HAQQ DOSTLARINDAN HİKMƏTLƏR; Abdulqadir Gilani q.s -5-
Abdulqadir Gilani həzrətləri buyurur:
“Ramazan ayına təzim; onda təqva sahibi olmaqla və şəriətin bütün əsaslarına riayətlə yanaşı Ramazan orucunu da sırf Allah rizası üçün tutmaqla mümkündür”.
Ayeyi-kərimədə belə buyurulur:
“…Hər kim Allahın nişanələrinə təzim edərsə, şübhəsiz ki, bu, qəlblərin təqvasındandır”. (əl-Həcc, 32)
Allahın nişanələri İslamın cəmiyyətdə görünən üzüdür. Bunlar bir cəmiyyətin İslam cəmiyyəti olduğunun ən böyük nişanələridir. Ona görə də bu müqəddəs nişanələrə sahib çıxmaq və onlara lazımi təzim, hörmət və diqqəti göstərmək hər bir möminin vəzifəsidir.
Allah-Təalanın rəhmətinin coşub-daşdığı Ramazani-Şərif də İslamın ən mühüm nişanələrindən biridir. Bu baxımdan da xüsusi dəyərə malikdir.
Sələfi-salehin Ramazani-Şərifə böyük əhəmiyyət vermiş, ona altı ay əvvəldən hazırlaşmağa başlayıb bu mənəvi bərəkət mövsümünə yenidən qovuşa bilmək üçün dua etmişlər.
On bir ayın sultanı olan Ramazani-Şərifin daşıdığı yüksək dəyərin ən mühüm səbəbini Allah-Təala ayeyi-kərimədən belə izah edir:
“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir…” (əl-Bəqərə, 185)
Həyat rəhbərimiz olan Qurani-Kərim Ramazani-Şərifdə Lövhi-Məhfuzdan dünya səmasında Beytul-İzzət adlanan məqama endirilmiş və ilk dəfə Qədr gecəsində Peyğəmbərimizə vəhy olunmağa başlanmışdır. Yəni Ramazan ayı və Qədr gecəsinin üstünlüyü Quranın məhz onda nazil olmasındandır. Çünki Quran əzizdir, kərimdir, nazil olduğu hər yerə qiymət, bərəkət və izzət bəxş edər. Bu həqiqətə əsasən belə deyilmişdir:
P Qurani-Kərimi Cəbrayıl u endirdi. O, mələklərin ən fəzilətlisi oldu.
P Qurani-Kərim Həzrət Peyğəmbər r-ə nazil oldu. O, bütün peyğəmbərlərin seyyidi oldu.
P Qurani-Kərim Ümməti-Muhammədə gəldi. O ümmət ümmətlərin ən xeyirlisi, rəhmət ümməti oldu.
P Qurani-Kərim Ramazan ayında nazil oldu. Həmin ay ayların ən xeyirlisi oldu. Əfv və məğfirət iqliminə döndü.
P Qurani-Kərim Qədr gecəsi nazil oldu. O gecə bütün gecələrin ən xeyirlisi oldu. Fəzilət baxımından min aydan daha üstün oldu.
Elə isə
P Qurani-Kərim bir insanın qəlbinə enər və oradan həyata əks edərsə, həmin insanı – Allah qatında – insanların ən xeyirlilərindən edər.
Rəsulullah r -in bu hədisi-şərifini də eyni həqiqət işığında anlamaq lazımdır:
“Sizin ən xeyirliniz Quranı öyrənən və öyrədəndir”. (Buxari, Fəzailul-Quran, 21)
Biz də, xüsusilə bu mübarək aylarda Qurani-Kərimiz daha çox oxumalı, mənasını dərindən təfəkkür etməli, ilahi əmrləri qəlb və bədən ahəngi ilə yaşayıb yaşatmalı, sanki canlı Quran ola bilməyə çalışmalıyıq.
Xülasə, namaz, oruc kimi fərdi ibadətlərdə dərinləşərək, zəkat və infaq kimi ictimai ibadətlərə göstərəcəyimiz həssaslıqla, Qurani-Kərimlə quracağımız ünsiyyətlə Ramazani-Şərifə göstərəcəyimiz təzim Allah-Təalanın bu müstəsna lütfünə qarşı şükür borcumuzdur.
Ramazani-Şərif kimi böyük bir ilahi lütfə biganə qalmaqsa ilahi qəzəbi cəlb edən dəhşətli bir qəflət və nankorluqdur. Necə ki bir hədisi-şərifdə buyurulduğu kimi Cəbrayıl u Ramazana çatdığı halda günahları əfv edilməyən adamın rəhmətdən uzaq qalmasını diləmiş, Həzrət Peyğəmbər r də buna “amin” demişdir.[1]
Yəni Ramazani-Şərifə hörmət böyük bir səadətə vəsilə olduğu halda Allahın bu möhtəşəm ehsanına qafil qalmaq da əbədi bir xüsran səbəbidir.
Bu etibarla Ramazani-Şərifdə xüsusilə ibadət həyatımıza daha çox diqqət etməliyik. Hz. Peyğəmbərin ibadət həyatını özümüzə nümunə bilməliyik. Çünki Allah Rəsulu r: “Namazı məni gördüyünüz kimi qılın…”[2] buyurmuşdur. Başqa bir hədisində isə: “Namaza durduğun vaxt sanki son namazın kimi qıl!..”[3] təlimatını vermişdir. Yəni namazlarımızı necəgəldi qılıb sovuşdurmamalı, tədili-ərkana riayətlə və xüşu içərisində qılmalıyıq.
Həmçinin namaza göstərəcəyimiz bu həssaslığı bütün ibadət həyatımıza da tətbiq etməyə çalışmalıyıq. Yəni hər namazı sanki son namazımız, hər orucu son orucumuz, hər Ramazanı son Ramazanımız ola biləcəyi şüuru ilə dəyərləndirməliyik. İbadətlərimizi ömrümüzün son ibadəti kimi, ölmədən əvvəlki “son fürsət” şüuru ilə əda etməliyik. Keçən Ramazanda aramızda olan bir çox dostumuzun, yaxınımızın bu Ramazana çıxmadıqlarını, bizim də bu nemətə bir daha nail olub-olmayacağımızın məchul olduğunu tez-tez təfəkkür etməliyik.
Abdulqadir Gilani həzrətləri buyurur:
“Ey oğul! Oruc tut. Axşam iftar edərkən yeməyinə kasıbları da ortaq et. Onları da yedir-içir. Təkbaşın ayeyib-içmə! Çünki təkbaşına yeyib-içərək, başqalarına ikram etməyən adamın kasıblaşaraq dilənçiliyə düşməsindən ehtiyat edilir…”
Hədisi-şərifdə buyurulur:
“Hər kim bu ayda oruc tutan birinə iftar verərsə, bu, günahlarının bağışlanmasına, cəhənnəm əzabından qurtulmasına və öz mükafatından heç nə əskilmədən bir oruc tutma savabına da nail olmasına vəsilə olar”.
Bunu eşidən səhabələr:
“Ey Allahın Elçisi, hamımız bir oruclunu doyuracaq gücə sahib deyilik”, - dedilər. Rəsulullah r də:
“Hər kim bir orucluya bir xurma ilə və ya içməli su ilə, yaxud da dadımlıq südlə iftar etdirərsə, Allah ona bu savabı verər”, - buyurdu. (Əli əl-Müttəqi, VIII, 477/23714)
Təəssüf ki, zəmanəmizdə açılan bəzi iftar süfrələri bu məqsəddən uzaqlaşaraq müəyyən naxoş mənzərələrə səhnə olmaqdadır. Dəbdəbəli restoranlarda – hətta daha betəri, başqa vaxtlar içki verilən məkanlarda, israf və güc nümayişinə çevrilən ziyafətlər verilir. Kasıbların deyil, yalnız dəvət sahibinin özünə yaxın səviyyədə yaşayanları dəvət etdiyi bu cür süfrələrin hədisi-şəriflərdə fəzilətindən söz açılan iftarlara nə qədər bənzədiyi isə məchuldur.
İftar verərkən dost-tanışla yanaşı duası alınacaq əməlisaleh insanları, kasıbları və qəribləri də dəvət etməyi unutmamaq lazımdır. Şeyx Sədinin buyurduğu kimi “Haqq dostları heç kimin baş çəkmədiyi dükanlardan alver edərlər” düsturuna əsasən, əsl hünər qərib və kimsəsizlərə yetmək, evini, süfrəsini və qəlbini onlara aça bilməkdir.
Bu cür rəhmət dərgahı könüllərə sahib olan əcdadımız bizə müstəsna fəzilətlər mədəniyyəti miras qoyublar. Bu qissə sözünü etdiyimiz həqiqətin bir misalıdır:
Sultan III Mustafa bir dəfə Ramazan ayında Şeyxülislam Mehmed Emin Əfəndinin evinə iftara gedir. Söhbət əsnasında:
– Əfəndi, hərdən sizə ziyarətə gəlmək istəyirəm, amma eviniz çox uzaqdır, - deyir.
Mehmed Emin Əfəndi:
– Sayənizdə yaxın yerlərdə bir ev tədarük etmək mümkündür, amma gördüyünüz bu ərazidə evlərin heç birində mətbəx yoxdur, - cavabını verir.
Bu söz padşaha qəribə gəlir və:
- Maraqlıdır, bu evlərdə yemək bişirmirlərmi? – deyə soruşur. Şeyxülislam isə bu cavabı verir:
- Hamısının səhər və axşam yeməkləri bu fəqirxanadan gedir. Ona görə də buradan ayrılmaq istəmirəm.[4]
Abdulqadir Gilani həzrətləri buyurur:
“Camaat, siz doyunca yeyib qarnınızı doydurursunuz. Halbuki yaxınlığınızda ac qonşularınız var… Birinizin önündə çeşidli yeməklər, əlində imkan, özünə və ailəsinə yetəcək, hətta artıq qalacaq qədər var-dövlət, sərvət var… Qapısında və ya yaxınlığında isə möhtaclar var. Buna baxmayaraq bu ehtiyac sahiblərini əliboş qaytarır. Halları ilə maraqlanmır…
Lakin, ey bu cür rəftar edən kəs! Tezliklə nə olacağını görəcəksən! Yaxında sən də əliboş göndərdiyin, yaxud halı ilə maraqlanmadığın o möhtaclar kimi olacaqsan. Sən verməyə gücün çatdığı halda onlardan əsrigədiyin kimi səndən də əsirgəyəcəklər!..”
Çox imkana sahib olmaq həddən artıq istehlak etməyə haqq qazandırmır. Çünki bu dünyada faydalandığımız hər nemətin axirətdə hesabını dəqiqliklə verəcəyik. Mömin özü üçün kifayət miqdarı ilə kifayətlənməyi bilib artığını Allah üçün xərcləməklə mükəlləfdir.
Oruc tutub gün uzunu ac qalmaq da iftar və sahurda çox yeməyə haqq qazandırmaz. Bu səbəblə iftar və sahurlarda acgözlük edib nəfsə məğlub olmamaq lazımdır.
Bir mömin kimi hər zaman Sünnəyə riayəti düstur bilməli, mədəmizi ağzına kimi doldurmaqdan çəkinməliyikş Rəsulullah r -in buyurduğu kimi, mütləq çox yeməli olduqda mədəmizin üçdə birini qidaya, üçdə birini suya, üçdə birini də nəfəsə ayırmalıyıq.[5]
Ətrafındakı, hətta yer üzünün hər hansı bir guşəsindəki ac din qardaşlarını düşünmədən acgözlük edərək yeyib-içmək bir müsəlmana yaraşmaz. Bu, müsəlman əxlaqına ziddir. Çünki Allah-Təala möminləri bir-birinə qardaş etmişdir. Rəhmət Peyğəmbəri də müsəlmanların bir-birini yuyan iki əl kimi olmasını, din qardaşını özünə zimmətli bilməyi təlim və təlqin etmişdir. Həzrət Peyğəmbər r İslam qardaşlığının cəmiyyətdə o qədər hakim olmasını istəmişdir ki,
“Qonşusu ac ikən tox yatan kəs (kamil) mömin deyil”, - buyurmuşdur. (Hakim, II, 15)
Bir sözlə, möminin eqoist, sadəcə özünü düşünən biri olması əxlaqa ziddir. Mömin özünü cəmiyyətin gedişatından məsul görən, qayğıkeş və fədakar insandır. Ətrafındakı ehtiyac sahibinin müşkülünü həll etmədən rahatlıq tapmayan qəlbi geniş insandır.
Çünki mömin “Mərhəmət etməyənə mərhəmət edilməz”[6] həqiqətindən xəbərdar olan kəsdir. Əlində imkan olduğu halda xəsislik edib möhtaca arxa çevirənə ən möhtac olduğu zamanda arxa çevrilər. Qulun ən xırda bir xeyrə belə möhtac olacağı zaman, şübhəsiz ki, məhşər günüdür. O gün ilahi rəhmət və məğfirətə məzhər ola bilmək üçün bu gün Allahın qullarına şəfqət və mərhəmət göstərməliyik. Necə ki, hədisi-şərifdə belə buyurulmuşdur:
“Rəhman olan Allah mərhəmət edənlərə mərhəmət edər. Yer üzündəkilərə əfqət və mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin”. (Tirmizi, Birr, 16/1924)
Sabah məhşər dilənçisi və ya axirət müflisi olmamaq üçün bu gün heç nəyi dünyəvi qarşılıq gösləmədən, sırf Allahın rizasını umaraq möhtaclara ikram və ehsan etməyi qənimət bilməliyik.
Şeyx Sədi belə deyir:
“Qapına bir qərib gəlsə, əsla əliboş göndərmə. Allah qorusun, bəlkə bir gün sən də qərib halda qapıları dolaşarsan…
Madam ki, bu gün nə isə istəmək üçün kiminsə qapısına getmirsən, bunun şükrü olaraq qapına gələn möhtaca ikram et!”.
Xüsusilə bu gün suriyalı məzlumlar bizə bu həqiqəti düşündürməlidir. BU mübarək günlərdə o məzlum qardaşlarımızı daha çox xatırlamalı, əlimizdən gələn yardımı can-dildən etməyə çalışmalıyıq. Heç bir imkanı olmayanlar belə ən azından hallarını soruşmalı, gülər üz göstərməli, təsəlli edici sözlər söyləməlidir.Çünki Allah-Təala belə buyurur:
“Əgər Rəbbindən dilədiyin bir mərhəməti (ruzini) gözləmək məqsədilə onların üzünə baxa bilmirsənsə heç olmasa, onlara xoş bir söz de!”. (əl-İsra, 28)
BU mübarək günlərdə o məzlumlarla qardaşlığımızı, dostluğumuzu, yaxınlıq və əlaqəmizi artırmağa çalışmalıyıq. Onlar üçün qəlbi, qövli və feli dualar etməliyik. Çünki Rəsulullahın ümmətini düşünüb onlar üçün bu cür dua etməyimiz Peyğəmbərimizin də bizdən razı qalmasına səbəb olar.
Bir hədisi-şərifdə belə buyurulur:
“Qulun Allah qatında belə deməsindən daha sevimli bir dua yoxdur:
اَللّٰهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ رَحْمَةً عَامَّةً
“Allahım! Ümməti-Muhammədə ümumi bir rəhmətlə mərhəmət eylə!”. (Əli əl-Müttəqi, № 3212, 3702)
Haqq dostlarından Məruf Kərxi həzrətləri də şöyle buyurur:
“Kim hər gün on dəfə:
اَللّٰهُمَّ أَصْلِحْ أُمَّةَ مُحَمَّدٍ
اَللّٰهُمَّ فَرِّجْ عَنْ أُمَّةِ مُحَمَّدٍ
اَللّٰهُمَّ ارْحَمْ أُمَّةَ مُحَمَّدٍ
“Allahım, Ümməti-Muhammədin halını islah et!
Allahım, Ümməti-Muhammədin müşkülünü həll et!
Allahım, Ümməti-Muhammədə rəhmət et!” – deyərsə, Allah dostlarından yazılar”. (Əbu Nuaym, Hilyə, VIII, 366)
Ramazani-Şərifin mühüm əlamətlərindən biri olan oruc ibadətinin vicdanlardakı ən mühüm təsiri də Ümməti-Muhammədin məzlum və ehtiyac sahiblərinə qarşı bu “mərhəmət” duyğusunu oyandırmaq və inkişaf etdirməkdir. Çünki oruc müəyyən müddətlik də olsa aclığı daddıraraq cəmiyyətdəki möhtacların, yoxsulların, çarəsizlərin, kimsəsizlərin halını anlamağa səbəb olur.
Misirdə şiddətli qıtlığın hökm sürdüyü günlərdə Həzrət Yusuf u-dan:
“Siz dövlət xəzinələrinə hökm edən bir idarəçisiniz. Nə üçün özünüzü ac qoyursunuz?” – deyə soruşanda o əziz peyğəmbər bu ibrətli cavabı vermişdi:
“Qarnım tox olarsa, acların halını hiss etməyəcəyimdən qorxuram!..”
Deməli, oruc ibadəti yalnız mədənin ac qalmasından ibarət deyil. Məqbul bir oruc üçün ən mühüm xüsus vicdana da oruc tutdura bilməkdir. Beləcə, qayğıkeşlik, mərhəmət və comərdlik duyğularını inkişaf etdirə bilməkdir. Oruc vicdanımızı nə qədər təmizləyirsə, mərhəmət və fədakarlığımızı hansı ölçüdə artırırsa, deməli, Allah nəzərində bir o qədər məqbul olmuşdur.
Nəticə etibarı ilə oruc ayı olan Ramazani-Şərif qardaşlığımızı daha da irəli aparma zamanıdır. Unutmayaq ki, İslam qardaşlığı sırf əmin-amanlıq zamanında yaşanan bərabərlik deyil, əksinə, ağır günlərdə yaşanan bərabərlikdir. Qardaşının sevincini bölüşmək qədər dərdini də bölüşməyə həvəsli olmaqdır. Allah-Təala sırf öz rizası üçün, xüsusilə çətin zamanlarda göstərilən din qardaşlığının mükafatını heç bir kölgənin olmadığı qiyamət günündə Ərşi-Əlanın gölgəsində himayə edəcəyi yeddi sinifdən birinə daxil olmaq şəklində müjdələməkdədir.[7]
Abdulqadir Gilani həzrətləri buyurur:
“Camaat! Gündüz ac-susuz qalıb axşam haram qazancla yeyib-içmək sizə nə fayda gətirəcək? Gündüz oruc tutar, gecə günah işləyərsiniz. Ey haram yeyənlər! Siz gündüz sus içməyi özünüzə qadağa edirsiniz, axşam olduqda isə müsəlmanların qanları üstündə iftar edirsiniz…”
Oruc müəyyən müddət ərzində bəzi halallardan belə əl çəkdirərək, haramlardan daima necə həssaslıqla çəkinməli olduğumuzu təlim edir. Oruc tutmaq dinin xoş görmədiyi bütün davranışlara qarşı nəfs cilovunu möhkəm tutmaqdır. Orucumuzun Allah qatında nə qədər məqbul olduğunu dərk etməyin ən asan yolu da haramlardan, gərəksiz əməllərdən və qəflətdən nə qədər uzaqlaşacağımıza baxmaqdır.
Elə isə biz də oruc xüsusunda özümüzü hesaba çəkməliyik:
ü Tutduğumuz oruc bizi nə qədər təqvaya çatdırır?
ü Gözümüzü harama baxmaqdan qoruyuruqmu?
ü Qulağımızı yanlış söz və səslərdən mühafizə edirikmi?
ü Dilimizi yalan, qeybət, dedi-qodu və boş sözlərdən uzaq tuturuqmu? “Allaha və axirət gününə iman edən kəs ya xeyir söyləsin, ya da sussun!”[8] nəbəvi təlimatına, Mövlana həzrətlərinin “boş söhbətlərlə sözün məsxərəsi olmayın” xəbərdarlığına riayətimizi artırırmı?..
Bu hadisə nə qədər də ibrətlidir:
Əsri-səadətdə isti bir gün idi. Günorta vaxtı bir nəfər gələrək:
- Ya Rəsulallah, burada iki qadın var, oruc tutublar. Az qalsın susuzluqdan öləcəklər. (İzin verirsinizsə, oruclarını pozsunlar), – dedi.
Allah Rəsulu ondan üz çevirərək heç bir cavab vermədi. Gələn adam sözünü təkrarladı:
- Ya Nəbiyyallah, vallah, az qalsın öləcəklər. Fəxri-Kainat:
- “Onları çağır”, - buyurdu.
Qadınlar gəldikdən sonra Rəsulullah r bir qab istədi. Sonra onu qadınlardan birinə verib:
- “İçindəkiləri çıxar!” – dedi. (Bu mücərrəd hadisə Allahın muradı ilə müşəxxəs hala gəldi.) Qadın qabın yarısını dolduracaq qədər qan, irin və ət qusdu. Digərinə də eyni şey əmr edildi. O da qabı doldurana qədər qan və təzə ət qusdu.
Bu zaman Rəsulullah r:
- “Bunlar Allahın halal qıldığı şeylərdən imtina edərək oruc tutdular, haram qıldığı şeylərlə də oruclarını açdılar. Bir-birinin yanında oturub insanların ətini yeməyə (yəni qeybət etməyə) başladılar”, - buyurdu. (Əhməd, V, 431; Heysəmi, III, 171)
Xüşu ilə qılınan məqbul bir namaz insanı həyasızlıqdan və pis əməldən uzaqlaşdırdığı kimi haqqına riayətlə tutulan oruc da günahlara qarşı sipərdir, qoruyucu zireh hökmündədir. Necə ki, orucun fərz qılındığını bildirən ayeyi-kərimədə: “لَعَلَّكُمْ تَتَّقُونَ” buyurularaq orucdan məqsədin təqvaya çatmaq, günahlardan həssaslıqla çəkinmək olduğu bəyan edilməkdədir.[9]
Əgər tutduğumuz oruc bizdə təqva həssaslığına səbəb olmursa, halımızı gözdən keçirməliyik. Harada xətaya yol verdiyimizə baxmalıyıq. Orucun feyz və ruhaniyyətini zədələyən qüsurlarımızı düzəltməyə çalışmalıyıq. Orucun zahiri şərtləri ilə yanaşı təqva cəhətinə də diqqət etməliyik ki, bizim üçün cəhənnəmə qalxan olsun.
Haqq-Təala hər birimizə Ramazani-Şərifə layiqincə hazırlanıb onu ilahi əfv, məğfirət və rəhmətə vəsilə olacaq hal və əməllərlə əhya edə bilməyi nəsib etsin.
Amin!..
[1] Hakim, IV, 170/7256; Tirmizi, Dəavat, 100/3545.
[2] Buxari, Azan, 18.
[3] İbn Macə, Zöhd, 15.
[4] Süheyl Ünver, Bir Ramazan Binbir İstanbul, s. 64.
[5] Bax. Tirmizi, Zöhd, 47.
[6] Buxari, Ədəb, 18; Müslim, Fəzail, 65.
[7] Bkz. Buhârî, Ezan, 36.
[8] Buxari, Ədəb, 31, 85; Müslim, İman, 74.
[9] Bkz. el-Bakara, 183.
ŞƏRHLƏR