Əsarətdən hürriyyətə

Əsarətdən hürriyyətə

Batumdan Tiflisə Nəsib bəy Yusifbəyli ilə məktub göndərilir.

 Məktub Məhəmməd Əmin Rəsulzadədən idi. Zaqafqaziya Demokratik Respublikasının müsəlman fraksiyası toplanmışdı. Rəsulzadənin teleqramı və məktubu oxunur. Məktub hər kəsi fərəhləndirir. Uzun müddətdən bəri gözlənilən tarixi şərait və zamanın yetişməsi fraksiyanı cuşa gətirir. Osmanlının Batumdan Bakıya dəmiryol xəttinin çəkilməsi təklifi rədd edilmişdi. Ermənilərin torpaq iddiası Osmanlının Zaqafqaziyaya girməsi və ZDR-in  buraxılması ilə nəticələnmişdi. Bu anda Batumda bir otaqda Noe Jordania ilə Rəsulzadə eyni mətni yazırdılar. Jordanianın mətni Gürcüstanın, Rəsulzadənin göndərdiyi mətn isə Azərbaycanın hürriyyətinin müjdəsi idi.  Məktubun içərisində altı bəndlik bir bəyannamə var idi; XIX əsrin ortalarından XX əsrin əvvəllərinə qədər Azərbaycan ziyalısının çalışdığı istiqlaliyyət bəyannaməsi. Sadəcə və sadəcə birinci maddənin yazıla bilməsi üçün...

“1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir”.

 

Mayın 27-si müsəlman fraksiya razılığa gəlir və Milli Şura yaradılır. Şuranın sədri Rəsulzadə seçilir. 28-də isə MŞ İstiqlaliyyət Bəyannaməsini oxuyur və təsdiqləyir. Bununla da 100 ildən sonra dövlətçiliyimiz yenidən bərpa edilir. Ən əsası isə Azərbaycan sözü artıq coğrafi ad olmaqdan çıxıb dövlətin rəsmi adına çevrilir.  

Rəsulzadə İstiqlal qəzetində belə yazırdı: “28 mayıs 1918-ci il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Beylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur”.

XX əsrin əvvəllərində Azərbaycanda Cümhuriyyətin qurulması olduqca əhəmiyyətli hadisədir. Tarixin yenidən şəkilləndiyi, Qərbin arzuladığı sərhədlərin müəyyənləşdiyi dövrdə Azərbaycanın öz xəritəsini çəkməsi çox vacib məsələ idi. 1918-20-ci illərdə Azərbaycan qəzetinin rus dili bölməsinin redaktoru olmuş Xəlil İbrahim təsirli bir hadisə nəql edir. Deyir ki, “Rəsulzadə oğlunun yasında bir saatdan artıq oturmadı. Tələsirdi. Batuma gedib, Osmanlı ilə müqavilə bağlayacaqmış ki, türklər Bakıya köməyə gəlsin”.

Rəsulzadə anlayırdı ki, Cümhuriyyətin qurulması asan, yaşaması isə olduqca çətindir. Osmanlının Hərbiyyə naziri Ənvər Paşanın Rəsulzadə ilə yaxın dostluqları var idi. İyuna kimi danışıqlar gedir. Ayın 4-ü Osmanlı və Azərbaycan arasında Batum müqaviləsi imzalanır ki, bu müqavilə Cümhuriyyətin varlığını qoruyub saxlamasının yeganə çıxış yolu idi. Ənvər Paşa öz qardaşı Nuri Killigili vəzifələndirir. Fələstin cəbhəsindən ağır silahlar göndərilir. İyunun 5-də Qafqaz İslam Ordusu Gəncəyə daxil olur. Sakitlik bərqərar olduqdan sonra hökumət ayın 16-da Gəncəyə köçə bilir. Rəsulzadə və Ənvər Paşanın istəyi Bakının işğaldan qurtulmasıydı ki, sentyabrın 15-də buna nail olurlar. Nəhayət, Cümhuriyyət Azərbaycanın sərhədləri içərisində bərqərar edilir.

Azərbaycan hürriyyətinə qovuşana qədər əsarətdə ağır və ağrılı yollar, çətin günlər keçirir. Azərbaycanın sərvəti məcburən işğalçılara paylanılırdı. Məmləkətinə maddi və ya mənəvi fayda verəcək nəsə edəcəkdinsə, çarla razılaşmalı, pulla üzünü güldürməli və inandırmalı idin ki, bu tək bir millət üçün yox, bütün Rusiya üçün faydalıdır. Çünki rus və xristian olmayanlara “özgə xalq” damğası vurulmuşdu və hər şey ruslar üçün edilirdi, hər şeyi ruslar edirdi.

İsmailliyyə binasının, Tağıyevin Qızlar Gimnaziyasının yerləşdiyi ərazilər müsəlman qəbiristanlığıydı. Xristian icması oranın əlverişli imkanlarını bildikləri üçün kilsə tikmək istəyirdi. Xəbər Hacı Zeynalabdin Tağıyevə çatır. Oranın müsəlman qəbiristanlığı olduğu deyilsə də, xeyri olmurdu. Hətta çar belə razı salınmışdı. Tağıyev çar və çariçaya xeyli qiymətli hədiyyələr göndərir. Çarı fikrindən daşındırmaqdan ötrü indiki Şamil Əzizbəyov küçəsində (28 May metrosunun yaxınlığı) yer verir. Kilsənin orada tikilməsi üçün xeyli vəsait ayıraraq yardım edir ki, bircə kilsə müsəlman qəbirləri üzərində tikilməsin. Həmin ərazidə məscidin tikilməsinə də icazə verilməmişdi, çünki Bakıda Nikolay Nevski kilsəsindən daha görkəmli və hündür məcsid görmək istəmirdilər. Tağıyevin Qızlar Gimnaziyasının tikilməsi üçün təkcə  çar və çariçaya dəyərli hədiyyələr verilmədi. Tikililərin adları belə onların adları ilə “şərəfləndirilir”di. Gimnaziyanın adı  belə idi: “Aleksandra imperator rus-müsəlman qız gimnaziyası”.

Dayanmadan çalışıldı, ölümlə üz-üzə gəlindi, yuxusuz gecələr keçildi, həbslərdə yatıldı, ac-susuz qalındı, cırıq ayaqqabılarla günlər yollarda keçdi. Bir teleqram və bir məktubun Batumdan Tiflisə göndərilə bilməsi üçün, hürriyyət üçün...

Cümhuriyyət üçün...

 

Mənbələr:

Nəsiman Yaqublu., “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”, Bakı Kitab Klubu, Bakı 2013

Ataxan Paşayev, “Zaqafqaziya Seyminin Müsəlman  Fraksiyası və Azərbaycan Milli Şurası İclaslarının Protokolları 1918-ci il”, Adiloğlu, Bakı 2006

Yaqub Mahmudov., “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” ( II cilddə), Lider, Bakı 2005

Əyyub Əzizov., “Azərbaycan XX Əsrin Əvvəllərində”, Zaman, Bakı 1997

 

Dilarə Seyidzadə., “Azərbaycan XX əsrin əvvəllərində: Müstəqilliyə aparan yollar”, Ulduz, Bakı 1998

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz