Yolunu dəyiş(mə)!
Metod və seçilən yol əhəmiyyətlidir. Ayağında problem olan bir adamın seçdiyi yol düz, hamar və yaxşıdırsa, o, qaçış üzrə çempion olan, ancaq dağlıq bir yolda qaçan adamdan daha çox yol qət edə bilər.
Bu bir həqiqətdir ki, yerə ayaq basan hər kəsin arxasında buraxdığı bir iz və üzünü tutduğu bir yol var. Arxada buraxılan izlərin nəticəsindən asılı olmayaraq arxadan gələnlər öndən gedənlərin təcrübəsini əsas alaraq bu yollarda addımlamağa davam edir. Ümumilikdə isə insanlar yeni bir yol açmaqdan çox öndə gedənlərin izindən yürüməyə daha meyillidir. Çünki bir yerdə yolun olması həmin ərazidə yaşama aid bir izin varlığından xəbər verir. Yolun olmadığı yerlər isə təhlükəli qəbul edilir.
Əgər özünə bir yol tutub getmək istəyirsənsə, gərək əvvəlcə biləsən ki, gedilən yolu düzgün seçmədən yola çıxılmaz. Gedəcəyin yolda sənin qarşına çıxa biləcək maneələri əvvəlcədən bilməkdə də fayda var. Əvvəlcə gedəcəyin yerə ən yaxın və ən təhlükəsiz yolu seçməli və bu seçimi etdikdən sonra həmin yolun şərtləri ilə yaxından tanış olmalısan. Özünə uyğun olmayan yolda yürümək səni yora və yarı yolda qoya bilər. Əgər üzə bilmirsənsə seçdiyin yoldakı çayı keçməkdə çətinlik çəkəcəksən. Ya əvvəlcədən üzməyi öyrənəcəksən, ya da ki, hər tərəfi quru olan alternativ yollara müraciət edəcəksən.
Üz tutduğun istiqamətdə uğur qazanmağın ən əsas yollarından biri də getdiyin yolda mətin addımlarla irəliləməkdir. Bu yolda durmaq və dayanmaq sənin əleyhinə işləyən mexanizmdir. Hər gün bir addım irəli atmaq isə ən önəmli vəzifələrdəndir. Hər işdə olduğu kimi, davamlılıq prinsipi burada da öz əhəmiyyətini qoruyub saxlayır. Sürətli işləyib çox dayanmaq yox, az işləyib davamlı hərəkətdə olmaq daha səmərəli nəticə verir. Siz düşünün ki, bir ünvandan digər ünvana avtomobil idarə edirsiniz. Bu idarəetmə əsnasında qarşıda duran məsafəni daha tez qət etmək üçün istifadə etdiyiniz maksimum sürət hər an sizi bir təhlükə ilə qarşı-qarşıya qoymaqla bərabər qarşınıza çıxa biləcək hər hansı bir xırda maneə sizin qəza törətmənizə və bütün planlarınızın pozulmasına səbəb ola bilər. Siz yolu nə qədər sürətli getməyə çalışsanız da, tez yorulacaq və dayanıb istirahət etmək məcburiyyətində qalacaqsınız. Bu zaman əksər insanlar kimi dayandıqdan sonra fasilənin müddəti uzanır və həmin işə davam etmək çətinləşir. Yox əgər planlı və normal sürətlə hərəkət etsəniz, davamlı irəliləyəcək və durmaq məcburiyyətində qalmayacaqsınız. Həmin hərəkətdən ayrılmadığınız üçün də hədəfə daha tez çatacaqsınız.
Hədəfini müəyyən edib yola çıxdınsa, doğruluğuna inandığın yolu heç bir zaman dəyişmə. Bunun müqabilində sənə daha çox şeylər vəd edib səni bu yoldan uzaqlaşdırmağa çalışanlar da ola bilər. Çünki sənin uğur yolunu doğru təsbit etdiyini və dayanmadan irəlilədiyini görən ətrafındakı neqativ düşüncəli insanlar buna mane olmağa çalışacaqlar. Bu yolun doğru olmadığını, sonunun heç də yaxşı olmayacağını deyib səni ruhdan sala bilərlər. Bəzi insanlar özlərinin sahib ola bilmədikləri uğura başqalarının da sahib olmaması üçün əllərindən gələni etməyə hazırdır. Sənin həqiqətən doğruluğuna inandığın yola maneələr qoyurlarsa, dayanma və irəli getməyə davam et. Meyvəli ağaclar daşlandığı kimi, uğur sahibi insanların da bir çox tənqidə məruz qalması normaldır.
Əgər indi getdiyin yolda doğruluq, həqiqət və mərhəmətdən uzaqsansa, elə indi yolunu dəyişməlisən. Ətrafında olan insanların çoxluğu sənin doğru yolda olduğunu göstərmir. Çünki insanların əksəriyyəti doğrunun yanında yox, uğursuzluğunu müşahidə etmək üçün zəiflərin də yanında yer almağa adətkardır.
İrəlilədiyin zaman arxanda gözüyaşlı insanlar buraxma. Sənin üçün dəyərli olan insanları özünlə götürməyi unutma. Getdiyin yolda yıxılan varsa, əl verib qaldır. Köməyə ehtiyac duyan varsa, ehtiyacını qarşıla. Gözüyaşlı məzlumların göz yaşını sil. Dərdlilərin dərdinə dərman ol. Bu insanlardan aldığın dualar isə sənin üçün bu yolda qarşılaşacağın təhlükələrə qarşı bir qalxan olacaq. Sənə tərəf ətrafdan gələn bütün təhlükələri dəf edəcək.
Son olaraq; yolunu doğru seçməsən, yanlış yolda yürümək məcburiyyətində qalacaqsan. Yanlış yolda qazandığın uğurlar isə səni həqiqi mənada xoşbəxt edə bilməyəcək. Hədəfə hamıdan tez çatmaq üçün arxadakıları əzib keçmək isə səni hədəfə tez çatdırsa da, arxadakı məzlumların ahı sənin xoşbəxtliyinə imkan verməyəcək...
ŞƏRHLƏR