Lütfün də xoş, qəhrin də xoş

Lütfün də xoş, qəhrin də xoş

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

Neçə-neçə peyğəmbər bir yığın Allah ərləri ilə birlikdə düşmənə qarşı vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə zəiflik, acizlik göstərməmiş və (kafirlərə də) boyun əyməmişlər. Allah səbir edənləri sevər”.(Ali-İmran, 146)   

 Aləmlərin Rəbbi olan Allaha həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 İmtahan yurdu olan dünyanın saysız-hesabsız məkrinə, hiylə və bitməyən təhlükələrinə baxmayaraq, cəhalətin quraq səhraya çevirdiyi  qəlb tarlasında tövhid toxumunu  cücərtmək, onu qulluq meyvəsi verə biləcək ölçüdə kamil şəkildə  yetişdirmək cəhalət zəncirlərini ilahi yardımla yırta bilən qulluq ərlərinin karıdır. İnsanı mənəvi dirçəliş addımları ilə kamillik mərtəbələrinə götürəcək bu inkişaf yolçuluğunda Osman Nuri Topbaş əfəndinin ifadəsi ilə “məsafələri yalnız ruhun mərhəmət və fəzilət saçan  zəfərləri ilə qət etmək mümkündür”.  Dünya və axirət səadətinə qovuşmaq və Haqq-Təalaya təslimiyyətin ülvi həzzini dadmaq  üçün Mövlanə həzrətlərinin nəsihətlərinə qulaq verilməlidir: “Əgər gündüz kimi işıq saçmaq istəyirsənsə gecəyə bənzəyən nəfsini (təmizlik atəşində) yandırmalısan. Hikmət və sirlər dənizi səni yalnız  nəfsani sifətlərdən təmizləndikdən sonra başı üzərində daşıyacaqdır”. Nəfsani əsarətin  cazibə zəncirlərindən qurtulma çarəsi arayanların  mərifət nurları saçan Allah ərlərinin misli-bərabəri olmayan rəhmət fəaliyyətləri ilə xilası, əsl xilaskar olan Uca Rəbbimizin mərhəmət təcəllilərini qəlblərə tanıdan möhtəşəm bir bəyandır. Bizə yaxın tarixin önəmli maarifpərvər din xadimlərindən olan Gönənli Məhməd əfəndinin irşad mücadiləsi ilahi mərhəmət təcəllilərinin nəyə qadir olduğunu incəliklə açıqlayan bir qurtuluş nümunəsidir:

“Tarix 1943-cü ili göstərməkdə idi. Bu dövrdə Türkiyədə dini fəaliyyətə tətbiq edilən qadağalar səbəbindən Məhməd əfəndi Dənizli şəhər həbsxanasına salınmışdı. Həbsxana rəisi Məhməd əfəndiyə həyatı boyu unutmayacağı acı bir dərs olsun deyə onu ən qəddar canilərin məskunlaşdığı kameraya yerləşdirməyə qərar verir. Əli-ayağı qandallı vəziyyətdə kameraya daxil olan Məhməd əfəndi quzuya rast gəlmiş ac qurd sürüsü misalı canilər tərəfindən dərhal üzük qaşı kimi dövrəyə alınır. Bir tərəfdə həyatı insanlara mərhəmət və sevgi aşılamaqla keçən, lakin ilahi imtahan gərəyi əli-ayağı qandallı könül insanı, digər tərəfdə Hz. Mövlanənin ifadəsi ilə hədsiz qürurlanmaları səbəbi ilə zahirdən deyil, vücudları daxilində haqq-ədaləti inkarları səbəbindən çənələrinə qədər dolayaraq taxdıqları qəflət zəncirləri ilə şikarını parçalamağa hazırlaşan canilər. Vəziyyətin ciddiliyi qarşısında sanki çarəsiz qalan Məhməd əfəndinin könül yuvasına, həyatın keçilməsi mümkünsüz hesab edilən mərhələlərində qəlblərə istiqamət və qələbə  bəxş edəcək bir rəhmət nidası ötürüldü: “Övladım! Mərhəmət səması olmayan ürəklərdən nə yağmur gözlə, nə də göz yaşı. Təəssüf ki, insanlarda bir vəfa görmədim. O üzdən də cani könüldən Allahın  vəfasını secdim”.( F. Attar hz.).  Bu nidanın təsirindən Rəbbinə vəfa telləri ilə sarılan Məhməd əfəndinin könül səması bir anda qatı qəlbləri mərhəmətin nuru ilə aydınlığa qovuşduracaq bərəkət buludları ilə dolmağa başladı və məna şimşəyi ilə tayı-bərabəri nadir görülən tövhid damlaları sinələrin qəflətdən  qat-qat pas bağlamış bağrına yönəldi:

Qəhrin də xoş, lütfün də xoş,

Səndən qeyri her şeylər boş,

Səndən başqa her şeylər boş.

Gəlsə cəlalından cəfa,

Yoxsa camalından səfa,

Hər ikisi mənə şəfa,

Qəhrin də xoş, lütfün də xoş,

Səndən qeyri hər şeylər boş.

Dərviş Məhməd sənə quldur,

İstər ağlat, istər güldür,

İstər yaşat, istər öldür,

Qəhrin də xoş, lütfün də xoş,

Səndən qeyri hər şeylər boş.

Məhməd əfəndi ilahi üslubundakı irşad havasını könüllərə bu şəkildə ərməğan etdikdən sonra ətrafına göz gəzdirdi. Kameraya ilk girdiyində onu sanki  parçalamağa çalışan cani sürüsündən bir əsər qalmamışdı. Fitrətlərindəki ülvi gözəllikləri kəşf edən canilər ilahi söyləyən imamın ətrafında bir təzim həlqəsi yaratmışdılar. Qatillərin  başçıları belə baş verən hadisəyə biganə qalmayaraq bunları söylədi: “Qardaşım, sən buraya göylərdənmi gəldin? Səni bizə Allah (c.c) göndərdi. Bundan sonra sən bizim başımızın tacı, könlümüzün də əlacısan”. Sonra kameradakılara amiranə tərzdə: “Dərhal imamın ətrafında diz çökün”,- söyləyərək özü də Məhməd əfəndinin hüzurunda diz çökdü və imama olan sayğısını bu şəkildə ifadə etdi. Gönənli Məhməd əfəndi o andan etibarən kameradakılara iman əsaslarını, dini və Quranı öyrətməyə başladı. Ən maraqlısı odur ki, Məhməd əfəndinin həmin qatillər kamerasında yetişdirdiyi sadiq tələbələri Dənizli şəhəri və ətrafında yerləşən bir çox məscidin imamı olmuşdur. Adəm övladlarının qəlblərinə əbədi diriliş cövhərini ilahi izinlə ərməğan edən bu ərlərin qədir-qiymətini şair necə də gözəl vəsf etmişdir:  

Alimin bir kəlamı lalu-mərcan incidir,

Cahilin hər kəlamı gündə min can incidir...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz