BİŞKEK - FUSTAT VƏ MƏRHƏMƏT

BİŞKEK - FUSTAT VƏ MƏRHƏMƏT

Bişkekin mərkəz küçələrindən birində gəzərkən qarşıma çıxan bir binaya heyrətlər içində baxıb qaldım.

 Bu günümü digər günlərdən fərqli hala gətirəcək obyekt orada idi, yuxarıda. Belə bir şeylə buralarda rastlaşacağım heç ağlıma gəlməzdi. İnternetdə bunu fotoşəkil olaraq görsəm, “başqaları görün nələr bacarır, nələr kəşf edir” deyər, bəlkə də, şəkli bəyənər və paylaşardım. Təəssüf ki, öz yaxınlarımıza, həmyerlilərimizə etibar etmirik.

Bina bu qədər torpağı və ağacları necə qaldırır? Tonlarla ağırlıq onun üstündədir və bu ağırlıq ağacların böyüməsi ilə ildən-ilə artır. Görəsən, ağacların damda olması insanların nə qədər mərhəmətli və təbiətsevər olduqlarını göstərir, yoxsa ağac ağac olandan bəri “damda böyüdülmək” kimi bir zülmə məruz qalmamışdı?

Ağacların damda böyüdülməsinin həbsxana şəraitində yaşamaqdan fərqi yoxdur. Onlar üçün bir pişiyin gəlib gövdəsinə dırmaşması, bir yolçunun altında kölgələnməsi, bir dələnin budaqdan-budağa tullanması artıq mümkün deyil. Vəhşi heyvanların heç biri; nə ayı, canavar, tülkü, nə də ilan bu ağaca baş çəkməyəcək. Şəhərdə yaşayan uşaqların təbiətdən qopuq yaşaması kimi, təbiətin ən mühüm parçalarından biri olan ağacları da ondan ayırıblar.

Ağacların bu şəkildə damda böyüdülməsi zülmdür, insafsızlıqdır. Bunun həbsxananın dörd divarı arasında yaşamaqdan bir fərqi yoxdur. O ağacların köklərini dərinə uzatmaq azadlığı əllərindən alınıb. Qanad çırpa bilməyən quşlar, suda üzə bilməyən balıqlar, insanlara və digər ağaclara yuxarıdan baxan bu ağaclar azad sayıla bilərmi?

Təkəbbür sahibi insanlar da bu ağaclar kimidir. Özlərini üstdə görər, hər zaman zeytun yağı kimi üstə çıxmağa çalışarlar. Əslində çıxılan hər yüksəklik qorxunun, təlaşın, narahatçılığın və yetərsiz qidalanmağın yaşanması deməkdir. Dostoyevski “pulu olmayan fikirləşər, pulu olan isə ikiqat fikirləşər” deyir. Ayaqları yerə dəyən təvazökar insanlar dərd çəkə bilər, amma yüksəkdə olanların, istər ağac olsun, istər insan, dərd və sıxıntıları ikiqat çox olar.

Damdakı ağaclar bir yana, bəs yerdəkilərin halı necədir? Kəsilə-kəsilə, yandırıla-yandırıla gündən-günə azalırlar. Damdakı ağaclar kəsilməkdən qorxduqları üçün ora çıxmış olmasınlar?! Qiyamət qoparkən belə əldəki fidanın əkilməli olması həyata, canlıya, yaradılana hörmət mənasına gəlir. Qiyamət qoparkən ağac əkmək ilə “bir az yaşıllıq olsun, bura da ağac əkək” demək arasında şərq ilə qərb qədər fərq var. Bəzək üçün “yaşıllıq olsun” demək eqoizmdir, ağacın varlığına, onun təsbihatına, yaradılış məqsədinə hörmətsizlikdir. Gözlərin yaşıl rəngi görməsə ağac əkməyəcəksən? Yalnız dekorativ məqsədlə ağac əkmək niyyətin pozulması, əskik olması deməkdir. Əsas niyyət havanın təmizlənməsi, meyvəsindən, yarpağından, kölgəsindən qurd-quşun faydalanacağı sədəqə olmalıdır.

Yenə Bişkekdə binaların arasında, kiçik bir parkda gövdəsi qırılan və uzun bir sarğı bezi ilə sarılan fidana baxıram. İti bağlayan kimi bağlayıblar divara. Avtomobil qəzasına düşmüş adamın ayaqları kimi başdan-başa sarıblar. Bunun adı mərhəmətdirmi?! Sən meşələri talan et, parklara, damlara simvolik ağac ək; ağac sevgisi budurmu? Sən ağacı oyun parkında tənha burax, ən yaxın qonşusu dəmir çərçivələr və divar olsun; ətrafındakı torpağı da daşlarla, betonla örtüb görünməz et, sonra da ağaca mərhəmət olaraq gövdəsini sar, qırılmasın deyə iplə divara bağla. Heç də inandırıcı deyil. Ağac buraya ağac olduğu üçün, “yaradılanı yaradandan ötəri sevmək” prinsipindən qaynaqlanan sevgi səbəbi ilə, yoxsa bir az yaşıllıq olsun, park gözəl görünsün düşüncəsi ilə əkildi?

Mərhəmət ağacları incitməmək, onları qarışqalardan, cücü-həşəratdan, qara torpaqdan və ağac qonşularından məhrum etməməkdir. Allahın rəhməti güldən tikana, ağacdan ota hər şeyi əhatə etmişdir. Mərhəmətin olmadığı bir sahə yoxdur. Bacarırsansa, ağacları olduğu yerdə, ağac qardaşları ilə birlikdə, min illərdir davam edən adətlərini pozmadan yaşat. Nə damda, nə də beton bloklar arasında ağaclara yer yoxdur. Tarixçilər Misiri İslam torpaqlarına daxil edən səhabə Amr ibn As haqqında belə bir məlumat verir: Amr ibn As Misiri fəth edərkən “fustat”ının (çadırının) üstünə bir göyərçin qondu və orada yuva qurdu. Amr ibn As oradan ayrılacağı zaman yuvadakı quşu gördü və onu narahat etmək istəmədi. Çadırı yığmadı, olduğu kimi saxladı. Bir müddət sonra o çadırın ətrafında evlər çoxaldı və “Fustat” (köhnə Misir) meydana gəldi.

Günümüzdə insanlar qəfəsdəki quşlarını yemlədikdən sonra boynuna zəncir bağladıqları itlərini parka aparırlar. Parkda təbii mühitindən qoparılmış, meşə olmasına icazə verilməyən tənha ağacların arasında gəzdirirlər. Saxta mərhəmət və yalançı sevgi sürətlə yayılır.

İnsanın meyvəsi mərhəmətdir. Ağac meyvə verməyəndə odun olur. Bəs insan meyvə verməyəndə nə olur?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz