HƏSƏD DEYİB KEÇMƏ!

HƏSƏD DEYİB KEÇMƏ!

Hz. Yusuf bir gün atasına yuxusunda gördüyü on bir ulduzun, Günəş və Ayın ona səcdə etdiyini anlatdığı zaman atası, əsla bu yuxunu qardaşlarına danışmamasını tapşırmış, onların şeytana uyaraq ona zərər yetirəcəklərindən qorxduğunu demişdi.

 Hz. Yaqub bu yuxu ilə Hz. Yusufun gələcəkdə peyğəmbər olacağını anlamışdı. Onun övladları da yuxu yozmağı  bilirmişlər ki, bu yuxunu qardaşlarına danışmamasını istəmişdi. Çünki onlar da gələcəkdə Yusufun onlardan fərqli olaraq böyük, hörmətli biri olacağını anlayacaqdılar.

Bir peyğəmbər övladı olub, onun tərbiyəsindən keçən biri belə öz qardaşına verilən hansısa bir nemətə görə onun paxıllığını çəkir, hətta ona xələl yetirə bilirsə, onda bu xəstəlik xəfifə alınacaq bir xəstəlik olmamalıdır.

Səhərin şirin yuxusundan çətinliklə qalxaraq, ya da bir çox işin arasında vaxt ayıraraq, bəlkə kimlərinsə qınağı ilə qarşılaşma bahasına namaz qıldıqdan, ya da min bir əziyyətlə qazandığı pulu Allah yolunda xərclədikdən sonra bütün bunların savabının yox olmasını heç bir ağıllı şəxs istəməz. Elə buna görədir ki, Hz. Peyğəmbər (s.ə.s) ümmətini onların yaxşı əməllərini yox edəcək, bir növ qəlb xəstəliyi olan həsəd barəsində belə xəbərdar etmişdir: “Atəşin odunu yeyib yox etdiyi kimi həsəd də bütün xeyirləri yox edər” (Əbu Davud).

Bu barədə heç kim “mənim qəlbim təmizdir, heç kəsə həsəd aparmaram” deməməli, bu xəstəliyin səbəblərini bilməli və dərmanını da tanımalıdır. Əks halda hər bir yaxşı əməl bir qəlb xəstəliyi olan həsəd ucbatından yox olub gedəcəkdir.    

  Həsədin nədən irəli gəldiyi barəsində bir az dərin düşündüyümüz zaman onun təməlində, əslində, təkəbbürün, özünü başqasından üstün tutmaq hissinin olduğunu müşahidə etmək mümkündür. Çünki həsədçi biri Allahın kiməsə verdiyi malı ona layiq bilməyib, əksinə, o neməti özünə layiq bildiyi üçün həmin nemətin ondan alınıb özünə verilməsini istəyir.

Həsədçi biri eyni zamanda istər fərqində olsun, istər olmasın, Allahın istəyinə qarşı gəlib onun adil olmasıyla razılaşmayan kimsədir. Çünki Allahın kiməsə hansısa neməti verməsi mütləq olaraq ilahi bir imtahandan irəli gəlir. Hər bir müsəlman da bu ilahi bölgü ilə razılaşmalıdır.

Görüldüyü kimi digər günahlarda olduğutək həsədin də təməlində hansısa başqa bir günah yatır. Necə ki, həsədə səbəb olan günahlardan biri təkəbbürdür, həsəd özü də  başqa bir günaha təməl təşkil etməkdədir. Məsələn, insan paxıllıq etdiyi şəxs barəsində istər-istəməz mənfi şeylər danışmağa meyilli olacaqdır. Onun barəsində ya qeybət edəcək, ya da ona iftira atacaqdır. Beləliklə də, həsəd öz-özlüyündə başqa bir günahı doğurmaqdadır.

Bütün bunlara görədir ki, insan günahlara kompleks olaraq yanaşmalıdır. Bunun üçün həm zahiri, həm də batini günahlardan uzaq durmaqda eyni həssaslığı göstərməlidir. İnsan haram qılınan əməllərdən uzaq durmağa cəhd etdiyi kimi, həsəd, lovğalıq kimi günahlardan uzaq durmaq xüsusunda da ən az eyni dərəcədə əzmkar davranmalıdır. Çünki hansısa tək günahdan uzaq durmağa çalışmaq bütün günahlara qarşı durmaqdan daha çətindir. Tutaq ki, insan dəri səthində yaranan səpkiləri yox etmək üçün yalnız hansısa kosmetik vasitələrdən istifadə edir. Bu zaman bu tədbir müvəqqəti xarakter daşıyar. Çünki o xəstəliyin səbəbi əslində qanda yaranan bir mikrobdur. Dəri üstündə yaranan həmin xəstəliyi birdəfəlik yox etmək üçün əvvəla qandakı mikrobu məhv etmək lazımdır.

Unutmamaq lazımdır ki, hər bir xəstəliyin dərmanı, ya da dərmanları olduğu kimi, həsədin də dərmanı vardır. Əbu Dərda həzrətləri bu xəstəliyin dərmanlarından biri barəsində belə demişdir: “Bir şəxs ölümü çox yada salarsa, onun həsədi az olar”.

Ölümü xatırlamaq  təkəbbür, kin, xəsislik və digər mənfi xüsusiyyətlərə dərman olduğu kimi, həsədin də ən əsas dərmanlarındandır. Həsəd kimi qəlbin xəstəliklərini yox etmək üçün, əlbəttə, çarə olacaq bir çox  əməllər vardır. Bunları burada yazaraq məqaləmizin həcmini artırmaqdansa, qısaca bunu qeyd etmək yetərlidir: Hər bir kəs Allahın  əmrlərini yerinə yetirib qadağalarından uzaq durmaqla yanaşı, Hz. Ömərin  tikanlı yoldan keçərkən ayaqlarına tikan batmasın deyə göstərdiyi etinaya bənzətmiş olduğu təqvaya möhkəm sarılmalıdır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz