BUDDİZMDƏN İKİ HEKAYƏ

BUDDİZMDƏN İKİ HEKAYƏ

Elm Çində olsa belə onun alınması lazımdır. “Nə danışırsan? Çin nəyimizə lazımdır?

 O qədər uzağa getməyə nə ehtiyac var? İstanbul, Bağdad, Misir, Şam, Məkkə, Mədinə bizim nəyimizə yetmir ki, it-pişik əti yeyilən bir ölkədə elm axtaraq?! Belə elmdən xeyir gələrmi?..” qəbilindən deyiləcək etiraz sözlərinin heç bir haqlı səbəbi ola bilməz. Çindən gələn hər cür texniki vasitəni işlədirsən, növbə elmə gələndə üzünü çevirirsən?! Həyatı dar çərçivəyə həbs etmək, həyatın rənglərini azaltmaq və çətinləşdirmək təqva məqsədi ilə də olsa, yaxşı bir iş deyil. “Rahatlaşdırın, çətinləşdirməyin; müjdələyin, nifrət etdirməyin” xəbərdarlığına məhəl qoymadan, yaxşı bir müsəlman olmaq naminə çətinləşdirmək və nifrət etdirmək bəndlərini seçənlər çoxdur.

“Hikmət (həqiqəti dərk etmək) möminin itmiş malı kimidir; harada görsə, onu alar”. Malını və ya pulunu itirən kimsə onun harada tapıldığına, özünə harada, kim tərəfindən geri verildiyinə baxmaz. Onun üçün mühüm olan itiyinin tapılmış olmasıdır. Bilik və hikmət bütöv halda İslam alimlərində, İslama aid əsərlərdə mövcuddur. Bütöv halda var olmasının səbəbi Qurani-Kərimin heç pozulmadan günümüzə qədər gəlmiş olmasıdır. İslamdan savayı heç bir din və ideologiyada bilik və hikmət bütöv halda mövcud deyil. Xristianlıq və yəhudilik kimi bir vaxtlar bilik və hikmətə yüzdə-yüz nisbətində sahib olan dinlər belə zamanla təhrifə məruz qaldığı üçün bu nisbət çox-çox aşağılara düşmüşdür. İslamda bilik və hikmət bütöv halda (ton), İslamdan başqa din və ideologiyalarda isə qırıntı halında (milliqram) mövcuddur.

Doymaq istəyən kimsə bütöv çörək almalıdır. İnsan qarışqa deyil ki, qırıntılarla doysun. Susuzluğunu yatırmaq istəyən kimsə ya ağzını çeşməyə dirəməli, ya da özünü suya atmalıdır. Uzaq Şərq dinlərinə aid bilik və hikmətlər qırıntı və damcı olaraq qəbul edilə bilər. Diqqət edilməli olan xüsus bir ayağın Quran və Sünnə ilə sabitlənməsi, digər ayağın isə pərgar kimi açıla bilməsidir.

Bir gün tələbəsi zen ustadından (buddizmdə):

- Bu müvəffəqiyyəti necə əldə etdiniz, ustad olmağın sirri nədir? Gündəlik həyatınızda zeni necə tətbiq edirsiniz? – deyə soruşur. Ustad cavab verir:

- Acanda eləcə yeyirəm, doyanda çanağımı yuyuram. Yorulanda da eləcə yatıram.

- Bunu hər kəs edir, bu işdə bir fərqlilik yoxdur ki! – deyir tələbə. Ustad:

- Xeyr, hər kəs edir, amma eyni şəkildə deyil, - deyə cavab verir. Bu səfər tələbə:

- Nəyi eyni deyil, fərqlilik nədədir? – deyə soruşur. Ustad təbəssüm edib deyir:

- Başqaları acanda eləcə yemək yeməz, yorulanda təkcə yatmaz. Onların zehinləri bitmək-tükənmək bilməyən düşüncələrlə doludur. Buna görə də, “eyni şəkildə deyil!” - deyirəm.

Başqa bir hekayədə, bir zen tələbəsi zen ustadına gedərək:

- Ustadım, çox çalışıb aydınlanmaq istəyirəm. Nə etməliyəm, aydınlanmaq üçün mənə yol göstərin, - deyir. Ustad soruşur:

- Yeməyini yedinmi?

- Bəli, - deyir tələbə. Ustadın təlimatı belə olur:

- Elə isə get qabını yu!

Bu hekayəni oxuyanda dayandım. Doyurmasa da ləzzətli bir qırıntı, şirin bir su damcısı kimi idi. Biz işləri bir-birinə qatmaqda ustayıq. Bəzi dostlarım evinin tualetinə oxumaq üçün kitab-jurnal qoyur. Tualetdə oxuyursa, bəs oxuyarkən nə edir?!

Kaş ki namaz qılarkən eləcə namaz qıla bilsək. Allah deyərkən, kaş ki, eləcə zikr edə bilsək. Yatmaq üçün yatağına girən bir çox insan sabah nə edəcəyinin planı ilə məşğul olur, işə gedərkən də yata-yata yola davam edir. Tələbəlik illərimdə qulaqlığı ilə həm musiqi dinləyən, həm də dərs çalışan yoldaşlarım var idi. Yatağına da qulaqlığı ilə girər, həm musiqi dinləyər, həm də yatmağa çalışardılar.

Zen ustadının dediyi kimi eləcə bir iş edə bilsəydik, daha çox müvəffəq olardıq.

İkinci hekayədə Zen ustadına verilən sualı İslam böyüklərinə də yönəldə bilərik. Hədisi-şəriflərdə “Ey Allahın Rəsulu, ən fəzilətli əməl hansıdır?” – deyə sual verildiyi, Rəsulullahın (s.ə.s) bu suallara namazı vaxtında qılmaq, ata-anaya yaxşılıq etmək, salam vermək və yemək yedirmək kimi gündəlik həyata dair cavablar verdiyini görürük. Bu cavablar toplandığı zaman heç birinin ilk dəfə söylənən, yeni eşidilən bir söz olmadığı görüləcəkdir.

İslam böyüklərinin, alimlərin söhbətinə gedirik və daha yaxşı bir müsəlman olmaq üçün suallar soruşuruq. Daha yaxşı bir müsəlman olmağın yolu, zen ustadının dediyi kimi, bəzən əhəmiyyət vermədiyimiz, yemək qabımızı təmizləmək kimi sadə, kiçik işləri düzgün görməkdən keçir. “Necə daha yaxşı bir müsəlman olaram?” sualının cavabı bu sualı soruşan kimsənin şəxsi həyatında gizlidir. Yalan danışmağı tərk etmək, ata-anaya yaxşılıq etmək, qeybətdən uzaqlaşmaq, israfı həyatımızdan çıxartmaq, küsdüklərinlə barışmaq, sözünü tutmaq, yeməyi sağ əl ilə yemək, suyu ayaqüstə içməmək və s. bunlardandır. Eyni sual diş həkiminə “nə etsəm daha yaxşı dişlərim olar?” şəklində verilsə, diş fırçası işlət, altı aydan bir gəl yoxlayım, şəklində cavab verər. Rəhman və Rəhim olan Allah böyük problemlərin həllini bəzi kiçik və sadə təfərrüatlarda gizlədib. Bir az daha diqqət və səy göstərmək lazımdır!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz