MALIN ÜÇ SAHİBİ

MALIN ÜÇ SAHİBİ

Əbu Zərr (r.a) məşhur səhabələrdəndir. İbadətə düşkün, təqva sahibi bir adam idi.

 Nə özü sərvət sahibi idi, nə də başqalarının durmadan var-dövlət yığmağına razı olurdu. Daima zənginlərlə mücadilə aparırdı. Hətta bu səbəbdən Hz. Osmanın əmri ilə kiçik səhra qəsəbəsi olan Rəbzədə məcburi məskunlaşmışdı. Əbu Zərr həzrətlərinin bir neçə dəvəsi və cılız bir çobanı vardı. Bu dəvələri güdərək dolanışığını təmin edərdi. Süleym oğulları qəbiləsindən bir nəfər Əbu Zərin yanına gəlib ona xidmət etmək istədiyini, beləcə, feyzindən də faydalanmaq niyyətinin olduğunu bildirdi: “Çobanınıza köməkçi olaram, sizin də feyzinizdən istifadə edərəm”, - dedi. Əbu Zərr həzrətləri belə buyurdu: “Mənim dostum mənə itaət edən kəsdir. Mənə itaət etməyə hazırsansa, məmnuniyyətlə yanımda qala bilərsən. Əgər dediklərimə itaət etməyəcəksənsə, sənə heç bir ehtiyacım yoxdur”. Süleymli: “Hansı məsələdə sizə itaət edilməsini istəyirsiniz?”, - deyə soruşdu. Hz. Əbu Zərr: “Malımdan Allah yolunda nə isə verilməsini istədikdə ən yaxşısı seçilib verilməlidir”, - dedi.

Süleym deyir ki: “Onun təklifini qəbul edib yanında qaldım. Bir dəfə su hövzəsinin kənarında çörəyə möhtac, acından qıvranan insanların olduğunu dedilər. Mənə: “Bir dəvə götür, gəl”, - təlimatı verdi.

Dəvələrin arasında çox qiymətli, işə əlverişli, itaətkar bir dəvə vardı. Əvvəlcə verdiyim sözü xatırlayıb onu gətirmək istədim, amma “Onsuz da aclara yedirəcək. Bu dəvə qalsın. Əbu Zərr və adamlarının buna ehtiyacı olar”, - deyə düşündüm və ondan bir az zəif, lakin digərlərindən daha kök bir dəvəni götürüb yanına getdim. Əbu Zərr həzrətləri mənə: “Sən xəyanət etdin”, - dedi. Bu sözü ilə nə demək istədiyini anlamadım. Əbu Zərr o çox qiymətli dəvənin yanına gedib orada oturanlara: “Allah yolunda bu işi görəcək iki nəfər varmı?”, - deyə soruşdu. İki nəfər ayağa qalxıb hazır olduqlarını dedilər. Əbu Zərr (r.a) onlara belə dedi: “Bu dəvəni kəsin, sonra ətini bölüşdürüb su hövzəsində məskunlaşan nə qədər ailə varsa onlara paylayın. Bir hissə də mənə ayırın, amma hamısı eyni olsun. Mənim evimə də digərlərinə göndərdiyiniz qədər göndərin!”.

Onlar əmri yerinə yetirib əti bölüşdürdülər. Sonra məni çağırıb: “Allah yolunda ən yaxşı malımdan xərcləyin sözümə bilərək əməl etmədin, yoxsa bilmədən? Əgər unutmusansa, üzrlüsən”, - dedi. Mən bu cavabı verdim: “Unutmağına unutmamışdım, əvvəlcə həmin dəvəni götürdüm, lakin fikirləşdim ki, bu dəvə iş üçün daha əlverişlidir. Sizin də çox vaxt ona ehtiyacınız olur, sadəcə bu səbəblə onu gətirmədim”. “Sadəcə mənim ehtiyacıma görə gətirmədin?”, - dedi. Mən də: “Bəli, sadəcə sizin ehtiyacınız olacağını düşünüb gətirmədim”, - dedim. O zaman Əbu Zərr belə dedi: Qulaq as, sənə, ehtiyacım olan günü xəbər verim. Möhtac olduğum gün qəbrə tək qoyulduğum gündür. Bax o gün mənim həqiqətən də ehtiyac içində çırpındığım gündür”. Malın üç şəriki var. Biri, malı aparmaq üçün bir an belə gözləməyən qədər və qəza. Qəza gələndə yaxşı-pis deməz, nə varsa hamısını aparar. İkincisi, öldüyün zaman mala sahib olmaq üçün gözləyən varislər. Üçüncü şəriksə, sənin özünsən. Gücün çatırsa, üç şərikdən ən acizi sən olma. Allah-Təala “Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız… (Ali-İmran, 92) buyurur. Ona görə də ən çox sevdiyim malı özüm üçün göndərməliyəm ki, mənimçün axirət azuqəsi olsun”.

“Şəriklərin ən acizi sən olma” sözündən məqsəd bacardıqca bu dünyada yaxşı əməllər işləyərək, malı Allah yolunda sərf edərək axirət üçün savab qazanmaqdır. Əcəl gələndən sonra insanın əlindən çıxan mal başqalarının əlinə keçər. O zaman heç kim başqasını düşünməz. Oğul-uşaq, bacı-qardaş bir neçə gün ağlayandan sonra hər şeyi unudarlar. Ölən üçün sədəqə verən, xeyir iş görən az tapılar. Bir hədisi-şərifdə Peyğəmbərimiz belə buyurur: “İnsan “malım, malım” deyər. Halbuki malı yediyi və istehlak etdiyi, geydiyi, köhnəltdiyi və ya Allah yolunda sərf edib savab xəzinəsinə yığdığından ibarətdir”. Başqa bir hədisdə Peyğəmbərimiz belə sual edir: “Sizdən kim varislərinin malını öz malından çox sevər?” Səhabələr: “Ya Rəsulallah, kimə başqasının malı öz malından sevimli olar?”, - dedilər. Peyğəmbərimiz belə buyurdu: “İnsanın öz malı ölmədən əvvəl axirətə göndərdiyidir. Xərclənməyib saxlanan mallarsa varislərin malıdır”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz