SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Diş dolğusu etdirmək və ya qoyma diş qüsl almağa manedirmi?

Cavab: Diş və ağız sağlamlığının əhəmiyyəti günü-gündən daha da yaxşı anlaşılır. Hz. Peyğəmbərin diş təmizliyi haqqındakı hədisi diş sağlamlığına nə qədər əhəmiyyət verdiyini göstərir. Belə ki, Hz. Peyğəmbər buyurmuşdur: "Ümmətimə çətin olmayacağını bilsəydim, hər namaz üçün misvakdan  istifadə  olunmasını əmr edərdim". (Buxari, Cümə 8)

Diş qoydurma, dolğu, taxdırma və diş protezi qoydurma kimi müalicələr ağız sağlamlığını qorumaq üçün müraciət olunan çarələrdir. Diş dolğusu və taxdırma kimi müalicələrin dəstəmaz və qüslə mane olub-olmaması, bu müalicələrdə qızıl və ya gümüşün istifadəsinin caiz olub-olmaması müsəlmanları maraqlandıran bir mövzudur.

Quranda və hədislərdə bilavasitə plomblatma və ya taxdırma ilə əlaqədar açıq bir hökm yoxdur. Lakin xəstə olan və ya bədənində narahatçılığı olan bir şəxsin müalicə olma hüququ və vəzifəsi vardır. Bu mövzuda Hz. Peyğəmbərin müxtəlif hədisləri mövcuddur. "Allahın nəzərində güclü mömin, zəif mömindən daha xeyirli və yaxşıdır". (Müslim, Qədər 34) Başqa bir hədisdə belə buyurulur: "Hər dərdin bir dərmanı, hər xəstəliyin bir əlacı var". (Müslim, Salam 69)

Dolğu ilə müalicə olunan və ya taxılan dişin müalicəsində gümüşün istifadəsi mövzusunda alimlər həmrəydirlər. Diş müalicəsində qızıldan istifadə etmək Əbu Hənifəyə görə məkruh, İmam Məhəmmədə görə isə caizdir. Məzhəb imamlarının, diş dolğusu və ya taxdırmadan sonra həmin dişlərin içinə suyun daxil olub-olmaması məsələsinə əhəmiyyət vermədikləri müşahidə olunur. Çünki Əbu Hənifə, Əbu Yusif və İmam Məhəmməd dişi gümüş tel ilə bağlama və gümüş diş taxdırmağın caiz olduğu mövzusunda həmfikirdirlər. Bununla yanaşı Kəsanidə "tədbid (taxdırma)" kəlməsi açıq-aydın qeyd olunur. (Kasani, Bədai, V, 132.)

Bundan əlavə dəstəmaz və qüsldə sarğı üzərinə məsh caiz olduğu kimi, ağzında taxdırma və ya dolğulu dişi olanın suyu çalxalaması kifayətdir. Xülasə, zərurət olduqda, haram olan şeylər halal olur. Odur ki, dişdən tam müalicə alan şəxsin plomb və taxdırma dişi öz dişi hökmündədir. Məhz bu səbəblə də üstünün yuyulması içinin yuyulması kimidir. Lakin mümkün qədər müalicənin cünub və ya aybaşı günlərində götürülməməsi məqsədəuyğundur. İmam Şafeiyə görə, bu vəziyyətdə də dişin yuyularaq plomblanması caizdir. (Bax. Sərəxsi, Şərhus-Siyəril-Kəbir, I, 132; əl-Fətaval-Hindiyyə, V, 333.)

 

Sual: Bir şəxs evlənmək istədiyi qadına baxa bilərmi?

Cavab: Oğlan evlənmək istədiyi qızı şəxsən görmə hüququna sahibdir. Bu mövzuda onun üz və bədən gözəlliyini anlamaq üçün üz, əllər və boynuna baxması kifayət hesab edilmişdir. Üz gözəlliyə, əllər də qadının zərifliyinə dəlalət edir. Səhabədən Cabir İbn Abdullahın (r.a) rəvayət etdiyi hədisdə belə buyurulur: "Sizdən biri bir qadınla evlənmək istədikdə, onun evlənməsini təşviq edən xüsusiyyətlərinə baxa bilirsə baxsın". (Əbu Davud, Nikah, 18; Tirmizi, Nikah, 5; Əhməd İbn Hənbəl, III, 334, 360) Muğirə İbn Şöbə (r.a) bir qadınla evlənmək istədikdə Hz. Peyğəmbər (s.ə.s) ona belə buyurmuşdur: "Ona bax. Çünki bu, aranızdakı məhəbbətin davamına vasitədir". (Tirmizi, Nikah, 5; Nəsai, Nikah, 17)

Hənbəlilərə görə, bir şəxsin evlənəcəyi qadının günlük işlər görərkən açıq qalan yerlərinə baxması caizdir. Əsaslandıqları dəlil yuxarıda qeyd olunan hədislərdir. İmam Şafei, baxma qızdan və ailəsindən xəbərsiz olmalıdır fikrini irəli sürərkən, malikilər gizli baxmağın məkruh olduğu fikrini mənimsəmişlər. (Züheyli, əl-Fiqhul-İslami VII, 24)

Nəticə etibarilə bir oğlan evlənmək istədiyi qızla, onu ailəsindən istəməzdən əvvəl üçüncü bir şəxsin yanında və ya hamıya açıq olan bir məkanda görüşə bilər. Eyni zamanda qızın da oğlanı görmə hüququ var. Odur ki, oğlanla qızın bir-birini görmədən evlənməsi düzgün deyil. Çünki insanların zövqləri və xoşlandıqları şeylər tamamilə müxtəlifdir. Birisinin xoşuna gəlməyən bir oğlan və ya qız başqasının xoşuna gələ bilər. Nikah müqaviləsi bağlandıqdan sonra vaz keçmək çox çətindir. Məhz bu səbəblə əvvəlcədən islami ölçünü gözləyərək görüşmək evliliyin möhkəmliyi baxımından faydalıdır.

Sual: Boşanan qadının maddi cəhətdən hüquqları nələrdir?

Cavab: Boşanan qadın boşama növündən asılı olmayaraq üç aybaşı (heyz) və təmizlənmə müddətincə iddət gözləməlidir. (Bax. əl-Bəqərə, 228) Bu iddət müddətində də ərin nəfəqə öhdəliyi davam edir. Qadın hamilədirsə, sözügedən öhdəlik doğuma qədərdir. Ancaq Şafei, Maliki və Hənbəli məzhəblərinə görə, 3 dəfə boşama ilə boşanan qadın iddət müddətində sadəcə məskənlə təmin edilir, bundan başqa geyim, yemək və içmək kimi şeylər vacib deyil. 

 

Sual: Övladlıq götürmək caizdirmi?

Cavab: İslamdan əvvəl övladlığa götürmə yayğın adət idi. Hətta Hz. Peyğəmbər də peyğəmbərliyindən əvvəl həmin adətə görə Zeyd İbn Harisəni övladlığa götürmüşdü. Cahiliyyə dövründə övladlıq onu götürənin oğlu və ya qızı kimi hesab olunur, varisi olur və arvadı da gəlini sayılırdı.

İslam övladlıq müəssisəsini ortadan qaldırdı və hər uşağın öz nəslinə nisbət edilməli olduğu prinsipini gətirdi. Qurani-Kərimdə belə buyurulur: “Onları (əsil-nəsəbləri bilinsin deyə) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha düzgündür (daha ədalətlidir)”. (əl-Əhzab, 5) Hətta Al­lah-Təala Rəsuluna övladlığı Zeydin boşadığı Zeynəb bint Cəhş ilə evlənməyə izn verərək, övladlığın nikaha təsir edən cəhətini də ortadan qaldırdı. Bu evlilik ayədə belə ifadə edilir: “Zeyd zövcəsi ilə əlaqəsini kəsdikdə (Zeynəbi boşadıqda) səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman onlarla evlənməkdə möminlərə heç bir çətinlik (günah) olmasın!” (əl-Əhzab, 37)

Onu da qeyd etmək lazımdır ki, bir yetim və ya kimsəsiz, ya da yoxsulun himayəsi, oxudulub evləndirilməsi, bir işlə təmin edilməsi müsəlmana böyük əcr qazandırar. Öz soyadına keçirmədən bu kimi himayədarlıq və yardımlar İslamın təşviq etdiyi bir davranışdır. Odur ki, bunlar bir növ mənəvi övlad olur. Ancaq övladlığa götürülən şəxs onun nə varisi, nə də qohumu olar, habelə yetkinlik yaşına çatdıqdan sonra naməhrəmlik də ortadan qalxmaz. Allahın Elçisi bu  mövzuda buyurur: “Kim islami dövrdə, atası olmadığını bildiyi halda atasından başqasına mənsub olduğunu iddia edərsə, ona cənnət haram olar”. (Müslim, İman 34)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz