Allah bizə borcludurmu?

Allah bizə borcludurmu?

Günlük həyatımızda qarşılaşdığımız ən bəsit məsələ və problemlərimizin həllində cüzi də olsa köməkliyini hiss etdiyimiz insanlara əlimizdən gəldiyincə onların bu nəzakətli hərəkətinə görə minnətdarlıq edər, bu yaxşılığı bəlkə də fərqli yer və zamanlarda başqa insanlarla da sevinc hissi ilə paylaşarıq. Bəlkə də gecə-gündüz həmin insanlar üçün dua edərik. Müəyyən xüsusiyyətlər var ki, bunlar fitrətdən gəlir, yəni insan qəlbində kiməsə qarşı xüsusi düşmənçilik, kin-küdurət olmadığı müddətcə gördüyü yaxşı davranışlara qarşı qeyri-ixtiyari olaraq təşəkkür mahiyyətli müsbət reaksiyalar verilir. Ən kiçik məsələlərdə belə Allahın yaratdığı insanlara minnət və təşəkkürü borc bildiyimiz halda ən xırdasından ən böyüyünə qədər bütün ehtiyaclarımızı əvəzsiz qarşılayan - kainatın yaradıcısına qarşı duruşumuz necədir? Lüzumsuz işlərə həddindən çox etina göstərərkən, şükür etdikcə nemətlərimizin daha da artacağını bildiyimiz halda, naqislik etməyimizin səbəbi nədir?!

Yer üzərində canlı və cansız bütün məxluqat, şübhəsiz, Onun əsəridir və Ona aiddir. Onun yaratdıqlarına qarşı edilən hər bir yaxşılıq Ona qarşı edilmişdir. Zərrə qədər də olsa yaxşılıq və pislik, xeyir və şər, zərər və mənfəət, bir sözlə ziddi ilə mövcud olan hansı əməllər varsa hər bir şey onun nəzdində yazılar və hesab günündə hər biri önümüzə qoyular. O zaman dünya həyatında nemətlərə qərq olduğu halda Rəbbinə qarşı nankorluq edənlər üçün dərin bir peşmançılıq, Rəbbinə sədaqət və vəfa göstərənlər üçün isə şükrün mükafatı olaraq əbədi səadət...

Şükür necə edilər? Əllərimizi açaraq “Ya Rəbbi! Verdiyin nemətlər üçün sənə şükürlər olsun...!” deyərəkmi edilməlidir? Əlbəttə, Yaradan bəndələrinin əllərini açıb ona gəlməsindən məmnuniyyət duyar, ancaq buna ehtiyacı yoxdur. Bilmək və dərk etmək lazımdır ki, yalnız və yalnız bizim onun razılığını almağımıza ehtiyacımız vardır. Bu da “insanların ən xeyirlisi insanlara faydası ən çox olandır” hədisi-şərifində  vurğulandığı kimi “faydalı olmaqdan” keçər.  Sahib olduğumuz nemətlərin hesabının veriləcəyini bildiyimiz halda bu nemətlərdən məhrum qalan insanlarla paylaşmaq da nemətin şükrünü yerinə yetirmək sayılar, əlbəttə! Ancaq buna  həyatımızda nə qədər yer ayırır və nə dərəcə etina göstəririk? Bəlkə, nemətə qarşı necə şükür etdiyimizi gündəlik həyatımızdan bir neçə nümunəyə baxaraq  qismən ölçə bilərik.

- İsti bir ailə yuvasında böyüdüyümüz halda, belə bir imkana sahib olmayan yetimxanalarda yetişən kimsəsiz uşaqlara vaxtaşırı baş çəkib-çəkmədiyimizi...

- Düzgün təlim-tərbiyə, təhsil alma imkanına sahib olduğumuz halda, bu imkandan məhrum qalan özümüzdən kiçiklərə bildiklərimizi öyrədərək onları həyata hazırlamağa nə dərəcədə əhəmiyyət verdiyimizi....

- Özümüz və ya ailəmiz üçün könlümüzü xoş edən cürbəcür paltar, əşya və s. kimi şeyləri, zəruri olsun və ya olmasın, aldığımız halda bir ömür boyu bəlkə bunların tək bir növünə belə sahib olmayıb maddi çətinliklər içərisində boğuşan, bizimlə eyni dünyanı paylaşan insanları nəzərə alıb-almadığımızı...

- Hər axşam yatağımıza girərkən, bu gün Rəbbimiz bizə bu qədər nemətini lütf etdi, əslində mənə deyil, bəlkə başqalarına da verə bilərdi, deyə daha çox şükür etməyi özümüzə düstur olaraq seçə bilib-bilmədiyimizi...

- Əlimizdəki son loğmayı belə aclıq içərisində qıvranan bir insana verə bilib-bilmədiyimizi...

- Heç bir maddi imkanımız olmasaydı belə, səmimiyyətlə, təbəssümü sədəqə bilərək ətrafımıza müsbət bir enerji şəklində saçmağımızı...

- Layiqincə şükür edərsək sahib olduğumuz nemətin daha da artırılacağının Allahın qəti  bir vədi olduğunu bildiyimiz halda nədən ötrü şükür etməməkdə israr etdiyimizi...

Heç düşündükmü bütün bunları!? Həqiqətən bu işlərdə nə dərəcədə səmimi olub olmadığımızı yoxlamaq üçün özümüzü bir sınağa çəkə bildikmi!?  

Xülasə, şükrün məğzi əslində özümüzə edəcəyimiz bir təşəkkürdür. Yaşadığımız, sahib olduğumuz əmanətin haqqını verə bildiyimiz üçün özümüzə təşəkkür etməkdir. Əslində şükür etməyin tərcüməsi də elə budur: “Ey Rəbbim! Başqalarına deyil, mənə verdiyin nemətlər mənə lütf deyil, əmanətdir. Bax mən də mənə verdiyin əmanətlərdən ən çox xoşuma gələnləri sənin bəndələrinə, sənin razılığını almaq üçün verirəm. Mən, artıq sənin əmanətlərini deyil, sənin gerçək “xəzinələrini” istəyirəm”.

Əslində isə şükür, bəlkə də xəyal belə edə bilməyəcəyimiz məkanların qapılarını açmaqdan başqa bir şey deyil..!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz