Həmd və Şükür
Uca Allaha həmd etmək, Onu üstün sifətlərindən ötəri tərifləməkdir. Həmd, şükürdən daha ümumidir. Şükür, ancaq nemət qarşılığında edilir. Buna görə, hər şükür eyni zamanda bir həmd sayılır.Yəni həmd, Allah-Təlanı istər verdiyi nemətlərindən ötəri, istərsə də digər bütün kamil sifətlərindən ötəri tərifləməkdir. Şükür isə, yalnız verdiyi nemətlər səbəbindən tərifləmək, minnətdarlığını ifadə etmək deməkdir.
Allah-Təalaya qarşı göstərilən təzim, sevgi və minnətdarlığı həmd qədər gözəl ifadə edən başqa bir söz yoxdur. Çünki “əl-Həmdu lilləh” deyən mömin hər cür alqışın Allaha məxsus olduğunu bildirir.
Kainatın fəxri Peyğəmbərimiz (s.ə.s) bu dünya və axirətdə insanlardan Allaha ən çox həmd edənidir. Buna görə də ona “Əhməd” adı verilmişdir.
Həyat sevinc və kədərlə doludur. Kiminsə onlardan qurtulması mümkün deyildir. Buna görə də Allah-Təala itirilən şeylərə hədsiz dərəcədə üzülməməyin, əldə edilən şeylərə görə də həddindən artıq sevinməməyin lazım olduğunu bildirir.[1]
O halda hər kəs sevincli hallarda şükürdən, kədərli hallarda da səbirdən istifadə etməyi bacarmalıdır. Belə ki, Rəsulullah (s.ə.s) buyurur:
“Möminin halı qibtə və heyranlığa dəyər. Çünki hər halı onun üçün bir xeyir səbəbidir. Belə bir xüsusiyyət yalnız mömində vardır; Sevinəcək olsa, şükür edər; bu onun üçün xeyirlidir. Başına bir bəla gəlmiş olsa, səbir edər bu da onun üçün xeyirlidir”.[2]
Allaha həmd etmək bəndəni cəhənnəmdən qurtarıb cənnətə aparan saleh əməllərdən biridir. Əbu Hüreyrənin nəql etdiyi bu hadisə bunun açıq dəlilidir:
Bir gün Rəsulullah (s.ə.s):
“-Qalxanlarınızı götürün!”-buyurdu.
Biz:
“-Düşmən gəlib ki, onlara qarşı qalxanlarımızı götürək?”-deyə soruşduq.
Peyğəmbərimiz (s.ə.s) buyurdu:
“Xeyr, sizi cəhənnəmdən qoruyacaq qalxanlarınızı götürün:
“Sübhanallahi vəl-həmdu lilləhi və Lə iləhə İlləllahu vallahu əkbər: Allahı təsbih edirəm (Allah pak və nöqsansızdır), həmd Allaha məxsusdur, Allahdan başqa ilah (ibadətə və itaətə layiq haqq məbud) yoxdur və Allah ən böyükdür”,-deyin! Bunlar qiyamət günü xilasedici olaraq gələr və sizi qarşılayar. Bu sözlər baqi qalacaq saleh əməllərdəndir”.[3]
Allah-Təala bəndələrinin yemək yedikdən və su içdikdən sonra Ona həmd etməsindən razı olur. Rəsulullah (s.ə.s)yemək yedikdən sonra həmd edənlərin günahlarının bağışlanacağını belə bildirir:
“Bir nəfər yemək yedikdən sonra: “Mənə bu yeməyi yedirən, nəticəyə təsir edəcək bir güc və qüdrətim olmadan onu mənə nəsib edən Allaha həmd olsun!”-deyərsə, keçmiş günahları bağışlanar”.[4]
Yeyib-içmək insanın yaşaması üçün lazım olan amillərdən ən əsasıdır və ən zəruri nemətlərdən biridir. Bunlara həmd etməyən kimsənin digər nemətləri görüb Allaha şükür etməsi daha çətindir. Halbuki, yalnız yeyib-içdikdən sonra deyil, hər zaman həmd və şükür halında olmaq lazımdır.
Hz. Aişə anamızın həmd halını göstərən bu gözəl misalı necə də ibrətlidir:
Kəsir bin Ubeyd belə nəql edir:
“Ailəsindən birinin övladı olanda Hz. Aişə anamız:
“-Oğlandır, yoxsa qız?”-deyə soruşmazdı. Ancaq:
“-Sağlam və qüsursuz doğuldumu?”-deyə soruşardı.
Ona:
“-Bəli, heç bir nöqsanı yoxdur”,-deyiləndə:
“-Əlhəmdu lilləhi Rabbil-aləmin”,-deyərdi.[5]
Verilən nemətlərin qiymətini dərk edib həmd və şükür halına nail ola bilmək üçün, insaflı davranaraq bizdən aşağı olanlara baxmağımız lazımdır. Əksinə, bizdən daha varlı olanlara baxsaq şükür etməyimiz çətinləşər.
Peyğəmbərimiz (s.ə.s) bu barədə buyurur:
“...Kim dini xüsusunda özündən üstün olana baxıb ona tabe olar, dünyası xüsusunda da özündən aşağı olana baxıb Allahın ona vermiş olduğu üstünlüyünə həmd edərsə, Allah o bəndəni şükür edən və səbir edən olaraq yazar. Kim də dini xüsuslarda özündən aşağı olana, dünyəvi xüsuslarda özündən üstün olana baxar və əldə edə bilmədiyi dünya malı üçün üzülərsə, Allah onu şükür edən və səbir edən olaraq yazmaz”.[6]
İnsanın Allaha olan şükür borcunu tam olaraq yerinə yetirə bilməsi üçün yaxşılıq gördüyü insanlara da təşəkkür etməsi zəruridir. Çünki Rəsulullah (s.ə.s) belə buyurmuşdur:
“İnsanlara təşəkkür etməyən, Allaha şükür etmiş olmaz!”[7]
Uca Allah ona həmd və şükür edən bəndəsinə olan nemətlərini, o bəndə istəmədən artırar. Bu səbəbdən əvvəla bizə verilən nemətlərin qədrini bilməli, üzərimizə düşən vəfa borcunu yalnız həmd və şükür edərək yerinə yetirdikdən sonra başqa şeylər istəməliyik. Belə olduğu təqdirdə həm Allaha ən gözəl şəkildə dua etmiş olarıq, həm də bizə verilən nemətlər öz-özlüyündən artmağa başlayar.
Allah-Təalabu halımızı Qurani-Kərimdə belə xəbər verir:
“...Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam...”[8]
Nəticə olaraq bunları deyə bilərik ki, əslində həqiqi möminin yalnız sevinəcək hallarda deyil, hər zaman Allaha şükür etməsi lazımdır. Əks təqdirdə nankorluq etmiş olar ki, bunun da əvəzi ayələrdə buyurulduğu kimi şiddətli bir əzabdır.
“Siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!”[9]
“Əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabın, həqiqətən, şiddətlidir!”[10]
ŞƏRHLƏR