Azərbaycan Xalq Cümhuriyyətindən sonra

Azərbaycan Xalq Cümhuriyyətindən sonra

Hamımızın bildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci il 28 aprel tarixində rus-bolşevik qoşunları tərəfindən işğal edildi. Bununla da Şərqin ilk demokratik respublikasının 23 aylıq çox qısa, amma bizim üçün bir o qədər əhəmiyyətli olan müstəqillik yolunun sonuna gəlinmiş oldu.

 Maraqlıdır, müstəqilliyimizi itirdiyimiz o illərdən sonra Azərbaycan ərazisində yaşayan əhalinin rifah halı necə idi?

Bu mövzunu, təbii ki, bir çox mənbədən araşdırmaq olar. Ancaq biz sizinlə sadəcə bir mənbə haqqında məlumat bölüşmək istəyirik. Bu, 1923-1927-ci illər arasında Türkiyənin İstanbul şəhərində AXC-nin qurucularından biri olan M.Ə.Rəsulzadə tərəfindən 15 gündə bir dəfə nəşr edilən Yeni Kafkasya (Yeni Qafqaz) siyasi, sosial və ədəbi jurnal idi. Yeni Kafkasya ümumilikdə Türk Dünyasından Rusiyada qurulan kommunizmə qarşı çıxan ilk jurnal idi. Jurnalın bu dörd il ərzində 95 sayı nəşr edilib və əslində Azərbaycan mühacirət mətbuatının da başlanğıcı sayılır.

Bunu da qeyd etmək lazımdır ki, o illərdə Bakıda da rus-bolşevik rejiminin bir çox qəzeti nəşr edilirdi. Təbii ki, reallığı əks etdirmək baxımında da İstanbulda çap olunan Yeni Kafkasya jurnalının daha etibarlı olacağını düşünə bilərik.

Jurnal ilə bağlı əlamətdar hadisələrdən biri də budur ki, bu il (yəni, AXC-nin 100-cü ilində) bütün sayılar latın əlifbasına keçirilərək və müasir Türkiyə türkcəsinə uyğunlaşdırılaraq ilk dəfə dörd cild halında nəşr edildi. Türkiyənin dəyərli alimlərindən Yavuz Akpınar, Selçuk Türkyılmaz və Yılmaz Özkaya tərəfindən hazırlanan bu dörd cild ümumilikdə 1660 səhifədən ibarətdir.

İndi də bu dörd cildin sadəcə birinci cildində keçən bəzi xəbərlərdən Azərbaycanda AXC sonrası dövrdə insanların rifah halının necə olduğuna xülasə şəklində baxaq.

Xəbərlərdən birində Bakıda işsizliyin günü-gündən artdığı və iş tapmağın qeyri-mümkün olduğu qeyd olunur. İnsanların çox az bir qisminin iş tapa bildiyinin yazıldığı xəbərdə 1923-cü ilin başlanğıcında paytaxtımızda 15708, fevralında 16325, martında isə 17242 işsiz fəhlənin olduğu bildirilir (s. 30). Digər bir xəbərə görə, neft çıxardan fəhlələrin maaşları ya verilmir, ya da əksik verilirdi ki, bu səbəblə də fəhlələr işdən çıxırdı (s. 30).

Bakıda yerli əhalinin iş tapa bilməməsinin əsas səbəblərindən birinin də Sovet hökumətinin apardığı ruslaşdırma siyasətinin olduğu aydın olur. Belə ki, xəbərlərdən birində də qeyd olunduğu kimi, hər gün gəmilərlə çox sayda rus və qeyri-türk işçilər Bakıya gətirilir. Neft sektoru başda olmaqla bir çox sahəyə məhz bu işçilərin işə alındığı vurğulanır (s. 164).

Gəncədə də vəziyyətin çox fərqli olmadığını görmək mümkündür. Bir fəhlədən alınan müsahibədən aydın olur ki, Sovet hökumətinin verdiyi maaş o qədər azdır ki, insanlar çörəyi belə nisyə almaq məcburiyyətində qalır. Xəbərdə məişət şəraitinin dözülməz olduğu xüsusilə vurğulanır (s. 30).

Fərqli bir xəbərdə də Bakıda bahalılıqdan şikayət edilir. Xəbərə görə qiymətlər o qədər bahadır ki, insanların aldıqları maaş yalnız bir həftəlik ehtiyaclarına çata bilir. Bakı sadəcə bir “yoxsul işçi” mərkəzi olaraq qeyd olunur. Eyni xəbərin içində bir yandan da milliyyətçilərin Sibirə sürgün edildiyi və aqibətlərinin bəlli olmadığı yazılır (s. 337).

Bir xəbərdə isə İrandan iş tapmaq üçün Bakıya gələn on mindən çox fəhlənin işsizlik və məişət şəraitinin dözülməzliyi səbəbilə ölkələrinə qayıtmağa çalışdıqları bildirilir (s. 371).

“Azərbaycan kəndlisi nə haldadır?” başlıqlı bir xəbərdə ümumi əhalinin 80%-ni təşkil edən kənd əhalisinin vəziyyəti haqqında bolşeviklərin dedikləri ilə kəndlilərin real vəziyyəti arasında bir uçurum olduğuna diqqət çəkilir. Onsuz da əlində bir şey olmayan kəndlilərin olan-qalanını da Qızıl Ordu müsadirə edir. Kəndlilər torpaq üzərində də söz sahibi deyil və dolanışıq baxımında halları çox acınacaqlıdır. Kəndlilərin ən çox şikayət etdiyi mövzulardan biri çox yüksək vergilərin qoyulmasıdır. Eyni zamanda xəbərdə bu da qeyd olunur ki, Rusiyadan buraya köçürülən kəndlilər üçün hər cür şərait yaradılıb. Hətta onlara kənd təsərrüfatında istifadə etmək üçün 400 ədəd traktor ayrıldığı halda azərbaycanlı kəndlilərə bir ədəd belə traktor verilməyib (s. 89).

Digər bir xəbərdə isə 2.5 milyon olan Azərbaycan əhalisinin 60%-nin (1.5 milyon) malyariya xəstəliyinə tutulduğu bildirilir. Bir çox xəstəliyin yayıldığı qeyd olunan xəbərdə səhiyyə sektorunun çox pis vəziyyətdə olduğu yazılır. Eyni zamanda səhiyyəyə Sovet hökuməti tərəfindən ayrılan vəsaitdə də Azərbaycana qarşı digər ölkələrlə müqayisədə ayrıseçkilik edilir və daha az pul verilir (s. 184).

Çox qısa olaraq sizlərlə bölüşdüyümüz bu xəbərlərdən AXC sonrası dövrdə əhalinin rifah halının nə qədər acınacaqlı olduğunu anlamaq mümkündür.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz