ALLAHIN RƏHMƏT QAPILARI
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara, əkin yerləri kimi nəfsin arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqləridir. Dönəcəyiniz yerin (əbədi həyatın) bütün gözəllikləri Allah qatındadır”. (Ali-İmran, 14)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun!
Ayeyi-kərimədə bildirilən məqamları, yəni övladda, qızıl-gümüşdə, ərazi və mülklərdə, gözəl qadınlarda, nəfslərdə cövlan edən cazibəni aşmadan, qəlbən və ruhən dünya ilə vidalaşmadan, ölmədən əvvəl ölmək sirrinə nail olmadan Allahın (c.c) rəhmət və mərhəmət qapılarından süzülən sonsuz lütf və bərəkət nuruna qərq olmaq mümkün deyil. Təbiidir ki, bu lütfi-ilahini əldə etmə səadəti ilahi murada və bu muradın asanlaşdırdığı ağır mücadilələrə sinə gərmə bacarığından çox asılıdır.Yalnız Rəsulullahın və ona tabe olan şanlı varislərinin mükəmməl çalışmaları ilə ümmətə təklif etdikləri qurtuluş açarları ilə dünya zindanının qadın, mal-mülk, övlad, yəni bir sözlə nəfsani arzularla pərdələnmiş, zillət pası tutmuş qıfıllarını ustalıqla açmaq olar. Uca Allahın (c.c) rəhmət qapısında ümməti dünya zülmətindən xilas etmə naminə məqam tutmuş bu böyüklərin bənzərsiz irşad fəaliyyətləri neçə-neçə iman, əməl, əxlaq və mərifət yoxsullarının ilahi rəhmətin zərif, lətif və sonsuz olan məna zənginliyinə talib olmasına vəsilə olmuşdur. Bu istiqamətdəki dəyərli çalışmaları ilə seçilən Musa Topbaş əfəndi belə buyurur:
“Uca Rəbbimiz sevdiyi, əziz etməyi murad etdiyi bir qulunun qəlbinə Öz sevgisini qoyar. O qul bir qulluq tələbi olaraq bunun qədr-qiymətini bilib hüsn-rəğbət edərsə, yəni tam bir ixlas üzrə təslimiyyət yolunu tutaraq qulluğun tələbi istiqamətində nə etmək lazım gəlirsə onu (canla-başla) ifa edərsə (qəflətinə səbəb olan) pərdələr açılmağa başlayar. Asanlıqla Allah-Təala (c.c) ilə ünsiyyət halı təcəlli edər. İstiqamət əhli olan şəxs bu şəkildə axtardığını asanlıqla tapmış olar. Bu da Rəbbimizin quluna İltifati-İlahiyyəsidir. Bu hala bəzən Allahın (c.c) xas bir qulunun, yəni mürşidi-kamilin nəzəri ilə yetişilir. Bu çox az kimsəyə nəsib olur. Mürşidi-kamilin nəzəri hər müraciət edənə təsir etməz; Allahın (c.c) murad etdiyi hər işdə ciddi, səmimi, kamala nail olmuş yüksək əxlaq sahibi kişilərin belə çox azına nəsib olar. Bu nəsib sahibi, bəzilərinin aylarca, hətta illərcə əldə etmədiyini çox qısa zamanda əldə edər. Bu bir İltifati-İlahiyyədir”.
Haqqın rəhmət qapısında qərar tutmağa layiq olan kamil insanı yetişdirmə işində böyüklərimizin hər bir bəşərə öz övladı kimi yanaşma tərzi, son nəticədə İslam dininin zəngin mədəniyyətini bütün incəlikləri ilə qəlblərə hakim qılmağa səbəb olmuşdur. Kamil bir insan, kamil bir qul yetişdirmə sənətinin öncüllərini tanıma və onlarla daima bərabər olmağa xüsusi önəm verən İbrahim Düsuki həzrətləri belə buyurur:
“Allah dostlarının əxlaqını öyrənməmək məhrumiyyətlərə səbəb olur. Onlara qarşı ədəbə riayət etməmək isə həlaka götürür. Allahın rəhmət qapısı açıqdır və heç bir zaman da qapanmamışdır. Məhz Allahın xas qulları olan dostları daima Allahın rəhmət qapısında duraraq dua və yalvarışlarla Yaradana yönəlirlər. Ey övladlarım! İnsanların çoxunun Allahın (c.c) şəriətinə zərər verdiyi və həqiqi məhəbbəti bidət saydığı bir əsrdə yaşayırıq.(Qeyd edək ki, İbrahim Düsuki həzrətləri miladi tarixlə XII əsrdə yaşamışdır) Bu insanlar Allahın (c.c) lütf və ehsan qapısının qapandığına inanırlar. Kim buna inanarsa, Allahın iradəsinə qarşı çıxmış olar ki, bundan Allaha sığınırıq. Belə kimsələrdən uzaq durulması məsləhətdir. Allah dostlarının qiymətini bilməmək cəhalət və bəsirətsizlikdir. Bunu da qeyd etməyi özümə borc bilirəm ki, təəssüf ki, övladlarımdan bir dənəsinin belə həqiqi mənada Allah dostlarının izlərini təqib etdiyini və şəxslərinə sirr veriləcək qədər dərəcə qət etdiklərini görmədim. Ona görə də bu aldadıcı zamanın şərindən bütün güc və qüvvət əlində olan Allaha (c.c) sığınıram. Kamil insan olaraq yetişmə yoluna yeni girənin qidası aclıq, yağmuru göz yaşı, ehtiyacını ərz edəcəyi yer Allah-Təaladır. Bu şəxs zəifləyincəyə qədər haqqını vermək şərti ilə oruc tutar. Məhz bu itaət şövqü ilə qəlbinə incəlik girər, qəlb gözü açılar, qulağındakı mənəvi ağırlıq qalxar. Bundan sonra o, Quranı və onun öyüdlərini həm qulaq, həm də qəlb ilə duyar. Buna müqabil kim boş söz danışarsa, rahatların ardınca gedərsə, həddindən çox yeyər, içər və yatarsa, üstəlik: “bunları edəni kimsə qınamaz”, - da deyərsə, ondan xeyir gəlməz. Yolumuzda şiddətli dəniz dalğaları, atəş, aclıq və yorğunluq kimi bir cox çətinliklər olmaqdadır. Bu yol mənasız və məqsədsiz yol deyil. Bu yol Allaha (c.c), Onun Rəhmət qapısına yetişmə yoludur!”
ŞƏRHLƏR