BİR HƏDİS

BİR HƏDİS

عَنِ ابْنِ عُمَرَ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: لاَ تُقْبَلُ صَلاَةٌ بِغَيْرِ طُهُورٍ وَلاَ صَدَقَةٌ مِنْ غُلُولٍ

İbn Ömərdən (r.a)  rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Təmizlənmədən qılınan namaz və oğurluq maldan verilən sədəqə qəbul olunmaz”. (Müslim, Təharə, 2; Tirmizi, Təharə, 1)

            Təmizlik insan təbiətinin xoşladığı, ağılın qəbul etdiyi və bütün insanların vacibliyinə inandığı bir məziyyət və sağlamlıq ünsürüdür. Yaradılışı etibarı ilə insan ruhu təmiz hava, təmiz söz və təmiz davranışa aşiqdir. İslam mədəniyyətində təmizlik ilə ibadət bir-birini tamamlayır və birlikdə məna kəsb edir. Buna görə də İslamda təmizlik maddi və mənəvi olmaqla iki hissəyə ayrılır. Maddi təmizlik bədənimiz, paltarımız, ev-eşiyimiz, küçəmiz və bütün təbiətimizi təmiz saxlamaq, mənəvi təmizlik isə ruhumuzun hər cür pislikdən və əxlaqsızlıqdan qorunmasıdır. Qurani-Kərimdə təmizliyə təşviq edən bir çox ayə vardır. Bu ayələrin birində Uca Allah: "Allah təmizlənənləri sevər" (ət-Tövbə, 9/108) buyurur. Yuxarıda qeyd olunan hədisdə də təmizlik sahəsindəki davranışları ilə əshabına və bütün insanlara ən gözəl nümunə olan Rəsulullahın (s.ə.s) təmizliyə nə qədər əhəmiyyət verdiyi görülməkdədir. Məlum olduğu kimi, namaz Allah ilə bəndə arasında hər gün təkrarlanan ünsiyyət və əlaqənin ən bariz simvoludur. Bu səbəblə də Allahın hüzuruna çıxan insanın təmizliyə riayət edərək ibadətə başlaması şərt qoşulmuş və təmizlik olmadan namazın qəbul olunmayacağı vurğulanmışdır.

            Hədisin ikinci hissəsində Rəsulullah (s.ə.s) oğurluq maldan verilən sədəqənin qəbul olunmayacağını söyləmişdir. Əslində, hədisin ərəbcə mətnində keçən "ğulul" kəlməsi döyüşdə əldə olunan qənimət malından hiyləgərliklə ələ keçirilən mal deməkdir. Bu kəlmənin "oğurluq etmək" mənası da olduğuna görə, burada həmin məna seçilərək tərcümə olunmuşdur. Sədəqə Allah yolunda şəxsi maldan verilən zəkat, fitrə, infaq kimi maddi köməkliyin ümumi adıdır. Su ilə olan təmizlik bədəndəki çirkabı yuyub təmizlədiyi kimi, sədəqə də insanın mənəviyyatındakı kirləri təmizləmənin ən təsirli vasitələrindən biridir. Burada Rəsulullah (s.ə.s) sədəqə olaraq verilən malın əslinin təmiz yollarla qazanılan maldan olmasına diqqət çəkmiş və oğurluq, qəsb, hiyləgərlik və haram yollardan hər hansı biri ilə qazanılan maldan verilən sədəqənin Allah qatında hər hansı bir məna kəsb etmədiyini bildirmişdir.

            Nəticə olaraq, Rəsulullahın (s.ə.s) bu hədisindən təmizliyin həm maddi, həm də mənəvi olduğu anlaşılmaqdadır. Mənəvi yüksəlişin əsası maddi təmizliyə bağlıdır. Yəni ruhun təmizlənərək paklanması üçün cismin təmiz olmasına ehtiyac vardır. Elə bu səbəblə də Rəsulullah (s.ə.s): "Təmizlik imanın yarısıdır" (Müslim, Təharət, 1) buyuraraq bu həqiqətə diqqət çəkmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz