“GƏLƏCƏYƏ ATDIĞIMIZ OXLAR”

“GƏLƏCƏYƏ ATDIĞIMIZ OXLAR”

XIX əsrin ingilis rəssamlarından W. Holman Huntın “Aləmin işığı” adlı tablosu London Krallıq Akademiyasının sərgi salonunda nümayiş etdirilirdi. Tabloda bir əlində fənər tutmuş filosof o biri əli ilə qapını döyür və içəridən cavab gözləyirdi.

Tablonu  incələyən bir sənət tənqidçisi: “Gözəl bir tablodur, lakin mənasını heç cürə dərk edə bilmədim, - deyir. - Adamın döydüyü qapı heç açılmayacaq? Qapı qolu, ya da açar yeri çəkməyi unutmusunuz!..” Rəssam Hunt gülümsəyir və belə deyir: “Adamın döydüyü qapı adi qapı deyil. Bu qapı insan qəlbinin simvoludur. Bu qapı təkcə içəridən açıldığı üçün çöldən hər hansı bir toxmağa, açara ehtiyacı yoxdur.

Dünyamızın işığı olan uşaqlarımızın qəlbinə girə bilmək üçün könül qapılarını düzgün şəkildə döyməliyik. Bu gün uşaqlarımızla olan rəftarımız gələcəkdə onların qazanacağı davranışlara müsbət və ya mənfi təsir göstərəcəkdir.

Övladlarımızı oxa, biz valideynləri isə yaya bənzətmək olar. Uşaqlarımız yeni dövrün insanları olacaqlar; biz valideynlər başqa dövrün insanları idik. Uşaqlar ata-analarının gələcəyə atdıqları oxlardır. Heç bir yay atdığı oxun məsafəsinə çatmaz, amma oxunu uzaq hədəflərə ata bilər. Buna görə də biz valideynlər oxumuzu yaşadığımız dövrə və ya keçmişə deyil, məhz gələcəyə atmalı, uşaqlarımızı tərbiyə edərkən, yetişdirərkən aşağıda sadalayacağımız bu məqamları unutmamalıyıq:

Əgər övladınızın özünə güvənməsinə və özünə hörmətlə yanaşmasına qarşısınızsa, ona olan sevginizi ifadə etməyin, onu qucaqlamayın, başını sığallamayın, gözlərinin içinə baxa-baxa öpməyin!

Əgər övladınızın özünü yeniyetmə, gənc şəxsiyyət kimi hiss etməsini, özünü sizə yaxın hiss etməsini istəmirsinizsə, onunla danışanda səviyyəsinə enməyin, onunla göz təması qurmayın, olduğunuz yerdən və sağa-sola baxaraq danışın!

Əgər övladınızın yalançı olmasını istəyirsinizsə, ona verdiyiniz sözlərə əməl etməyin, sözlərinizlə bədən diliniz ahəng içində olmasın, səmimilikdən uzaq olun, uşağınızla müştərək aldığınız qərarları övladınızın fikrini öyrənmədən dəyişin!

Əgər övladınızın bədbin və qaraqabaq olmasını istəyirsinizsə, onu başqa uşaqlarla müqayisə edin!

Əgər övladınızın sıxıntısını və ya bir problemini sizinlə deyil, başqaları ilə həll etməsini istəyirsinizsə, onu xəfifə alın, fikirlərinə qeyri-ciddi yanaşın, hələ uşaq olduğunu, böyüməli olduğunu söyləyin!

Əgər övladınızın özünü dəyərsiz, qiymətsiz hiss etməsini istəyirsinizsə, dilinizlə söyləməsəniz belə, bədən dilinizlə (jest və mimikalarınızla) ona, sizə yük olduğunu, qarşınızda maneə olduğunu hiss etdirin!

Əgər övladınızın zərərli vərdişlərə yiyələnməsini və pis dostlara sahib olmasını istəyirsinizsə, onunla az vaxt keçirin və müştərək oyun oynama vərdişindən uzaq durun!

Əgər övladınızın uğur əldə etməsini istəmirsinizsə, onun bacarıqlarını inkişaf etdirməsinə imkan verməyin, bacardığı şeyləri və əldə etdiyi kiçik müvəffəqiyyətləri təqdir etməyin, onu həvəsləndirməyin!

Əgər övladınızın içinə qapalı, çəkingən, qarşılaşdığı çətinliklərdən qorxan biri olmasını istəyirsinizsə, ona öz uşaqlığınızdan və uşaqlıq illərində qarşılaşdığınız çətinlikləri həll etmənizdən, uğursuzluqlarınızdan, xəstəliklərdən sağalmanızdan, bütün bunların normal hal olduğundan və hər kəsin başına gələ biləcəyindən heç bəhs etməyin!

Əgər övladınızın öz fikrini açıq şəkildə ifadə etməsini, cəmiyyət içində rahat davranmasını istəmirsinizsə, onun pis davranışlarını deyil, məhz onun özünü tənqid edin. “Sən bu davranışı edərkən mən çox üzülürəm”, yerinə “Sən pis uşaqsan!” deyin!

Nəhayət, bütün bu mənfi davranışları övladınızla münasibətlərinizdə tətbiq edə bilsəniz, o zaman gələcəyə atmaq üçün hazırladığınız oxu ancaq və ancaq dərin bir bataqlığa saplamış olarsınız.

Biz tərsindən yazdıq, etməməli olduqlarımızı sıraladıq, artıq necə başa düşmək və oxunuzu hara istiqamətləndirmək sizin əlinizdədir. Səhv addımları öyrənək ki, düzgün addım atmağı bacaraq. Gələcəyin istiqamətini düzgün təyin edək ki, ümidlərimiz boşa çıxmasın!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz