SÜBHÜN RƏBBİNƏ SIĞIN!
Ömür sürən hər bir insan zaman-zaman maddi xəstəliklərə yoluxur. İnsanda baş qaldıran maddi xəstəlikləri vücudumuzda baş verən zahiri dəyişikliklərdən anlaya bilirik.
Bu zaman müəyyən tədbirlər görür, lazım gələrsə, həkimə və dava-dərmana əl atırıq. Bəzənsə insan vücudunda gedən gizli proseslərdən xəbərsiz olduğumuz üçün xəstəliyin fərqinə varmırıq. Bir də görürük ki, çox ciddi bir problemlə üz-üzə qalmışıq və artıq iş-işdən keçib. Bu kimi halların qarşısını almaq üçün də hər kəsin zaman-zaman tibbi müayinədən keçməsi şərtdir.
Diqqət etsək, insanın mənəvi varlığı da eynilə belədir. Zaman-zaman mənəvi xəstəliklərə yoluxa bilir, ruhumuzu sıxan, qəlbi həyatımızı daraldan mikrob və viruslara məruz qala bilirik. Mənəvi dünyamızın mərkəzi olan qəlbimiz də məruz qaldığı təsirlərlə xəstələnə bilir. Qurani-Kərim bu həqiqəti münafiqlərlə bağlı bir ayədə belə xəbər verir: “Onların qəlblərində xəstəlik var…” (əl-Bəqərə, 10)
Nədənsə maddi xəstəliklərin qarşısını almağa çalışan insan oğlu eyni həssaslığı mənəvi xəstəliklərə göstərmir. Halbuki mənəvi xəstəliklərin də müəyyən təzahürləri, əlamətləri nəzərə alınaraq müalicə üsullarına əl atılmalıdır. Bəzən gizli sürən maddi xəstəliklər kimi mənəvi xəstəliklər də özünü büruzə verməyə bildiyindən zaman-zaman təqva sahibi mürşidlərin müayinəsindən də keçmək zərurəti yaranır.
Ruhumuza zəhər saçan, həyatı bizə dar edən bu kimi mənəvi xəstəliklərdən biri də, şübhəsiz ki, həsəddir. Həsədin lüğət mənası bir adamın başqa birinin sahib olduğu şan-şöhrət, məqam, var-dövlət və s. kimi nemətləri gözünün götürməməsidir. Həsəd insanda qəlbi narahatlığa səbəb olaraq həyatı ona dar edən zəhərli sarmaşığa bənzəyir. Bu haldakı insan, hətta qısqanclıqla başqalarının sahib olduqları gözəlliklərin əllərindən çıxması üçün, lazım gələrsə, özünün də bu kimi yaxşılıqlardan məhrum olmasına razı olarlar.
Həsəd insanı həlaka sürükləyən ən böyük bəlalardan biridir. Bəşəriyyətin həsədlə ilk tanışlığı babamız Adəmin övladlarından Habillə Qabil hadisəsində gerçəkləşmişdir. Qabil qəlbində böyütdüyü qısqanclıq və həsəd duyğularına ehtirasını da qarşıdıraraq öz doğma qardaşı Habili öldürmüş və beləcə qiyamətədək bütün insanlara pis bir nümunəyə çevrilmişdir. Digər tərəfdən Qurani-Kərimin “Qissələrin ən gözəli” adlanan Yusuf surəsində də həsəd və qısqanclığın qardaşlar arasında nə qədər böyük ədavətə səbəb olduğunu, nəhayət, Yusuf kimi məsum bir peyğəmbərin quyuya atılması ilə nəticələndiyini dəfələrlə oxumuşuq. Həsəd toxumu bir dəfə insan qəlbinə düşdükdən sonra artıq orada özünə yer etmək üçün bütün fəsadlarını yaymağa başlayar. Bu minvalla işlənən günahlar - qeybət, dedi-qodu, sui-zənn – də həsəd toxumunu cücərdən və boy atmasına şərait yaradan ünsürlərdir. Həsədin insanlıq üçün nə qədər qorxunc olduğunu həsəd edənin həsədindən qorunmağı əmr edən ayə açıq-aydın göstərir: “De ki, həsəd aparan zaman paxılın şərindən sübhün Rəbbinə sığınıram!” (əl-Fələq, 5) Allahın həsəddən sübhün Rəbbinə sığınmağı əmr etməsi həsədin mənən zülmət olduğunu da diqqətimizə çatdırır. Elə isə həsəd zülmətini sübh şəfəqləri ilə dağıtmaq lazımdır.
Allaha iman etmiş insan qəlbində azacıq da olsa həsəd əlamətləri hiss edərsə, vaxt itirmədən insanlar arasında dərin uçuruma səbəb olan bu bəladan xilas yolları axtarmalıdır. Təbii ki, hər şeydən əvvəl şeytanın vəsvəsələrinə qulağımızı qapamalı, bizi kiminsə haqqında həsədə sövq etməsinə izin verməməliyik. Bir sıra maddi xəstəliklərin peyvəndi olduğu kimi, əslində mənəvi xəstəliklərin də qarşısını almaq üçün müəyyən peyvəndlər mövcuddur. Həsəd virusunu yaxın buraxmamaq üçün insan daima Allahın qədəri üzərində təfəkkür etməli, insanlar arasındakı bölgünün birbaşa Rəbbimiz tərəfindən olduğuna iman etməlidir. Çünki həsəd edən kəs əslində Allahın insanlar arasındakı ruzi bölgüsünə etiraz etmiş sayılır. Qurani-Kərimdə yer alan və Allahın insan oğluna bəxş etdiyi nemətlərdən bəhs edən ayələri çox oxuyub ibrət almaq da həsədə qarşı aparılan profilaktik müalicə tədbirlərindən biridir. İnsan mənəviyyatını gücləndirməyin ən mühüm vasitələrindən biri, şübhəsiz ki, təfəkkürdür. Özünü, haradan gəlib-hara getdiyini, yaşadığı kainatı təfəkkür edən kəs hər şeyin fani olduğu qənaətinə gələrək nə əldə edə bilmədiklərinə görə qəmə batar, nə də sahib olduqları ilə öyünüb azğınlaşar. Bu nəhəng kainatda hər kəsin sadəcə bir zərrə olduğunu dərk edən ariflər əsla özlərini başqa zərrələrlə müqayisə etməzlər.
Hz. Peyğəmbərin tövsiyələrinə qulaq asaraq maddi cəhətdən özümüzdən yuxarıda olanlara deyil, aşağıdakılara baxmalı və halımıza şükür etməliyik. Gözü daima yuxarıda olanlar həsədə yoluxmaqdan xilas ola bilməzlər. İnsan yalnız təqva cəhətdən yuxarıdakılara baxmalı və onlardan ibrət alaraq həyata davam etməlidir. Hərdən yoxsulların yaşadığı məhəllələrə baş çəkmək, kimsəsiz və yetimlər evini ziyarət etmək, məhkum və dustaqlarla görüşüb əslində sahib olduğumuz maddi və mənəvi nemətlərin fərqinə varmaq lazımdır.
Ətraf mühit və oturub-durduğumuz insanlar da üzərimizdə böyük təsir gücünə malik olduğundan kimlərlə yoldaşlıq etdiyimizi gözdən keçirməliyik. Şübhə yoxdur ki, mənəvi xəstəliklər də bir çox maddi xəstəlik kimi insandan-insana yoluxucudur. Əlbəttə ki, qəlbi həsəd və qısqanclıqla qaralmış kəslərin ətrafa yaydıqları da təmiz ruhları ləkələyici şeylər olacaq. Qəlbində həsəd olan kəs ya qısqanclıq hissi duyduğu adamların qeybətini edər, ya dedi-qodusu ilə məşğul olar, yaxud da iftira ataraq fitnə mənbəyinə çevrilər. Elə isə kiminlə oturub-durduğumuzu, hansı məclislərə getdiyimizi götür-qoy etməliyik. Qurani-Kərim bizə saleh əməl sahibi olmağın yolunu açıq-aydın göstərərək belə buyurur: “(Sözündə, əməlində və imanında) sadiqlərlə bərabər olun!” (ət-Tövbə, 119) Ən böyük sadiqlər, ən saleh insanlarsa peyğəmbərlər və onların varisi olan Allah dostlarıdır. Mürşidi-kamillərin söhbətlərində iştirak etmək, nəsihətlərini dinləmək, onlarla eyni havanı tənəffüs etmək insanda bir sıra mənəvi təkamülə səbəb olduğu kimi mənəvi xəstəliklərin də şəfasına zəmin hazırlayar. Eyni zamanda Peyğəmbər qissələrini, səhabə həyatını, dünyasını dəyişmiş Haqq dostlarının həyatını oxuyaraq, yaxud əlçatmaz uzaqlıqda olan salehlərlə qəlbi bərabərlik quraraq mənəvi hallarından istifadə etmək də atmamız gərəkən vacib addımlardandır. İman dərdi çəkən mömin salehlər zümrəsinə daxil olmaq üçün bu yolda hər bir çətinliyi gözə almağı bacarmalıdır.
Digər tərəfdən bunun əksi olan cahillərlə oturub-durmaqdan çəkindirmək üçün Allah-Təala Hz. Peyğəmbərin timsalında möminlərə belə xəbərdarlıq edir: “…zalım tayfa ilə bərabər oturma!” (əl-Ənam, 68) Bu ilahi qadağa bizə günah, cəhalət və zülmün yoluxucu olduğunu xatırladır. Xəstə ruhlarla birlikdə olanlar qeyri-ixtiyari də olsa, onlara bənzəməkdən qurtula bilməzlər.
ŞƏRHLƏR