CÜTLÜK MÖCÜZƏSİ
“(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz onlara həm kainatda, həm də onların özlərində olan dəlillərimizi mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi?” (Əl-Fussilət, 53)
Kainatda var olan hər şeyin, canlı-cansız bütün məxluqatın cüt olaraq yaradılması barəsində Qurani-Kərimin müxtəlif ayələrində belə buyurulmaqdadır:
“Biz hər şeydən cütlər yaratdıq ki, bəlkə düşünüb ibrət alasınız”. (əz-Zəriyət 49)
“Allah göyləri və yeri yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, eşidəndir, görəndir”. ( əş-Şura 11)
“Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir!” (Yasin 36)
Yuxarıdakı ayələrdə də görüldüyü kimi bitkilərin, heyvanların, insanların və hətta, Zəriyət surəsindəki ayədə də ifadə edildiyi kimi, canlı-cansız hər şeyin cüt olaraq yaradıldığı bildirilir. Bu mövzunu iki başlıqda ələ almaq olar:
a) Cansızlarda cütlük:Müasir elm də bu gün bütün bunları, Qurani-Kərimdən əsrlər sonra olsa da, qəbul edir. Məsələn: müsbət və mənfi ionların birləşməsindən əmələ gələn elektrik bunun bir misalıdır. Bir başqa misal: Elementin ən kiçik hissəsi olan atomu incələyən alimlər onun “nüvə” adı verdikləri və müsbət yüklü bir özəyi olduğunu, bunun ətrafında da mənfi yüklü elektronların olduğunu sübut ediblər. Avropalı alim Pol Dirak elektron- antielektron cütlüyünü sübut etmişdir. 1955-ci ildə antiprotonun yəni proton cütlüyünün mövcudluğunu Ouen Çemberlen kəşf etdi. Bildiyimiz bütün cisimlərin müxtəlif elementlərin birləşməsindən əmələ gəldiyi və təklikdən uzaq olduğu artıq danılmaz bir elmi gerçəklikdir.
b) Canlılarda cütlük: Bütün heyvanların cüt olduğu hamıya məlumdur. Bunun kimi, bitkilərin də cüt olaraq yaradıldığını alimlər sübut ediblər. Həmçinin meyvələrin də erkək və dişi olduğu da isbat edilmişdir. Belə ki, hər bir çiçəkdə erkəklik və dişilik orqanlarının olduğu, çiçəyə tozcuq daşınaraq mayalanma prosesi baş verdikdən sonra meyvənin əmələ gəldiyi müasir elmə məlum olan bir həqiqətdir.
Bütün bunların kəşfi Qurani-Kərimin xəbər verməsindən ancaq əsrlər sonra mümkün olmuşdur.Bu kəşflərdən əvvəl həmin məsələlərə toxunan ayələrə ilk dövr islam alimləri müxtəlif mənalar vermişdilər. Kimi alim ayələrdə keçən “tay”, “cüt”, “həyat yoldaşı” mənalarına gələn “zevc” kəlməsini gecə ilə gündüz, sağlamlıq ilə xəstəlik və s. olaraq təfsir etmişdir.Bütün bunlar doğru olmaqla yanaşı, müsbət elmlərin inkişafıyla bu ayələrdən məqsədin daha geniş olduğu bilinmiş və bu istiqamətdə həmin ayələr təfsir olunmuşdur. Bütün bunlar bizə iki məsələnin önəmindən xəbər verir:
Birincisi: Qurani-Kərimin insan sözü olmayıb - əgər belə olsaydı kəşfi əsrlər sonra mümkün olan hadisələr barəsində 14 əsr əvvəl xəbər verilməsi mümkün olmazdı- Allah kəlamı olduğu isbat edilməkdədir.
İkincisi: Müsəlmanların axirət üçün çalışdıqları qədər bu dünya üçün də çalışmaları vacibdir. Beləliklə, müsəlmanlar həm Qurani-Kərimi daha düzgün anlayacaq, həm də elm və texnologiya sayəsində düşmənlərinə qarşı daha güclü olacaqlar. Necəki, bu barədə Hz. Peyğəmbər (s.ə.v.) belə buyurmuşdur: “Sabah öləcəkmiş kimi axirət üçün, heç ölməyəcəkmiş kimi dünya üçün çalışın”.
ŞƏRHLƏR