RƏHMƏT MÖVSÜMÜ
Yeni bir Ramazan mövsümünün astanasındayıq. Ömrümüzə bərəkət qatan, dünya və axirətimiz üçün saysız faydalarla gələn Ramazan ayı Allahın biz bəndələrinə ən müstəsna lütflərindən biridir.
Elə bir ay ki, onda Qurani-Kərim nazil olmuş və bizə doğru yolu göstərən o ilahi kitabın nazil olduğu Qədr gecəsi min aydan daha fəzilətli qılınmışdır. Bu da öz növbəsində yalnız Hz. Muhammədin ümmətinə bəxş olunmuşdur.
Adətən dünya yarmarkalarında xüsusi bayram günləri ərzində keçirilən inanılmaz endirim kampaniyaları ilə qarşılaşırıq. Adi vaxtlarda aldığımız hər hansı bir əşya və ya geyimi şirkət, yaxud da satıcı firmanın səxavəti ölçüsündə müəyyən faizə qədər endirimlərlə satın alırıq. Ramazan ayı da buna bənzəyir, lakin fərq ondadır ki, axirət yarmarkası deyə biləcəyimiz bu bazarda satıcı biz, alıcı isə Aləmlərin Rəbbi, hər şeyin, elə əlimizdə satdığımızın da sahibi Allah-Təaladır. Üstəlik burada verəcəyi məbləğ, yəni bizə qazandıracağı savab məhdud faizlərlə hesablanmır. Çünki bu ayda tutulan orucun savabı ilə bağlı belə buyurur: “Adəm oğlunun hər əməli onun üçündür, oruc isə mənim üçündür. Onun mükafatını da yalnız mən verərəm…” Yəni tutulan orucun və oruclu ikən işlənən kiçicik savab əməlin belə mükafatını heç bir məxluqun, hətta mələklərin belə bilmədiyi dərəcədə qiymətləndirər. İlahi rəhmətin böyüklüyünə baxın ki, xeyir yolunda istifadə edəcəyimiz malın və canın sahibi O, bizi bu mala satıcı təyin edən O, malı satacağımız mövsümü təyin edən O, qiymətini də qat-qat artıqlaması ilə verib bizi sevindirəcək olan da Odur. Bu alış-verişdə qazanclı çıxmaq üçün riayət edəcəyimiz sadəcə bir neçə şərt var: digər satıcılarla mübahisə etməmək, dalaşmamaq, başqalarının qeybətini etməmək, söz gəzriməmək, dilimizi nalayiq sözlərdən qorumaq, başqasının malına həsədlə baxmamaq. Bu və buna bənzər əməllər satdığımız malı korlayan amillərdir. Axı kim malının qüsurlu olmasını istəyər?
Digər tərəfdən malımızı satarkən gülərüz olmağımız, vitrinə düzdüklərimizin təmiz və bərbəzəkli olmasına diqqət etməyimiz, işimizi sevgi ilə görməyimiz, niyyətimizi xalis tutmağımız da bu alış-verişə birbaşa təsir edən amillərdəndir. Axı kim qaşqabaqlı satıcıdan mal almaq istəyər? Kim niyyətindən şübhə etdiyi bir adamla ticarət əlaqələri qurar?
Əziz dost, biz burada Tövbə surəsinin 111-ci ayəsində buyurulan “Şüphesiz ki, Allah möminlərdən canlarını və mallarını onlara verəcəyi cənnət müqabilində satın almışdır” gerçəyindən yola çıxaraq Allahla bəndəsi arasındakı əməl-savab münasibətini təmsili yolla xatırlatmaq istədik. Bəli, işlədiyimiz hər bir əməli Rəbbimizə təqdim etdiyimizin fərqinə varmalı, hər şeyimizlə Ona layiq olmağa çalışmalıyıq. Mənəvi qazanc mövsümü adlandırdığımız Ramazani-Şərif yarmarkasından əldə etdiyimiz qazanc sadəcə aclıq və susuzluq olmasın deyə orucu yalnız mədəmizə deyil, digər üzvlərimizə də tutdurmalıyıq. Dilimizi, gözümüzü, əlimizi, ayağımızı, ən başlıcası isə qəlbimizi orucluya yaraşmayan əməl və fikirlərdən qorumalıyıq. Həzrət Peyğəmbərin “Oruc qalxandır” buyuruğuna diqqətlə qulaq verməli, tutduğumuz orucu qulluğumuzu zədələyən günah və xətalara qalxan etməliyik ki, sabah qiyamət günündə də cəhənnəm oduna sipər olsun.
Ramazanqabağı sahur və iftar süfrələrimizi bəzəmək üçün marketlərə can atdığımız kimi gün boyu keçirəcəyimiz aclıq və susuzluğumuzu da zikrlə, təfəkkürlə, Quran tilavəti ilə bəzəməli, Allahı xatırladan söhbət məclislərindəki yerimizi almalıyıq. Təravih namazı və sübh tezdən qalxdığımız sahur bizi gec ibadətinə alışdırmalı, ruhumuzu təhəccüd iqliminin rəhmət şəbnəmləri ilə yoğurmalıdır. İftar süfrəsində oturub axşam azanını gözləyərkən gözü qapıda qalan möhtacların keçirdiyi hisslərə tərcüman olmalıyıq. Əllərimizi ilahi dərgaha açdığımız zaman zülmə məruz qalan qardaşlarımız üçün – Suriya, İraq, Fələstin, Arakanda acı çəkən canlar üçün də dua etməyi qardaşlıq borcu bilməliyik. Cəlal və ikram sahibi olan Rəbbimiz bizi bu il də on bir ayın sultanına qovuşdurdu. Elə isə bu Ramazanı son fürsət bilməli, ilahi məğfirətə vəsilə qılmalıyıq.
ŞƏRHLƏR