Yeni il- köhnə dərdlər və yeni ümidlər
Hal-hazırda 2013-cü ilə yeni qədəm basmışıq. Köhnə il- 2012-ci ili yola saldıq. Həyat təqvimimizdən bir yarpaq da qoparıb tarixə gömdük. Ömrümüzün acılı-şirinli günlərinin bir hissəsini də 2012-ci ildə yaşadıq. Köhnə ili yola salarkən köhnə dərdlərlə yanaşı yeni ümidlərlə yeni ili qarşıladıq. Bu, hər ilin başlanğıcında təkrarlanan prosesdir. İli başa vurub yeni ili qarşılayırıq. Təqvimdə rəqəmlər dəyişir.
Ancaq insanların əhval-ruhiyyəsi görəsən, nə qədər dəyişir? Dəyişən təkcə təqvimdirmi, yoxsa insan həyatı da dəyişir? Təqvimin dəyişməsi insan həyatına nə qədər təsir edir? Təqvimin dəyişməsi ilə insanların xoşbəxtliyi artırmı? Yeni il gəldiyi zaman köhnə dərdlər unudulurmu? Yeni il özü ilə yeni ümidlər, yeniliklər gətirirmi? Yoxsa özü ilə yeni dərdlər, yeni problemlər gətirir? Bu sualları istədiyimiz qədər artırmaq mümkündür. Ancaq nəticə etibarilə dəyişən yenə təqvimdir.
İnsanın əhval-ruhiyyəsi sadəcə bir neçə gün yüksək olur. Bir neçə gün yeni ili şənliklə, təmtəraqla qarşılayırıq. Dərdli-dərdsiz, problemli-problemsiz insanlar belə özünü xoşbəxt göstərirlər. Hər kəsin üzündə gülüş olur. Bu, ilk baxışdan adama elə təsir bağışlayır ki, hər kəs yeni ilin gəlişinə sevinir, yeni ili qarşıladığına görə xoşbəxtdir. Ancaq əslində bir çox insana yeni ilin gəlişi heç maraqlı da deyil. Belə insanlar əsasən dərd əlindən, problem əlindən bezar olanlardır. Kimisinin köhnə ildə problemi üst-üstə artmışdır. Kimisinə köhnə il uğurlu olmuşdur. Kimisi köhnə ildə yaxınını itirmiş, kimisinin də ya övladı olmuş, ya da ailə həyatı qurmuşdur. Kimiləri üçün də köhnə il bir kabus kimi onu məngənəyə salmışdır. Bütün bunlar insanların əhval-ruhiyyəsinə təsir edən amildir.
Yeni il problemlərin heç birini həll etmir. Bu problemləri həll edən insanın əzmkarlığıdır. İnsanlar təqvim meydana gətirdilər, həyatı böldülər, zaman məfhumunu məhdudlaşdırdılar. Bu da bir həqiqətdir ki, zaman insanı dəyişir. Bəli, insan doğulduğu vaxtdan etibarən ölümə doğru gedir. İnsan zamanın necə keçdiyini sadəcə özünə güzgüdə baxdığı vaxt görə bilir. Bir zamanlar güzgüdə özünü uşaq gördüyü halda, bir vaxtda da özünü cavan, gənc və qoca görəndə artıq zamanın keçdiyini anlayır.
Bəzən insanlar yeni ili heç arzulamırlar. İnsanların arzuladığı təqvimin dəyişməsi deyil, həyat şəraitinin dəyişməsidir. İnsanlar rahat həyat axtarırlar. İnsanlar öz arzularına, istəklərinə qovuşmaq istəyirlər. Dərdli adamlar üçün nə fərqi var ki, yeni il gəldi, köhnə il getdi. Əsas odur ki, köhnə dərdlər getsin, onun yerini yeni ümidlər, xoşbəxtlik tutsun. İnsanlar təqvimdə rəqəmlərin dəyişməsini yox, həyat şəraitinin gözəlləşməsini istəyirlər. Hər kəs rahat yaşasın, hər kəs öz istəyinə qovuşsun. Bəli, insanlar əsas bu istiqamət üzrə özləri üçün yeni il münasibətilə şənliklər qururlar. Ancaq nəticə etibarilə dəyişən yenə təqvim olur. Yeni il gəlir, ancaq köhnə dərdlər, köhnə problemlər getmir. Bəlkə də bir az da çoxalır. Çünki həyat şəraiti get-gedə çətinləşdikcə çətinləşir. Yeni ümidlər sadəcə xəyallarda, ürəklərdə qalır. Sadəcə müəyyən bir hissəsi həyata keçir.
Yeni il yeni həyat demək deyil. Sadəcə insanların şüurunda müəyyən zaman məfhumundan digər zaman məfhumuna keçiddir. Dərd orasıdır ki, yeni ili təmtəraqla qarşıladığımız halda bu yeni il bizim problemlərimizi təmtəraqla həll etmir. Ona görə də yeni ili həmişə olduğu kimi köhnə dərdlərlə və yeni ümidlərlə qarşılayırıq və bundan sonra da ömrümüzün yetdiyi qədər də belə qarşılayacağıq.
Deməli, köhnə il özü ilə köhnə dərdləri, köhnə problemləri aparmır. Əksinə, onları bizə yadigar qoyub özü gedir.
ŞƏRHLƏR