AC QALMA, ORUC TUT!

AC QALMA, ORUC TUT!

İnsan ruh və bədəndən ibarət olduğu kimi, İslam dinində də ibadətlərin əksəriyyəti ruh və bədən kimi görünən və görünməyən (maddi və mənəvi) qisimlərdən meydana gəlir.

 Məhz buna görə də bədənə ruh həyat verdiyi kimi, ibadətlərə də niyyət və səmimiyyət dəyər qazandırır. Mənəvi cəhətindən uzaq olan bütün ibadətlər, ruhsuz bədən kimidir, yəni ölüdür. Əgər qıldığımız namazları fiziki hərəkətlərinə yanaşı qəlbimizlə də Allah yönələrək xüşu ilə qıla bilmiriksə, namazımız gimnastik hərəkətlərdən ibarət bir idman növü olar. Yerinə yetirdiyimiz həcc ibadətində günahlardan paklanmaq və Allahın hüzuruna çıxma şüuru və səmimiyyəti yoxsa, ziyarətimiz sadəcə turistik ekskursiya dəyəri qazanar.  Qurban ibadətini də Uca Allahın “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar.” (Həcc surəsi, 37) ayəsi çərçivəsində düşündükdə təqva və səmimi niyyət bəslənmədən kəsilən qurbanların sadəcə bir neçə günlük qarnı doyduran ətdən ibarət olduğu danılmaz bir həqiqətdir.  

Ərəfəsində olduğumuz oruc ibadəti də yuxarıda qeyd etdiyimiz xalis niyyət və təqva ölçüləri daxilində yerinə yetirilməsi vacib olan ibadətlər arasındadır. Mövzu ilə əlaqəli çoxlu rəvayətlər və həyat hekayələri əsərlərdə öz yerini almışdır. Bunlardan bir neçəsini qeyd edərək, Ramazan ayını məqsədə uyğun şəkildə qeyd edib, oruclarımızın sadəcə aclıqdan ibarət olmamasına diqqət cəlb etmək istəyirik.

Oruc tutmaq Uca Allahın qüdrətini, elmini və iradəsini oxumaq, əzəmət və mərhəmətini anlamaq həmçinin verdiyi səhhət və nemətləri üçün şükr etməkdir. Oruc səbr təlimidir. Aclıq və sussuzluğa səbr, günah işləməməyə səbr, qeybət və dedi-qodu etməməyə səbr və.s. Oruc insanı nəfsani arzu və təmayüllərdən xilas edib, mədənin əsarətindən azad edən ibadətdir.

Başqalarının halına acımaq Allahın böyük lütfüdür. Çünki acımaq mərhəmətin təzahürüdür. Acıyan insan comərd, təvazökar, əhl-i xidmət və vicdan sahibidir. Oruc acların və möhtacların fəryadlarını eşitmə və gərəyini yerinə yetirmə ayıdır. Məhz bu incəliyini bir təzahürüdür ki, Yusif (ə.s.) Misirdə xəzinə vəziri ikən kasıbların, qəriblərin və acların halından qafil qalmamaq üçün qarnını tam olaraq doydurmazdı.

Oruc ibadəti sadəcə mədə üçün tutulan bir ibadət deyildir. Dini incəlikləri özündə əks edən oruc ibadəti bütün bədən üzvləri ilə tutulan və yerinə yetirilən ibadət növüdür. Oruclu ikən ağza heç bir şeyin girməməsinə diqqət yetirildiyi kimi, ağızdan çıxana da diqqət edilməlidir. Ağızdan nalayiq sözlərin çıxmamasına diqqət etdiyimiz kimi, qulağa yersiz kəlmə və ifadələrin girməməsinə də diqqət edilməlidir. Rəvayət edildiyinə görə görkəmli İslam alimi və könül insanı Dəhləvi həzrətlərinin yanında yaşadığı dövrün Hindistan padişahının qeybəti edilir. Həmin məclisdə olan Dəhləvi həzərtləri: “Aman Allahım orucum pozuldu”, – deyərək məyus olur. Yanındakılar: “Amma qeybət edən siz deyilsiniz ki?” – deyincə onlara: “Qeybət edən də dinləyən də eynidir” – deyərək cavab verir. Allah dostlarının orucunu qeybət etmək pozur çünki Qurani-Kərimin xəbər verdiyinə görə, qeybət edən kimsə ölmüş qardaşının ətini yemiş sayılır. (əl-Hucurat 12). Odur ki, günah işləmək deyil, günaha gedən bütün yollardan və səbəblərdən də uzaq yaşamaq lazımdır. Oruc bu niyyət və səmimiyyətlə tutularsa aclıqdan çıxar ibadət halına çevrilər. Xülasə, könül insanlarının, Allahın yolunu özlərinə rəhbər seçmiş insanların sözün əsl mənasında həqiqi ibadət əhlinin orucu axşama qədər sadəcə ac qalmaqdan ibarət deyil, tutduqları oruc ilə Allahın razılığını qazanmaq və hüzur tapmaqdır.

Xam və nadan qəlblə baxıldıqda Ramazan ayı on bir ayın sultanı olması heç bir şəkildə başa düşülən deyildir. Digər aylardan heç bir fərqi yoxdur. Lakin Ramazan ayının qədir-qiyməti dərk edilərsə əvvəli rəhmət, ortası məğfirət və sonu da cəhənnəm atəşindən xilas olma səbəbidir.

Fürsət ayı olaraq Allah tərəfindən biz müsəlmanlara bəxş edilən Ramazan ayı və oruc ibadəti Ona edilən qulluqdakı nöqsanları aradan qaldırmaq üçün lütf edilmiş xüsusi bir mövsüm, sanki mənəvi xəstəliklərdən müalicə olma mərkəzidir.

Onu da qeyd edək ki, dindarlıq yalnız Ramazan ayına və müəyyən günlərə məxsus deyildir. Hünər bütün ili ramazan və oruc həyəcanı ilə yaşamaqdır. İlboyu günahlara qarşı “oruc”lu olmaqdır, arzu edilən. Çünki həqiqi dindarlıq ömürlük bir təqva həyatı sürməkdir. Bu baxımdan Ramazan ayından sonrakı ayları da düzgün dəyərləndirərək qəflətdən uzaq olmalıyıq.

Qeyd edilən xüsuslar çərçivəsində keçirilən Ramazan ayı və tutulan oruclar, ac qalmaqdan və pəhriz halını almaqdan çıxaraq mənəviyyat aləmini ruhani həyacanla seyr etmə və yaşama səbəbinə çevriləcəkdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz