HƏŞR VƏ NƏŞR
Ərəb dilində “həşr” kəlməsi “bir birliyi olduğu yerdən çıxarmaq”, “məskənlərindən çıxarıb başqa bir yerə göndərmək”, “sürgün etmək” və “bir yerə yığmaq” mənasına gəlir.
Dini termin olaraq “həşr” isə insanların öldükdən sonra dirilib dünyada ikən etdikləri işlərdən və söylədikləri sözlərdən ötəri sorğuya çəkilmək üçün “məhşər” deyilən yerə getmələri, burada toplanmalarıdır. Qiyamət gününə “yəvmul-bəs” (təkrar dirilmə günü) və “yəvmun-nəşr” deyildiyi kimi, “yəvmul-həşr”“ (toplanma günü) də deyilir.
“Nəşr”“ sözü isə “yaymaq”, “paylamaq” mənasına gəlir. Dini termin olaraq “nəşr” öldükdən sonra insanları təkrar diriltmək, onlara yenidən həyat vermək mənasını daşıyır.
“Sizi yaradıb yer üzünə yayan Odur və Onun hüzurunda toplanacaqsınız”. (əl-Mülk, 24)
Öldükdən sonra təkrar dirilməyə və hesab vermək üçün Allahın hüzuruna çıxmağa (nəşrə və həşrə) inanmaq iman əsaslarından biridir. Öldükdən sonra dirilməyə inana bilməyənlər barədə Qurani-Kərimdə belə buyurulur:
“Öz yaradılışını unudub, “çürümüş sümükləri kim dirildəcək?” - deyərək bizə misal verməyə çalışar. De ki: onları ilk dəfə yaradan dirildəcək. O, hər cür yaratmağı biləndir”. (Yasin, 78-79)
“Allahın rəhmətinin əsərlərinə bir bax, yer üzünü ölümdən sonra necə dirildir. Şübhəsiz, ölüləri O dirildər. O, hər şeyə qadirdir”. (ər-Rum, 50)
“Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. Bax, ölümdən sonra dirilmə də belədir”. (əl-Fatır, 9)
Allah-Təala ölümdən sonra yenidən dirilməyi hər zaman bu növ nümunələrlə insan oğluna izah edir. Maddi olan çürümüş insan cəsədinin dirildilməsini, yenə maddədən ibarət olan təbiətin dirildilməsinə bənzədir. Bu da göstərir ki, həşr “cismani həşr” şəklində olacaq.
Hesab günü
İnsanların bu dünyada ikən etdikləri yaxşılıq və pisliklərə görə axirətdə hesaba çəkiləcəkləri zaman “din günü” və ya “cəza günü” adlanır. Bu mənada “hesab günü” ifadəsi daha çox işlədilir.
Hesab gününə iman etmək İslam dininin əqidə əsaslarından biri sayılır. Bu günün haqq olduğu, bir gün mütləq reallaşacağı Qurani-Kərimdə açıqca bildirilmişdir:
“Allah hər kəsi qazandığının əvəzini vermək üçün (dirildəcək). Şübhəsiz, Allah hesabı tez görəndir”. (İbrahim, 51)
Digər bir ayədə Allah-Təala belə buyurur:
“Əlbəttə, peyğəmbər göndərilən ümmətləri də, göndərilmiş olan peyğəmbərləri də sorğu-suala çəkəcəyik. Onlara olub-bitənləri tam şəkildə mütləq izah edəcəyik. Onsuz da biz onlardan uzaq deyilik”. (əl-Əraf, 6)
O dəhşətli hesab günündə Allahın mömin qullarına qorxu yoxdur, onlar qəmgin olmayacaqlar. Dünyada ikən etdiklərinin əvəzində Rəblərinin onlar üçün hazırladığı nemətlərə sevinc içində qovuşacaqlar. Allah-Təala möminlərin bu halını belə açıqlayır:
“Şübhəsiz, iman edənlər üçün, yəhudilərdən, xristianlardan və sabiilərdən Allaha və axirət gününə inanıb saleh əməl işləyənlər üçün Rəbləri qatında mükafatlar vardır. Onlar üçün hər hansı bir qorxu olmadığı kimi, kədərlənmə də yoxdur”. (əl-Bəqərə, 62)
Onlara:
“Bu, hesab günü üçün sizə söz verilənlərdir” (Sad, 53), - deyiləcək və asan bir hesaba çəkiləcəklər. Kitabı sağından verilənlər sevinc içində olacaqlar:
“Kimin kitabı sağından verilsə, asan bir hesabla hesaba çəkiləcək və sevincli olaraq ailəsinə dönəcək”. (əl-İnşiqaq, 7-9)
“Kitabı sağ tərəfindən verilən kəs deyər: alın, kitabımı oxuyun; doğrusu, mən hesabımla qarşılaşacağımı onsuz da gözləyirdim”. (əl-Haqqa, 19-20) Beləcə, layiq olduğu cənnətə girər.
Bu dəlillərdən açıqca aydın olur ki, dünyada ikən Allaha və axirət gününə iman edərək Onun əmrlərinə tabe olan, qadağan etdiklərindən çəkinən və saleh əməl işləyən möminlər asan bir hesabdan sonra Allahın özlərinə mükafat olaraq hazırladığı nemətlərə qovuşacaqlar. Ancaq müsəlman olduğu halda mütləq surətdə cəzanı haqq edəcək davranışlar edənlərin hesabı çətin olacaq.
Hz. Peyğəmbər (s.ə.s) bir gün səhabələrinə belə sual verdi: “Müflis kimdir, bilirsinizmi?”. Səhabələr: “Bizim aramızda müflis heç bir dirhəmi və malı olmayandır”, -dedilər. Bunun üzərinə Rəsulullah (s.ə.s) belə buyurdu: “Mənim ümmətimdən gerçək müflis qiyamət günündə namaz, oruc və zəkatla gəlib onu-bunu söymüş, böhtan atmış, onun-bunun malını yemiş, qanını tökmüş, başqasını da döymüş olaraq gələndir. Ona-buna həsənatından veriləcək. Əgər hesabı bitmədən həsənatı bitsə, onların günahlarından alınaraq üzərinə yüklənəcək, sonra cəhənnəmə atılacaq”. (Müslim, Birr, 59; Tirmizi, Qiyamə, 2)
Yuxarıdakı ayə və hədislərdən çıxarılan nəticə belədir:
-Əməllərin tərəzidə çəkilməsi haqdır: Yaxşı əməli pis əməlindən ağır gələnlər sevinəcəklər.
-Əməl dəftəri haqdır: Bu dəftərə insanlara aid savab və günahlar qeyd edilir. Möminlərə sağ, kafirlərə isə sol və arxa tərəflərindən verilər.
-Öldükdən sonra sorğu-suala çəkilmək haqdır: Hər bir əməlin hesabı və qarşılığı vardır.
ŞƏRHLƏR