BİR HƏDİS

BİR HƏDİS

عَن الْبَرَاء قَالَ : سَمِعْتُ النَّبِيَّ يَخْطُبُ فَقَالَ : إِنَّ أَوَّلَ مَا نَبْدَأُ بِهِ فِي يَوْمِنَا هَذَا أَنْ نُصَلِّيَ ، ثُمَّ نَرْجِعَ فَنَنْحَرَ ، فَمَنْ فَعَلَ فَقَدْ أَصَابَ سُنَّتَنَا

              Bəra (r.a), Rəsulullahdan (s.ə.s) xütbə verərkən belə eşitdiyini nəql etmişdir: “Bu gün ilk işimiz (bayram) namazını qılmaq, sonra qayıdıb qurban kəsməkdir. Kim belə etsə, bizim sünnəmizə müvafiq davranmış olar”. (Buxari, İdeyn, 3)

            Qurban ibadəti, Allaha yaxınlaşmaq məqsədi ilə bayram günü (Zilhiccə ayının 10-cu günü) günəş çıxdıqdan sonra bayram namazı qılınmaqla başlayıb zilhiccə ayının 13-cü günü  günəş batana qədər İslamın qoyduğu müəyyən şərtlər daxilində dəvə, inək, qoyun və keçi kimi heyvanların kəsilməsi ilə yerinə yetirilir. Qurban kəsmək üçün ən münasib vaxt bayram namazı qılındıqdan sonra olan vaxtdır. Rəsulullah (s.ə.s) qeyd olunan hədisdə səhabələrinə verdiyi xütbəsində bu ardıcıllığa diqqət çəkmişdir. Uca Allah da Qurani-Kərimdə: “Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər, 2) buyuraraq qurban ibadətini namaz ibadətindən sonra zikr etmişdir. Namazdan əvvəl kəsilən heyvanların qurbanlıq olmadıqlarına diqqət çəkən Rəsulullah (s.ə.s) bu heyvanların əvəzinə namazdan sonra yenidən qurban kəsilməli olduğunu buyurmuşdur. (Buxari, İdeyn, 5; Müslim, Ədahi, 1)

Qurban kəsmək istər ayrı-ayrı fərdlərin, istərsə də cəmiyyətin həyatı üçün bir çox hikmət və faydaları olan mali ibadətdir. Ancaq bu itaət ixlas və səmimiyyətlə olmalıdır ki, Allah yanında dəyər qazanmış olsun. Çünki Allah-Təalanın kəsilən qurbanların nə ətinə, nə də qanına ehtiyacı yoxdur. Allaha çatan qurban kəsən şəxsin niyyəti, ixlası və təqvasıdır. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır.” (əl-Həcc, 37)

Qurban bayramı və bu bayramın simvolu olan qurban kəsmək dini həyatımızın ən gözəl məqamlarındandır. Belə günlərdə müsəlman qardaşlığı və İslamın gətirdiyi paylaşma əxlaqı yüksək bir şəkildə özünü büruzə verir. Allahın insanlar üçün yaratdığı ruzilərin ən qiymətlisi olan heyvan ətindən, bəlkə də il boyu istifadə etmək imkanı olmayan insanların qurbanların kəsilməsi ilə ildə bir dəfə də olsa bu gözəl nemətdən faydalanması çox xeyirxah və gözəl bir əməldir. Qurban kəsmək imkanlı insanları Allah rizası üçün yardımlaşma və paylaşma yolunda pul xərcləməyə cəlb edərək onları xəsislikdən və dünya malına aludəçilikdən qurtarır. Yoxsul insanların da aldıqları qurban ətlərinə görə Allaha şükür etmələri və qurban sahiblərinə qarşı qəlblərində sevgi və məhəbbətin əmələ gəlməsi cəmiyyət həyatında mənəvi bir ab-havanın hakim olmasına səbəb olur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz