BİR AYƏ
فَبِاَیِّ اٰلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
“Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” (ər-Rəhman, 13)
Ümumilikdə götürsək, “ər-Rəhman” surəsində Uca Allahın insanlara bəxş etdiyi nemətlərdən bəhs edilir və bu nemətlərin müqabilində insanların Allaha şükür etmələri gərəkdiyi, ancaq onların əksəriyyətinin nankor olduğu ifadə edilir. Yuxarıdakı ayə də məhz insanın ona verilmiş naz-nemətlərə qarşı nə qədər nankor olduğunu xəbər verir. Bu ayə quruluş etibarilə sual cümləsi formasındadır və bu surədə otuz bir dəfə təkrarlanmışdır. Qurani-Kərimdə təkrarlar çoxdur. Bunun məqsədi mənanı qüvvətləndirmək və ayədə ifadə edilənlərin nə qədər əhəmiyyətli olduğunu göstərməkdir. Çünki təkrarın ən böyük faydası bir şeyi yaxşı-yaxşı anlatmaq və zehinlərə yerləşdirməkdir.
Ayənin təfsirinə gəlincə, bu ayədə yeganə rəbbimiz olan Allahın bəxş etdiyi nemətləri inkar edənlər və layiqincə Ona şükür etməyənlər qınanırlar. Bu qınaq müxtəlif nemətlərin sadalanmasından sonra otuz bir dəfə təkrarlanmaqdadır. Ayədə diqqət çəkən digər bir xüsus da تُكَذِبَان “yalan saya bilərsiniz” feilinin ikilik halında olması və beləcə, iki qrupa xitab edilməsidir. Bu iki firqənin kimlər olduğu barəsində təfsirçilər tərəfindən müəyyən fikirlər irəli sürülmüşdür. Bunların içində ən etibarlı görüş bu iki firqənin insan və cin tayfası olduğudur. Bununla bağlı olaraq İbn Ömərdən (r.a) belə bir rəvayət nəql edilmişdir: “Hz. Peyğəmbər (s.ə.s) səhabələrə “ər-Rəhman” surəsini oxumaqda idi. Səhabələr də sakitcə dayanıb qulaq asırdılar. Bu zaman Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Bu nə işdir! Cinlərin Allaha sizdən daha gözəl cavab verdiyini eşidirəm. Mən hər dəfə “Elə isə Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!” ayəsini oxuduğum zaman onlar: “Ey Rəbbimiz! Sənin nemətlərindən heç birini yalanlamırıq. Həmd Sənə məxsusdur”, - deyirlər”.[1]
Nəql olunan hədisə əsasən bu ayə hər dəfə oxunub təkrarlandığı zaman hədisdə keçən şəkildə bir təsdiq cümləsi ilə cavab verilməsi məndub hesab edilmişdir.
Digər bir görüşə görə isə Uca Allah burada kişilərə və qadınlara xitab edir. Bəzi təfsirçilərə görə də bu iki firqədən biri iman gətirənlər, digəri isə inkar edənlərdir.
Uca Allah bizlərdən, verdiyi nemətlərə layiqincə şükür edib qədrini bilməyimizi istəyir. Unutmayaq ki, axirətdə bütün bu nemətlərin hesabını verəcəyik. Necə ki, digər bir ayeyi-kərimədə Allah-Təala: “Sonra o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”[2] - buyurur. Yəni aldığımız nəfəs, keçirdiyimiz zaman, yediyimiz qida və qazandığımız hər bir şey bizim üçün nemətdir və mütləq bunlardan hesaba çəkiləcəyik.
Uca Allah bizləri nemətin şükrünü layiqincə edən və axirətdə hesabını verə bilən qullarından eyləsin!
ŞƏRHLƏR