Əzazil oğru
64 nömrəli avtobusun pəncərəyə yaxın, arxa təkərin üstündə (dizlərin çənəyə yaxınlaşdığı namünasib poza) yerləşən oturacağında oturdum. Az sonra yanımdakı boş yerə üzütüklü, otuz-otuz beş yaşlarında arıq, sifətindən eyni vaxtda zəhrimar və biclik yağan bir kişi əyləşdi.
Pəncərədən çölə baxsam da, aradabir gözucu ona nəzər yetirirdim. Sağ cibimdə altmış manat, əlli dollar, sol cibimdə isə Samsunq telefon və onun adaptoru vardı. Bir balaca ehtiyatsızlıq etsəydim, yanımdakı rahatca pulları götürüb əkilə bilərdi. Məni bu adamın oğru olmasına əmin edən iki şey idi: sol biləyinin üstündəki “Mənim gözəl anam” döyməsi, bir də, başının üstündə dayanan özü kimi birisinin guya vecsiz pəncərədən çölə baxması. “Pah, bunlar guya indi bir-birini tanımırlar da”. Anladım ki, klassik üsula əl atmaq niyyətindədirlər: yanımdakı pulları pinsetlə çıxarıb həmkarına ötürəcək, o da tezcə avtobusu dayandırıb əkiləcəkdi aradan. Əlimi cibimə salıb biləndə ki, pullarımı oğurlayıblar, lap səs-küy salsam da, bunun yaxasından tutub silkələsəm də, xeyri olmayacaqdı. Cibindən beş-on manat çıxardıb yeddi arxa dönəninin canlarına, ruhlarına and içəcəkdi ki, olanım budu, lap istəyirsən bütün ciblərimi yoxla. O biri adamla bağlı da buna nəyisə sübut edə bilməzdim, qayıdıb deyəcəkdi ki, mən nə bilim o kimdi, nə olsun mənim yanımda dayanmışdı. Üstəlik, kamera da yox idi avtobusda.
“Əclaf, - ürəyimdə buna dedim. - əynimdəki paltarlardan görmürsən ki, maaşla dolananlardanam?” Özümə də gülməli gəldi bu sözlər. “Qırx yaşı keçmisən, amma hələ də sadəlövhlüyündən qalmırsan. Oğrunun humanisti olur, ay insan?”
Yadıma iki həftə əvvəl feysbukda paylaşılan bir video düşdü. Bakı kəndlərindən birindən şəhərə gələn avtobusda ortayaşlı bir cibgir, yaşlı bir kişinin pulunu oğurlamaq istəyəndə, duyuq düşmüşdü enlikürək, biləyi yoğun ağsaqqal. Oğrunun yaxasından tutub sifətinə yekə əliylə iki-üç şapalaq ilişdirmişdi, üzünə tüpürüb qışqıra-qışqıra demişdi ki, ay qurumsaq, ay alçaq, mənim əziyyətnən, zəhmətnən qazandığımı oğurlamaq istiyirsən. Oğru zərbələrdən qaçmaq istəsə də, alınmamışdı, eləcə mızıldanmışdı ki, heç nə oğurlamamışam. O biri dayanacaqlardan birində polislər özünü yetirmişdi... Bir həftə sonra yenə feysdə paylaşılan xəbər linkindən məlum olmuşdu ki, təzəcə türmədən çıxmış həmin cibgir istintaq təcridxanasında tuberkulyozdan keçinib. Statusa şərh yazanların bir neçəsi kimi, mənim də düzü, bu bədbəxtə yazığım gəlmişdi. Hətta az qala, haqq qazandırmışdım ona, yəqin, dərmanına, ya da yeməyinə lazımıymış oğurlamaq istədiyi pul...
Yanımdakının arıq sifətinə baxıb yenə ürəyimdə ona sual verdim: “Deyəsən, sən də təzəlikcə türmədən çıxmısan, hə?” Fikirləşdim, görən, cibimdə beş-on manat olsaydı, göz yumardım ki, götürsün, gedib qarnını doyursun? “Yox e, sənin sifətindən əzazillik yağır, sən qəddar adama oxşayırsan. Sən gecə bıçaqla adamları divara dirəyib pullarını alan tiplərdənsən. Hələ pulu ələ keçirmək üçün adamı bıçaqlayarsan da. Videodakı oğrunun üzündə heç olmasa, bir yazıqlıq vardı. Ona görə sənə heç beş manat da düşmür”.
Avtobus düşəcəyim dayanacağa çathaçatda ayağa durdum, mənə yol verməkçün qırağa çəkildi. Onun başının üstündə dayanan həmkarı isə ayıqlığımı hiss edib, az əvvəl arxa oturacaqda oturmuşdu. Çıxışa tərəf dörd-beş addım atmışdım ki, arxadan gələn “Ay qardaş” səsinə çevrildim. Yanımda oturanıydı, əlində telefonumun adaptoru gülə-gülə mənə tərəf gəlirdi. Heyrətdən ağzım açıldı, adaptoru götürüb təşəkkür elədim. Zorla onun da yol pulunu verib avtobusdan düşdüm.
ŞƏRHLƏR