HƏYAT DƏFTƏRİNDƏN
QARDAŞINIZA DUA EDİN
Mənəvi böhrana düşmüş insanlardan uzaqlaşaraq onları tərk etmək yerinə onlara İslamın təbəssümünü göstərmək lazımdır ki, yenidən həyata qayıtsınlar. Yezid bin Əsam belə deyir:
Şam əhlindən güclü, qüvvətli və nüfuzlu bir adam vardı. Tez-tez Hz. Ömərlə görüşməyə gələrdi. Uzun bir müddət onu görməyən Hz. Ömər yanındakılardan həmin adamın nə işlə məşğul olduğunu və görünməməsinin səbəbini soruşanda belə cavab verdilər:
- Ey möminlərin əmiri, o, şərab içərək özünü məhv etdi.
Hz. Ömər katibini çağıraraq:
- Yaz! “Ömər bin Xəttabdan filankəsə. Sənə salam olsun! Özündən başqa ilah olmayan, günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, ehsanı bol olan Allaha həmd edirəm. Ondan başqa heç bir ilah yoxdur, dönüş ancaq onadır”.
Hz. Ömər məktubu yazdırdıqdan sonra üzünü yoldaşlarına tutub dedi:
- Allahın yoluna qayıtması və tövbəsinin qəbul olunması üçün qardaşınıza dua edin.
O şəxs Hz. Ömərin məktubunu alan kimi “Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan Allah...” (əl-Mumin, 3) ayəsini dönə-dönə oxudu və: “Allah məni həm əzabı ilə qorxutmuş, həm də günahlarımı əfv edəcəyini vəd etmişdir”, - deyərək ağladı. Sonra da tövbə etdi.
Hz. Ömər o adamın tövbə etdiyini eşitdikdə bunları söylədi:
“Bir qardaşınızın yoldan çıxdığını, günaha batdığını gördükdə onu doğru yola gətirməyə və Allahın əfvinə güvənməsinə çalışın. Allaha dua edin ki, qəlbinə tövbə etmək istəyi salsın. Şeytana yardımçı olaraq ona bəddua etməyin”. (İbn Kəsir, Təfsir IV, 76)
CANLI TƏFƏKKÜR
Məhəmməd bin Kəb əl-Kürazi belə söyləyir:
“Ömər bin Əbdüləzizlə Mədineyi-Münəvvərədə qarşılaşmışdım. O zaman gənc, yaraşıqlı və bolluq içində idi. Xəlifə olandan sonra yanına getdim. İzin istədim, izin verilən kimi yanına girdim. Ömər bin Əbdüləzizi görən kimi heyrətləndim və təəccüblə ona baxmağa başladım.
Mənə:
- Ey İbn Kəb, niyə belə təəccübləndin? – dedi. Sualına belə cavab verdim:
- Ey möminlərin əmiri, rənginiz qaçmış, saçlarınız ağarmış və tökülmüş, bədəniniz zəifləmişdir. Sizi bu vəziyyətdə görəndə heyrətimi gizlədə bilmədim.
Bu sözdən sonra mənə belə dedi:
- Ey İbn Kəb, məni qəbrə qoyandan sonra görsən, əcəba, nə qədər heyrətlənəcəksən? O vaxt qarışqalar gözlərimi çıxarmış, bəbəklərim yanaqlarıma axıb tökülmüş, ağzım, burnum da qan və irinlə dolu olacaq. Bax o zaman məni tanımayacaq və çox heyrətlənəcəksən. İndi bunları düşünmə. Sən mənə İbn Abbasın Rəsulullahdan (s.ə.s) rəvayət etdiyi hədisi təkrar et...” (Hakim IV, 300/7706)
GENOM ŞİFRƏSİNİ ÇÖZƏN ELM ADAMI DNA-NI İZAH EDİR
11 iyun 2006-cı il tarixli The Sunday Times qəzeti genom şifrəsini açan alimin Allahın varlığına inandığı barədə etdiyi açıqlamaları nəşr etmişdi. Verilən xəbərdə alimin etdiyi kəşfin ardından Allaha daha da yaxınlaşdığı ifadə edilirdi.
Dr. Francis Collins The Sunday Timesa verdiyi açıqlamada DNA-dakı genetik məlumat üzərində apardığı araşdırma və etdiyi kəşflə bağlı belə deyir:
“İnsanlıq haqqındakı bütün məlumatları və sirləri içində saxlayan 3.1 milyard hərflik bu kitab qarşınıza çıxdıqda və səhifələrini bir-bir araşdırmağa başlayanda böyük bir heyranlığa qapılmamaq mümkün deyil. Mən də bu səhifələrə bir-bir baxdım və bunlar mənə Allahın elmi ilə bağlı əhəmiyyətli məlumatlar verdi. Bir yaradıcının varlığına inanmaq üçün əlimizdə bir çox dəlil var. Eyni zamanda çəkinmədən deyə bilərəm ki, elmi tapıntılar insanı Allaha yaxınlaşdırır. Əgər bir kəşfə, ixtiraya imza atsanız, bu, elm adına böyük bir iftixardır. Xeyli vaxtdır bir iş üzərində çalışırsınız və nəhayət kəşf edirsiniz. Digər tərəfdən bu, Yaradana çox yaxınlaşdığınız andır. Çünki sizin bildiyiniz şeyi o vaxta qədər heç kəs bilmədiyi halda Allah onu lap əvvəlcədən bilirdi”.
SADƏLİK
Ömər bin Əbdüləzizin sadə həyat tərzini xəsisliklə qarışdıran bəziləri: “Bütün imkanlar əlində olan bir xəlifəsiniz, istədiyinizi geyə, bəzənə bilərsiniz”, – deyərək niyə belə sadə yaşadığını soruşmuşdular. O isə belə cavab verdi:
“Qənaətin ən gözəli var-dövlətin çox olduğu vaxt ediləndir. Əfvin ən gözəli də gücü çatdığı halda əfv etməkdir”.
ŞƏRHLƏR