Azərbaycan Xalq Cümhuriyyətinin "Umuri-Xeyriyyə"si

Azərbaycan Xalq Cümhuriyyətinin "Umuri-Xeyriyyə"si

            Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifələrindən biri olmaqla yanaşı, milli-mənəvi dəyərlərimizin formalaşması və yaşadılması baxımından da böyük bir miras qoymuşdur.

 Kölgəsində müstəqil yaşadığımız üçrəngli bayrağımız, səslənəndə bizi qürurlandıran himnimiz Cümhuriyyət dövründən bu günə gələn müqəddəs miraslardandır. O illərin iqtisadi çətinliklərinə, dövlətin gəlirlərinin azlığına və gedən ictimai-siyasi proseslərin mürəkkəbliyinə baxmayaraq, dövlət və hökumət nümayəndələri xeyriyyəçilik fəaliyyətlərinə də önəm vermiş və əhalinin vəziyyətinin yaxşılaşdırılmasına xeyli vəsait ayırmışlar.

            Azərbaycanda cümhuriyyətin elanına qədərki dövrdə də insanımız kökləri tariximizə, inancımıza və ənənələrimizə söykənən xeyriyyə tədbirlərinə həmişə rəvac vermiş, Anadoluda çətin durumdakı qan qardaşlarına “Qardaş köməyi” göndərmişdir. Lakin I Dünya müharibəsində yaranmış anarxiya, özbaşınalıq, 1918-ci ildə ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları Azərbaycana böyük zərər vurmuş, əhalinin böyük əksəriyyəti yaşayış yerlərindən, əmək haqqı mənbələrindən, var-yoxundan məhrum olaraq dövlət qayğısına möhtac qalmışdı.

            Məhz bu dövlət qayğısının təmini üçün Gəncədə yerləşdikdən sonra iyunun 17-də hökumət Seymin Müsəlman Milli Şurasının nəzdindəki qaçqınlar şöbəsi əsasında Səhiyyə və Himayəçilik Nazirliyi (Umuri-Xeyriyyə) təsis etmiş və  Xudadat bəy Rəfibəyov nazir olmuşdu. Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi ilə hökumət paytaxta köçdükdən sonra bu nazirlik Səhiyyə və Himayəçilik nazirliklərinə ayrılmışdı. Himayəçilik naziri Musa bəy Rəfiyev, onun müavini isə Rüstəm xan Xoyski təyin olundu. Nazirliyin iki əsas fəaliyyət istiqaməti müəyyənləşdirilmişdi:

1. Erməni məzalimi və Anadolunun işğalı, həmçinin I Cahan Hərbi nəticəsində Cümhuriyyətə sığınan qaçqınları zəruri ərzaq və qida məhsulları ilə təmin, eləcə də onları əkinçiliklə məşğul olmaları üçün toxum və iş heyvanları ilə təchiz etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün borc vermək.

2. Azyaşlı yetim uşaqlar üçün yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəçilik fəaliyyətinə nəzarət və onun inkişafına dəstək.

            Himayəçilik müfəttişlərinin rəhbərliyində Bakı, Gəncə, Şamaxı, Nuxa, Qarabağ və Lənkəran  dairələrində, onun qəzalarında və eləcə də Zaqatala quberniyasında fəaliyyətə başladığı gündən Umuri-Xeyriyyə, anarxiya və hərc-mərclikdən zərər çəkmiş əhali ilə bağlı əvvəllər ayrı-ayrı rayonların səlahiyyətində olan bütün işləri öz əlində cəmləmiş, öz yurd-yuvalarını tərk etmiş qaçqınlara yardım təşkil etmişdir. Bu yardımlar qaçqınların hamsına deyil, yalnız imkansız və kimsəsizlərinə verilirdi.  Qaçqın kimi qeydiyyatdan keçən hər bir ailəyə yerləşdiyi ünvanı, ailə tərkibini, maddi vəziyyətini, ev əşyalarını, aldığı yardımların növü və miqdarını əks etdirən kitabça təqdim edilirdi.

            Umuri-Xeyriyyənin gördüyü işlər barədə ümumi təsəvvür yaratmaq üçün bəzi statistik məlumatlara nəzər yetirək: 1919-cu ildə kimsəsizlər, qaçqınlar və qocalar üçün açılan yeməkxanaların sayı 17, ərzaq paylama məntəqəsinin 2, çayxanaların isə sayı 5 olmuşdur.  Bu yeməkxanalarda oktyabrın 1-dək ermənilər 428214, ruslar 319019, müsəlmanlar 300936, almanlar və polyaklar 2847, ləzgilər 296, gürcülər 248, isveçlilər 225, yəhudilər 154 dəfə pulsuz yemək yemişdir. Bir büroda birləşən xeyriyyə cəmiyyətləri vasitəsilə milliyyətindən asılı olmadan ehtiyac sahiblərinə ərzaq paylanılır və maddi yardımlar edilirdi. 1919-cu ildə bu məqsədlə Rus Xeyriyyə Cəmiyyətinə 527, Erməni Milli Şurasına 517, Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinə 220, "Uşaq evi" cəmiyyətinə 80, IX sahə komitəsinə 30,Yəhudi Xeyriyyə Cəmiyyətinə 16 nəfər yetim, kimsəsiz, qoca və yoxsullar üçün; ümumilikdə 2.114.501 manat yardım göstərilmişdir. Təkcə 1920-ci ilin yanvarında Bakıda qaçqınlara, yoxsul əhaliyə müxtəlif qida məntəqələrində 30 faizi pulsuz, qalan 70 faizi isə orta hesabla 70 qəpiyə satılmaqla 103.000 pay isti xörək verilmişdir. Ümumilikdə, 1920-ci ildə aprel işğalınadək əhaliyə maliyyə yardımı kimi 3.082.000 manat ödənilmişdir.

            Qurum Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin vasitəçiliyi ilə Qarsdan pənah gətirmiş 700 müsəlman-türkün gündəlik çörək ehtiyacını qarşılamaq üçün1919-cu ilin noyabrından 1920-ci il yanvarın 1-dək 526.195 manat vəsait ayırmışdı.

            Parlamentin 19 iyul 1919-cu il tarixli iclasında Gəncə quberniyasının Zəngəzur, Cəbrayıl, Cavanşir və Şuşa qəzalarında qaçqınların daimi məskunlaşdırılması və vəziyyətlərinin yüngülləşdirilməsi üçün idarələrarası komissiya yaradılır və istifadəsinə 18 milyon 750 min manat vəsait verilir. Bu iclasda qəbul edilmiş digər bir qərarla nazirliyin Ermənistandakı nümayəndəliyinə burada zülmə və zorakılığa məruz qalan azərbaycanlı əhaliyə paylanmaq məqsədilə 3 milyon manatlıq (15 vaqon) un və taxıl yardımı göndərilir. Həmin il sentyabrın 1-dən etibarən İrəvanda müsəlmanlar üçün ambulatoriya və sonralar Amerikanın Uşaqlara Yardım Komitəsinin sərəncamına veriləcək 85 nəfərlik uşaq evi açılmışdır. Qurumun təşəbbüsü ilə 1920-ci ilin əvvəlindən parlamentdə qəbul edilmiş qərara əsasən Azərbaycan ərazisində qaçqınlara dəmir yolundan pulsuz istifadə haqqı verilirdi.

            Bütün bunlar Umuri-Xeyriyyə nazirliyinin işinə çox həssas yanaşıldığının və mümkün fədakarlıqların edildiyinin göstəricisidir.  

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz