiyə qədər mənim kiminlə birlikdə olduğumu zənn edirdin?! Olmaya Allaha yönəlişimdə bir nöqsan gördün?! Sən mənə bir Yasin oxu! – deyir. Yasin oxunarkən əziz ruhunu Rəbbinə təslim edir.

Maddə və məna sultanlığını şəxsində bir araya gətirən o ali xaqanın qəlbi daim Allahla birlikdə idi… Keçilməz Sina səhrasında da birlikdə idi, müzəffər sərkərdə kimi Misirə girərkən də. Paytaxta qayıdarkən böyük iman fərasəti sərgiləyərək fanilərin alqışları ilə qürura qapılmaqdan və Allah üçün etdiyi əməlini puça çıxarmaqdan diqqətlə yayınarkən də qəlbi daim Allahla bərabər idi.

Məqbul bir qulluğun, həyatın hər mərhələsində qəlbən Allahla birlikdə olmağa bağlı olduğunu bu hadisə də necə gözəl xülasə edir:

Bir vaiz kürsüdə axirətdən danışırdı. Camaatın arasında Şeyx Şibli həzrətləri də vardı. Vaiz Allahın axirət günü verəcəyi suallardan söz açaraq:

“Elmini nəyə sərf etdin? Var-dövlətini haradan qazanıb hara xərclədin? Ömrünü necə keçirdin? İbadətlərin nə vəziyyətdədir? Halal-harama riayət etdinmi? Bu kimi suallar veriləcək”, - dedi. Sonra “filan, filan əməllər də soruşulacaq”, -deyə bir-birindən mühüm şeyləri saydı. Lakin bu qədər təfsilatlı izaha baxmayaraq məsələnin əsasına diqqət çəkilmədiyi üçün Şibli həzrətləri mülayim bir dillə vaizə səsləndi:

“Ey vaiz, ən mühüm suallardan birini unutdunuz. Allah-Təala əsas bunu soruşacaq:

“Ey qulum, mən səninlə idim, sənə şah damarından daha yaxın idim. Bəs sən kiminlə idin?!”

Xalid Bağdadi həzrətləri buyurur:

“Əsla əbədi səadəti dünyaya dəyişmə! Diqqətlə baxsan görərsən ki, bütün dünya yalnız bir-iki nəfəsdən ibarətdir.

Dünyada qaldığın müddət ərzində şahlıq növbəsi hey səndə də olsa, yenə başlanğıcın baş ağrısı, aqibətin isə peşmançılıqdır”[12]

Hədisi-şərifdə buyurulur:

“Axirətin yanında dünyanın halı sizdən birinin barmağını dənizə batırıb çıxarması kimidir. Barmağında dənizdən nə qalmışsa, dünya da (axirətin yanında) odur”. (Hakim, Müstədrək, 4/319)

Əshabi-kiram Məkkə dövründə müşriklərin zülm və boykotu altında ikən öz aralarında:

“Biz Rəbbimizə qul ola bilmək üçün hər cür cəfaya tab gətiririk. Allaha üsyan edən kafirlər isə dünyada rifah içində rahat-rahat dolanırlar. Dünya mənfəətlərindən istədikləri kimi faydalanırlar”, - deyə danışdılar. Bu zaman Rəbbimiz möminlərə dünyadan daha xeyirli olan axirəti tərcih etmələrini əmr etdi:

“(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın! Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır! Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir”. (Ali-İmran, 196-198)

Allah Rəsulu r də hər fürsətdə:

“Əsas həyat axirət həyatıdır”,[13]buyuraraq dünyanın müvəqqəti sıxıntılarına səbir etməyi, onun aldadıcı cazibələrinə qapılmamağı, daima axirət hazırlığı və təlaşı içində olmağı tövsiyə etmişdir. Bu şüur və idrakla yetişən əshabi-kiram da Allah yolunda hər cür cəfanı səfa bilmiş, zəhmətləri rəhmət vəsiləsi saymışlar. Böyük iman vəcdi ilə “Canım, malım, hər şeyim sənə fəda olsun, ya Rəsulallah”, - demişlər. Fani nemətləri deyil, daim axirəti seçmə fərasəti sərgiləmişlər.

Zikr edəcəyimiz hadisə bunun saysız-hesabsız misallarından biridir:

Rəsulullah r -in qapısında gecələyən, ona dəstəmaz suyu hazırlayan  və lazımi ehtiyaclarını gətirən[14] Rəbiə bin Kəb (Əbu Firas) t belə nəql edir:

Bir gün Rəsulullah r mənə:

- Məndən nə istəyirsən dilə, verəcəyəm, - buyurdu. Mən də:

- Ya Rəsulallah! İcazə verin fikirləşim, halımı götür-qoy edim, - dedim. Rəsulullah r:

- Yaxşı, fikirləş, - buyurdu.

Fikirləşdim və öz-özümə dedim:

“Dünyaya aid mənfəətlər tez tükənir. Mən özüm üçün axirətlə bağlı faydalı olanı tərcih etməkdən daha xeyirli heç nə görmürəm”, - dedim. Sonra da Rəsulullahın hüzuruna çıxdım. Mənə:

- Nəyə ehtiyacın var? - buyurdu.

- Ya Rəsulallah, mənə şəfaət et ki, Rəbbin məni cəhənnəmdən azad etsin! – dedim.

Rəsulullah r:

- Belə deməyi sənə kim söylədi? - buyurdu.

- Vallahi, ya Rəsulallah, heç kim söyləmədi. Lakin halımı götür-qoy etdim və gördüm ki, dünya ona sahib olanların əlində qalmır, tez yox olur. Ona görə də axirətim üçün nə isə istəmək mənə daha sevimli gəldi, - dedim.

Rəsulullah r də:

- Elə isə səcdə edərək özün üçün mənə kömək et! - buyurdu. (Əhməd, IV, 59; Bax. Müslim, Salət, 226)

Mömin fani ömür sərmayəsini bu iman fərasəti ilə dəyərləndirməlidir. Düşünməlidir ki, Allah mənə min il də ömür versə, dünyada min il də səltənət sürsək, axirətin yanında dünya həyatı çox qısadır.

Ayeyi-kərimədə buyurulur:

“Onu (qiyaməti) gördükləri gün (dünyada və ya qəbir evində) yalnız bir axşam, yaxud bir səhər qaldıqlarını sanacaqlar!” (ən-Naziat, 46)

Önümüzdə ibrət mənzərəsi olan məzarlıqlar var. Neçə-neçə sərvət sahibi olanlar həmin məzarlıqda əliboş yatır. Heç nəyimiz olmadığı halda gəldiyimiz dünyadan bir kəfənlə gedəcəyik. O da bir müddətdən sonra çürüyüb toprağa qarışacaq. Bu gün sahibi olduğumuzu iddia etdiyimiz heç nə əlimizdə qalmayacaq. Torpağın altına yalnız müsbət və ya mənfi əməllərimizlə dəfn olacağıq.

Xülasə, faniliyi heç vaxt yaddan çıxarmamalı, hər an ölüm və sonrasına hazır olmağa çalışmalıyıq. Unutmayaq ki, Nuh u qədər uzun ömürlü olsaq, Süleyman u qədər varlı olsaq, Yusuf u qədər camal sahibi olsaq, əgər faniliyimizi idrak etmiriksə, deməli, ziyandayıq.

Rəbbimiz bizə ölmədən əvvəl qəflət yuxusundan ayılmağı nəsib etsin. Hər birimizi  lütf-kərəmi ilə dünyanın fani sevdaları ilə ömrü hədər edib, axirəti əbədi əzaba məhkum edən bədbəxtlərin aqibətinə düçar olmaqdan mühafizə etsin.

Amin!..


[1] Əsad Sahib, Buğyətul-Vacid, s. 267, № 98.

[2] Bax. Attar, Tezkiretüʼl-Evliya, s. 217, İlim ve Kültür Yayınları, Bursa 1984.

[3] Bax. Əli əl-Müttəqi, Kənzul-Ümmal, XI, 549/32578; İbn Macə, Müqəddimə, 11/106; Əhməd, I, 127, II, 26.

[4] Bax. ət-Tövbə, 40.

[5] Bax. Buxari, Təfsir, 9/9; Müslim, Fəzailus-Səhabə, 1.

[6] Tirmizi, Mənaqib, 20.

[7] Əsad Sahib, Buğyətul-Vacid, s. 81, № 5.

[8] Buxari, Azan, 18.

[9] Əs‘ad Sahib, Buğyətul-Vacid, s. 119, № 15.

[10] əl-Ənfal, 24.

[11] Qaf, 16.

[12] Divan, beyt: 452-453.

[13] Buxari, Riqaq, 1.

[14] Bax. İbn Sad, IV, 313.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz