SUAL? - CAVAB!
Maşın alış-verişində barter üsulu ilə, maşınları başa-baş və ya üstündə bir miqdar pul verərək dəyişmək faizə girərmi?
Cavab: Bu sualın cavabını vermək üçün İslam dinindəki riba, yəni faiz anlayışını və bununla bağlı qadağaları izah etmək lazımdır. Fiqh terminologiyasında faiz “pul və standart (misli) malların bir-biri ilə dəyişdirilməsində tərəflərdən biri üçün şərt qoşulan əvəzsiz əlavə”ni ifadə edir. Hz. Peyğəmbər (s.ə.s) faizin cərəyan etdiyi malları müxtəlif hədislərində bir-bir sadalamışdır. Ancaq sözügedən mallardakı faizin illətində, yəni səbəbində ixtilaf edilmişdir:
İslam hüquqşünasları faizin cərəyan etdiyi malların başında gələn qızıl və gümüşdəki faizin illəti ilə bağlı fərqli rəylər irəli sürmüşlər:birinci rəyə görə, qızıl və gümüşdə faizin illəti növün eyni olması və çəki ilə ölçülə bilən olmasıdır. Bu rəyi Hənəfi, Hənbəli, Cəfəri və Zeydi alimlər mənimsəmişlər. Onlara görə, qızılın qızılla və ya gümüşün gümüşlə mübadiləsində hər hansı artıqlığa yol verilməsi qəbuledilməzdir və tam faizdir. Ona görə də, bunlar bir-biri ilə mübadilə edilərkən eyni çəkidə mübadilə edilməlidir. Ancaq növlər fərqli olarsa, məsələn, qızılla gümüş mübadilə edilərsə, nağd olmaq şərtilə bərabər olmayan miqdarda mübadilə edilməsi caizdir.İkinci rəyə görə, qızıl və gümüşdə faizin illəti onun pul olmaq xüsusiyyətindən irəli gəlir. Şafei məzhəbində mənimsənən bu rəy Maliki məzhəbində də əsas qəbul edilən rəydir. Yəni, digər pullarla müqayisədə pul deyiləndə ağla yalnız qızıl və gümüşün gəlməsi, məhz onun pul olma xüsusiyyətindən irəli gəlir.
Hədisdə qeyd edilən buğda, arpa, xurma və duzda faizin illəti məsələsinə gəlincə, hənəfilərə görə, növ ilə miqdar əsas alınaraq, bu dörd malda da faizin illəti növ bərabərliyi ilə yanaşı, çəkilə bilən olmalarıdır. Bu mallara qiyas edilərək qarğıdalı, düyü, mərci kimi dənli bitkilərlə yanaşı, qida məhsulu olmasa belə əhəng, xına kimi çəki ilə ölçülən mallarda da faiz cərəyan edir. Bu hökm qızıl və gümüşdən başqa çəkilə bilən mallarda da etibarlıdır. Belə ki, dəmir, mis, qurğuşun kimi metallarda, qiymətli daşlarda, ət, balıq, yağ, şəkər və bəzi meyvələrdə də qeyd edilən şərtlər çərçivəsində faiz cərəyan edir. Çəkiyə tabe olan malların öz aralarındakı nağd mübadilələrdə onlardan birindəki artıqlıq “ribəl-fəzl/əlavəlik faizi”nin meydana gəlməsinə səbəb olur. Bundan əlavə, növlər istər eyni, istərsə də fərqli olsun, əgər bunlardan biri nisyə olarsa, “ribən-nəsiə/nisyə faizi” meydana gələr. Bunun bir istisnası vardır ki, o da əgər nisyə mübadilədə əvəzlərdən biri pul (qızıl) olarsa, belə olan təqdirdə faiz meydana gəlmir. Belə ki, çəkilən ilə ölçülən bir mal pul müqabilində nisyə satıla bilər. Çəkiyə tabe olmayan, məsələn, metrə ilə ölçülən və ya sayla mübadilə edilən mallarda isə artıqlıq faizi yox, nisyə faizi cərəyan edir.
Odur ki, Hənəfi hüquqşünaslarına görə, faizin illəti növ bərabərliyi və malların çəki ilə ölçülən mallardan olmasındadır. Yəni, çəkilən hər bir şeydə həm artıqlıq, həm də nisyə faizi; uzunluq ölçüsü və sayla satılan mallarda isə yalnız nisyə faizi meydana gəlir. Bu dörd mal ilə bağlı faizin illəti məsələsində hənbəlilər, cəfərilər və zeydilər də hənəfilərlə eyni fikirdədirlər.
Yuxarıda qeyd edilən məlumatlar işığında belə bir nəticəyə gəlmək mümkündür: Hənəfi məzhəbinə görə, maşın standart olmayan (qiyəmi) mal olduğu üçün burada əlavəlik faizindən söhbət gedə bilməz. Yəni, barter üsulunda üstündə əlavə pul verilsə də burada əlavəlik faizi, yəni ribəl-fəzl məsələsi yoxdur. Ancaq bu kimi mallarda nisyə faizi, yəni ribən-nəsiə meydana gəlməsin deyə barter əməliyyatı nağd olmalı, nisyə olmamalıdır.
Xeyli miqdar borc almışdım, o borcu olduğu qədəri ilə geri qaytardım. Mənə çox xeyri dəydi və sevindiyimdən ona öz pulundan əlavə bir hədiyyə vermək istəyirəm. Bu hədiyyə faiz sayılarmı?
Cavab:Əgər alınmış borc müqabilində əvvəlcədən artıqlaması ilə qaytarmaqla bağlı hər hansı şərt qoşulmayıbsa, yaxud borc alan şəxs bu kimi şərt irəli sürməyibsə, yaxşılıq olsun deyə könüllü olaraq müəyyən qədər əlavə pul vermək və ya hədiyyələr vermək faiz sayılmır. Belə olan halda, borclunun borc aldığı maldan qiymət baxımından daha dəyərlisini və ya miqdar baxımından daha çoxunu geri qaytarması caizdir. Çünki Hz. Peyğəmbər (s.ə.s.): “Sizin ən xeyirliniz borcu qaytarmaq baxımından ən yaxşı olanınızdır”,(Buxari, Vəkalət, 6; Müslim, Müsaqat, 120) – buyuraraq, həm borcu vaxtında ödəməyə təşviq etmiş, həm də borclunun borcunu qaytararkən borc verənə könüllü olaraq əlavə bir şey verilməsinin gözəl bir davranış olduğuna işarə etmişdir. Lakin əvvəlcədən şərt qoşularsa, yaxud müəyyən hərəkətlərdən, davranışlardan bu kimi şərtlə verildiyi məlum olarsa və sırf bu məqsədlə borc verildiyi təqdirdə borcdan əlavə verilən məbləğ faiz sayılır.
Qadın ərindən icazəsiz oruc tutarsa o orucu məqbuldurmu, qəza etməyə ehtiyac varmı?
Cavab: Əvvəlcə qeyd edək ki, bir müsəlmanın fərz olan Ramazan orucunu tutmaq üçün heç kəsdən icazə almaq məcburiyyəti yoxdur. İcazə alma məsələsi nafilə oruclara aiddir və burada nəzərdə tutulan icazə ibadətin məqbul olmaması mənasında deyil, sadəcə olaraq birgə yaşayan cütlərin bir-birinə olan hörmətləri və bir-birindən xəbərsiz iş görməmələri mənasındadır.Yəni icazənin əxlaqi baxımdan alınması tövsiyə edilmişdir. Yoxsa, icazə alınmadığı təqdirdə, nafilə oruc ibadətinin etibarsız olması mənasında deyildir. Bu zərif hərəkət istər qadın, istərsə də kişi üçün, hər iki tərəfə aid olan bir məsuliyyətdir.
ŞƏRHLƏR