Gələcəyin İnşasında TƏHSİLİN ÖNƏMİ

Gələcəyin İnşasında TƏHSİLİN ÖNƏMİ

Bir yerdə oxumuşdum: “Gənclik bir ölkənin gələcəyə uzanan əlidir. Gələcək hesabı olan ölkələr gəncliyi yaxşı yetişdirməlidir.

 Gəncliyin yaxşı yetişməsi demək, hər baxımdan güclü olması deməkdir; bədənən, zehnən və ruhən güclü bir gənclik...  Bunun da yolu yaxşı bir təhsildən/tərbiyədən keçir".

Məşhur çin atalar sözünün birində deyilir ki: “Bir ili düşünürsənsə, buğda ək; on ili düşünürsənsə, meyvə ək; yüz ili düşünürsənsə, adam yetişdir”.

Uzun vədəli bir iş olan və nəticələri sonradan alına bilən təhsil məsələsi ancaq uzağı kifayət qədər görə bilən məharət əhlinə sirrini açar. Hz. Peyğəmbərimizin (s.ə.s) müjdəsinə məzhər olan Fateh Sultan Mehmet, tələbələrin yetişməsi üçün ayrılan pulun çox olduğunu deməyə çalışan maliyyə vəzirindən, oradakı tələbələrin nə qədərinin istənilən səviyyəyə gəldiyini soruşur. Vəzirin, “çox az”, - deməsi üzərinə: “Görürsənmi, nə qədər qiymətli bir məhsul üçün çalışırıq”, - deyərək onu razı salır.

Qurani-Kərimdə insanlara: “Ey iman gətirənlər! Özünüzü və ailənizi, yanacağı insanlar və daşlar olan atəşdən qoruyun" (ət-Təhrim, 6), - deyə xəbərdarlıq edilir.

“Hamınız çobansınız; hamınız güddüyünüz sürüdən məsulsunuz…” (Buxari, Cuma, 11) deyə buyuraraq insanları məsuliyyətləri barəsində xəbərdar edən Hz. Rəsulullah (s.ə.s) başqa bir hədisində belə buyurur: “Heç bir ata övladına gözəl tərbiyə və ədəbdən daha qiymətli və üstün bir miras buraxa bilməz." (Tirmizi, 1953).

Məxluqatın ən şərəflisi olmağa layiq görülən insan dünyaya təmiz olaraq gəlir, həyat dəftəri burada doldurulur. Bunun üçün də hər bir valideyn və müəllim onlara əmanət edilən uşaqlar barəsində məsuliyyətlə davranmalıdır.

Təhsildə məqsəd saleh bir bəndə, yəni irfan sahibi, millətinə xidmət edən yaxşı bir vətəndaş olaraq yetişmək olmalıdır. Ancaq uşaqlarına yaxşı bir gələcək hazırlamaq qayğısıyla onları istiqamətləndirən ailələr və təhsil üçün ömürlərinin ən qiymətli dövrlərini xərcləyən gənclər nə qədər bunun fərqindədirlər? Neçə nəfər rahat bir həyat həsrətinin yanında, cəmiyyətə xidmət edərək, insanlara faydalı olaraq Allah-Təalanın razılığını qazanmağı düşünür? Halbuki az qala bütün peşələr, az və ya çox, insanların ehtiyaclarını qarşılamaq üçün icad edilmişdir. Hədisi-şərifdə: “Əməllər ancaq niyyətlərə görədir; hər kəsin niyyəti nə isə əlinə keçəcək olan odur…” (Buxari, Bədul-Vəhy, 1) - buyurulur. Niyyət gözəl olsa, çəkilən  əməklər itməz, saleh bir qul olmaqla Allah-Təalanın razılığını qazanıb dünya və axirət səadətinə nail olmaq mümkün hala gələr.

Bilik ancaq hikmətlə bir məna qazanar, irfana çatar; əks halda, yalnız əlaqədar mövzuda işə yarayıb zehində bir yük olaraq qalar. Elm hikmət ölçüsüylə tənzim edilərsə, ruhaniyyəti kamilliyə ucaldar. Ona görə də Hz. Peyğəmbər (s.ə.s): “Allahım! Fayda verməyən elmdən, xüşu duymayan qəlbdən, qəbul olunmayan duadan, doymayan nəfsdən Sənə sığınıram!” (Müslim, Zikr, 73) şəklində dua etmişdir. Ağcaqanadın gözündən arının həzm sisteminə, atomun quruluşundan kainat sisteminə qədər bütün məlumatlar ancaq hikmətlə mütaliə edildikdə insanı səadətə çatdıran faydalı elm halına gələr.

Uşaqların yetişməsində ən əhəmiyyətli amillər: ailə, ətraf mühit və məktəbdir. Xarakterin şəkilləndiyi yaşlarda ailə mühitində olan uşaqlar daha sonra məktəb şərtlərinin də təsiri altında qalmağa davam edərlər. Ətraf mühit isə yaşa və ailənin rəftarına bağlı olaraq bütün həyat boyunca yetişmə üzərində təsirlidir.

Allah-Təala Taha surəsinin 114-cü ayəsində buyurur: “(Rəsulum) de ki: Rəbbim, elmimi artır!..” Bu artım insanın qiymət və şərəfinin artımıdır. Elm insanın həm özünü, həm ətrafını, həm də Rəbbini tanımasını təmin edən ilahi bir güzgü, öldükdən sonra belə insanın dərəcəsini artırmağa vəsilə olan sonsuz bir qazanc mənbəyidir.

Həqiqi elm irfan və mərifətullahla (Allahı tanımaqla) bəzənərək ürəkdə məkan tapdığı zaman qulu sonsuzluğun səyyahı edər.

Təhsil insan üçündür. Bu məqamda vəzifəsinin əhəmiyyətini dərk edən bir müəllim də, tələbəsinin zaman və enerjisini əsla israf edə bilməz, etməməlidir. Bilməliyik ki, ömrü boş keçirmək də bir israfdır. İnsanın təhsilində onun varlıqların ən şərəflisi olması istiqamətində yetişdirilməyib ziyan edilməsi israfların ən böyüyüdür.

Bu səbəbdən insanın təhsil və tərbiyəsində son dərəcə həssas olunmalıdır. O, uca Yaradanın yaratmaqda arzu etdiyi bir qul olaraq, yəni bu kainat kitabını oxuyan, ondakı ilahi nizam və qüdrəti təfəkkür edə bilən incə və dərin bir təfəkkür iqlimində kamil bir könül sahibi olaraq yetişməlidir.

Bütün məsələ əldə mövcud olan imkanlardan istifadə edərək bir insan daha yetişdirməkdir. Bir millət ancaq dahilər yetişdirə bildiyi nisbətdə böyük millət olar və həyatını davam etdirər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz